İnsanlara hürriyət, millətlərə istiqlal!

Sertifikasiya sualları standartlara uyğun deyil və ya onlar müəllimliyə necə qəbul olunublar?

Yenə sertifikasiya, yenə söz-söhbət, yenə müəllimlərin rəğbətini qazanmaq üçün populist fikirlər...

Yazının başlığına çıxardığım sualı uzun illər təhsil naziri işləmiş hörmətli Misir Mərdanov verib. Açığı, bu gün hamını bu sual düşündürür. Bu müəllimləri işə kim, niyə və necə qəbul edib? Gəlin kimin necə və niyə qəbul etməsini bir kənara qoyaq, amma bu müəllimlər 10-15 ildir, necə işləyib, nə tədris edib? Niyə üzərlərində işləməyiblər, keçən dəfə sertifikasiya imtahanından kəsiləndən sonra niyə normal şəkildə hazırlaşmayıblar?

“Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Qeyd olunub ki, onlardan 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub”.

Nəzər alaq ki, bu müəllimlərə bir il güzəşt verilmişdi, çünki keçən il keçid balını keçməmişdilər.

Hörmətli Misir müəllimin sualına cavabla başlayaq. Bəli, yəqin ki, bu nəticə göstərənlərin əksəriyyəti məhz Misir müəllimin nazir olduğu dövrdə universiteti bitirib diplom alan və işə düzələnlərdir. Məhz o adamlardır ki, əri, qayınatası, atası tərəfindən müxtəlif yollarla məktəbə baş qatmaq, evdə qalıb darıxmamaq üçün işə düzəldilib. Düzdür, məhz o dövrdə hərə bir yolla işə düzəlirdi, istedadlılar da, istedadsızlar da. O istedadlılar öz üzərlərində işlədi, inkişaf etdilər, digərləri isə, elə doğrudan da, baş qatdı, vaxt keçirtdilər. Bunların birbaşa günahkarı keçmiş nazirdirmi, əlbəttə ki, yox. Amma və lakin dolayısı ilə və ya birbaşa səbəbkarlardan idi və bu danılmazdır. Məsələn, mən də Misir müəllimin dövründə universitet bitirən, məhz onun dövründə də işə düzələn müəllimlərdən idim. Mənə görə, mən uğurlu müəlliməm. Onda bunun da səbəbkarı Misir müəllimdir? Əlbəttə ki, yenə yox. Onu da nəzərə alaq ki, o dövrlər işə qəbulu nazirlik yox, yerli qurumlar, maarif müdirləri, məktəb direktorları icra edirdi.

Amma bu gün yaşadığımız bu problemin səbəbi, əlbəttə ki, təhsilimizin sistemsiz və hədəfsiz olmasıdır. “Karvan yolda düzələr”, – deyib baş alıb gedən təhsil sistemi. Məktəbi laboratoriyalara çevirən sistem. Bir türk aktyoru demişkən: “Təhsil sisteminin iki problemi var: “təhsil” və “sistem”. İkisi də problemdir”. Dünənki, bugünkü təhsilimiz də, sistemimiz də problemlidir. Müstəqillik qazanandan sonra keçən 33 ildə yığılıb qalan problemləri bir gündə həll etmək mümkün deyil. Və bu acını, ağrını yaşamaq məcburiyyətindəyik. Bu vəziyyətin günahkarı isə sözsüz ki, uzun illər əlində imkan olan təhsil idarə edənlərdir. Niyə universitetlərimiz bu gündədir, niyə o universitetləri o cür savadla bitirə biliblər, niyə o cür vəziyyətdə işə götürülüblər, niyə indiyə qədər də işləyiblər. Cəmiyyətin hər dəfə narazı olduğu təhsilin problemləri təməlindən başlamayıbmı? Əlbəttə ki, bu gün yaranan mənzərədə suallar yaranacaq, kimdir müqəssir? Bir onu bilirəm ki, mən deyiləm.

Düzdür, 3909 nəfərin bu ağır zamanda işsiz qalması insan olaraq adamı ağrıdır. Heç bir halda ürəkaçan mənzərə deyil. Amma 3909 nəfər müəllimi ən az 20 nəfər şagirdə vursaq, 78180 edir ki, bu da gələcəyin 78000 ailəsinin savadsız olması deməkdir. Düşünürəm ki, bir təhsil mütəxəssisi olaraq bu prosesdə nazirliyin bu addımını sadəcə dəstəkləmək və çıxış yolları göstərmək lazımdır. Çünki yaranı daşımaq olmaz, ya sağaldacaqsan, sağalda bilmirsənsə də, kəsib atacaqsan. Bu fikrim də ağırdır, bilirəm, amma məcaz kimi başa düşək.

Suallar necə imiş, imtahan hansı şəraitdə aparılıb, kim edib o imtahanı?

