İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədi bilinməyən Ermənistana ən böyük təhlükə – Ermənistan Konstitusiyası

Dünyada Ermənistan qədər özünü dolaşığa salan ikinci “bambılı” ölkə yəqin ki, yoxdur. Diqqət edin, bu baş tutmamış, formal dövlət BMT-yə, ATƏT-ə bir ərazi ilə - 29.7 min kv km-lə üzv olubsa, hazırkı konstitusiyasına görə, şahəsı 34.1 min kv km-dir – keçmiş “Dağlıq Qarabağ”la (4.4) birgə.

Təbii ki, “Əsas Qanun”da Türkiyənin “qərbi ermənistan” adlandırılan 6 vilayəti istisnadır. Onu da (186.5) əlavə etsək, təxminən 220.6 min kv km (!) olar.

Sərhədləri bilinməyən dövlət. İndi əgər sən öz dövlət sərhədinin hardan keçdiyini bilmirsənsə, dəqiqləşdirməyə çalışmırsansa, ümumiyyətlə, ciddi və məsuliyyətli dövlət olmağa can atmırsansa, heç nə olmamış kimi, qonşuların qanuni torpaqlarını rəsmən özününkü sayısansa, həmin “sərhədlər”ə başqaları, özəlliklə qonşular hansı məntiqlə hörmət etməlidir?..

Yaxşı ki, heç olmasa, ağlı az-maz yerində olan ermənilər kapitulyant Ermənistanın varlığına ən böyük təhlükənin Azərbaycan və Türkiyədən deyil, Ermənistanın beynəlxalq hüquqa zidd konstitusiyasından qaynaqlandığını etiraf edirlər. Erməni bloger və ictimai xadim İşxan Verdyan kimi.

Verdyan deyir: “Ermənistan Konstitusiyası ilə bağlı vəziyyət konkretdir. Əsas məqam ondan ibarətdir ki, bu sənəd beynəlxalq hüquq kontekstində Ermənistanın dövlət