Suallara baxdım, bununla bağlı fikrimi aşağıda qeyd edəcəyəm. Bir neçə dəfə də sertifikasiya imtahanlarına müşahidəçi kimi dəvət olunmuşam. Şəraitdə hər hansı bir problem olduğunu görmürəm. Amma kimin o imtahanı etməsi, sualları hansı prinsiplərə əsasən hazırlaması məni də maraqlandırır. Gələk sualın birinci hissəsinə. Mətnə yerləşdirəcəyim bir sualla, linkdən isə bütün suallarla tanış ola bilərsiniz. Mənə görə, o suallara cavab verməyən müəllimi heç bir halda müəllim kimi məktəbə buraxmaq olmaz. Çünki sualların hamısının cavabı 3 – 4-cü sinif dərsliklərində var; orta və asan səviyyəlidir. Halbuki müəllimə bu cür sual verməzlər. O, universitet bitirmiş mütəxəssisdir, 7-8 yaşlı uşaq yox. Ortabab bir sinfə bu sualları yazdırmaqla durumun nə qədər faciəvi olduğunu görmüş olarıq. Düzdür, tez-tez qınaq obyektinə çevrilən müəllim bu sualların paylaşılmasını, təbliğ edilməsini özünə sığışdırmır, çünki “niyə həmişə biz?” – sualı onu narahat edir. “Məgər cəmiyyətin başqa problemi yoxdur ki, hər dəfə müəllim şişə taxılıb qızardılır?” – deyə etiraz edir, bəlkə də, haqlıdır. Amma Elm və Təhsil Nazirliyi də haqlıdır ki, suallara baxmayan və sadəcə populist çıxışlarla haqsız tənqid edildiyini gördüyü üçün sualları cəmiyyətə açıqlayıb; hətta statistikası ilə birgə. Məncə, bunda da problem yoxdur, bir növ şəffaflıqdır və təşəkkür düşür.

İbtidai sinif Azərbaycan dili fənnindən bir sualı sizinlə bölüşürəm:

1. Hansı sözdə incə sait uzun tələffüz olunur?
Yanlış cavablandırma və ya boş qoyma: 51 % – 1868 nəfər
A) məktəbli
B) gündəlik
C) maraqlı
D) xüsusi
E) ecazkar

Bu sualdan da görünür ki, imtahan verənlərin 51 faizi suala düzgün cavab verməyib. Mən cavabı yazmıram, yazını oxuyanlar tapsın, özünü yoxlasın, bu suala cavab verə bilməyən şəxsin müəllim işləməsini isə özü dəyərləndirsin. Sualları bir-bir izah etmək fikrində deyiləm, amma suallar yetərincə sadədir ki, bunu da neçə illər müəllim işləmiş şəxsin yaza bilməsi mümkün idi. Azərbaycan dilində vəziyyət belədirsə, siz riyaziyyatın halına düşünün...

Suallarla tanış olmaq istəyənlər üçün linki də paylaşıram: Ibtidai-sinif-08.06.2024_Azərbaycan_dili.pdf

Amma mən burda sualları hazırlayan qurumun və ya şəxslərin işini heç bir halda yüksək qiymətləndirə bilmərəm. Ona görə yox ki suallar asandır, ona görə ki suallar heç bir halda günün şərtlərinə cavab vermir və müasir standartlara uyğun deyil. Sualların, demək olar ki, 99 %-i dil bilgisi, nəzəriyyə üzərində qurulub. Elm və Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qoyduğu tələblər gözlənilməyib. Belə ki, həmin sənəddə qeyd edilir ki, sual bölgüsü aşağıdakı kimi olmalıdır: oxu 8, yazı 2, dil qaydaları 10. Hanı bizim on ildən çox danışdığımız təfəkkür məktəbi, hanı bizim çevik zəkalı uşaqlar yetişdirmək arzumuz, hanı bizim vətəndaş yetişdirmək sevdamız? Sait və samiti, isim və sifəti əzbərləməklə insan yetişdirmək olarmı? Qətiyyən yox. Hanı müəllimlərə verilən təlimlərə yönəlik suallar? Bilirəm, kimsə deyəcək ki, tapşırıqlar mətnlər üzərində və ya məntiqi verilsə idi, nəticə daha da bərbad olardı. O işin bu işə heç bir dəxli yoxdur. Axı Azərbaycan dilinin 4 məzmun xətti var: oxuyub-anlama, dinləyib-anlama, yazı qaydaları və dil qaydaları. Bu vacib məzmun xətlərindən ilk ikisi harda qaldı? Niyə onları ölçən suallar tərtib edilməyib?

Bu sualların tərtib edilməsi onu göstərir ki, bu işi həyata keçirən qurum heç elm və təhsil nazirinin mətbuata etdiyi çıxışları belə dinləmir, fikirləri ilə belə tanış deyil. Axı əlimizdə olan dərsliklər və onların metodik vəsaitləri bunu tələb etmir. Biz müəllimə deyirik, sinifdə başqa şey keç, mən sənə başqa suallar verəcəm. O zaman müəllim niyə özü hazırlaşdığı istiqamətdə dərs keçməsin ki? Bu suallar sanki onu ifadə edir ki, biz dilçi yetişdirmək istəyirik, adam yox. Bütün suallar dilçilik üzərində qurulub və ən yaxşı halda müəllimin dil qaydalarını yoxlaya bilər. PISA-da uzun illərdir, sonuncu yerdə olmağımızın səbəbi bu deyilmi? Çox təəssüf edirəm ki, dərslik siyasətinə cavab verməyən dil qaydalarına aid suallar üzərində aparılıb sertifikasiya. 25 sualdan cəmi iki sual Elm və Təhsil Nazirliyinin apardığı siyasətə uyğundur. Çıxışlarından birində Emin müəllim demişdi ki, əksəriyyət oxuyub-anlamağı bacarmır. Əmin olun ki, bu suallara cavab verən müəllimlər də oxuyub-anlama bilməyən əzbərçi nəsil yetişdirəcək.

Kurikulum layihəsi on beş ildir ki, həyata keçirilir və təfəkküryönümlü məktəbə keçirik deyə-deyə dilimizdə tük bitdi. Təfəkküryönümlü məktəbə keçiddə isə müəllimin də təfəkküryönümlü olması və dərslərə də praktik yanaşması vacib amillərdən biridir.

Çox təəssüf edirəm ki, məhz nazirin kütləyə qarşı cəsarətli duruş göstərib nələrisə dəyişmək istəyinə yenə yerlərdəki kadrlar “oxuyub-anlama” bacarığı nümayiş etdirmir.

Belə ki, mənə görə, sertifikasiya təhsilin vazkeçilməzlərindən biridir, hətta olmazsa olmazıdır. Niyə? Çünki sertifikasiya həm təhsilin keyfiyyətini ölçür, həm müəllimlərin öz üzərində işləməsini təşviq edir, həm də ki müəllimlərin haqqı olan maaşlara təsir edən məsələlərdən biridir. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin neçə illərdir, həyata keçirdiyi sertifikasiya prosesini alqışlayıram. Ona da ümid edirəm ki, yaxın illərdə biz sertifikasiyada yeni mərhələyə keçid edəcəyik, müəllimin yalnız bilik yox, pedaqoji, metodoloji və yaradıcı bacarıqlarını, psixoloji durumunu, məktəbdəki performansını da qiymətləndirmənin tərkib hissəsinə daxil edib daha obyektiv dəyərləndirmə aparacağıq.

Sertifikasiya imtahanının ilkin mərhələsində aparılan müşahidələrdən çıxan nəticə belədir ki, imtahanqabağı və sonrası aparılan qaralama kompaniyası iflasa məhkumdur. İmtahandan yüksək bal toplayanların özünəinamı, digərlərinin də hazırlaşma mərhələsində əldə etdikləri bilik və bacarıqlardan yaranan öyrənmə həvəsi əsassız giley-güzarı kölgədə qoyacaq. Digər tərəfdən öz bacarığına inanan müəllim daim öz üzərində işləməklə inkişafını, əməyinin daha yüksək əməkhaqqı ilə dəyərləndirilməsini təmin edəcək. Bu isə müəllimin əməyini stimullaşdırmaqla yanaşı digər təhsilverənlər üçün nümunə olmaqla təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək. Düşünürəm ki, imtahan nəticəsində yaranan müəllim özünəgüvəni gələcəyin azad və müstəqil müəllimini formalaşdırır. Azad düşüncəli müəllimin yetişdirdiyi vətəndaş da azad olacaq. Bu baxımdan sertifikasiya imtahanı haqqında qərar hədəfə köklənmiş, uzun proses tələb edən bir qərardır. Lakin fikirləşirəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.

Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.

Pedaqoji heyətin dəyərləndirilməsi aşağıdakı meyarlar üzrə ümumi 100 ballıq şkala ilə qiymətləndirilir. Bura aiddir:
Pedaqoji işçinin

- balabilgə dəyərləndirilməsi – 30 bal;

- özünüqiymətləndirmə – 10 bal;

- rəhbərlik qiymətləndirməsi – 10 bal;

- müəllimin peşəkar inkişaf portfoliosu – 50 bal.

Bununla bağlı təklifimlə ətraflı tanış olmaq istəyənlər “Azərbaycan müəllimi” qəzetindəki (https://muallim.edu.az/news.php?id=25898) yazımı oxuya bilərlər.

101549567_2928490000538990_88771.jpg (213 KB)

Şəmil SADİQ
Təhsil texnoloqu, dosent

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR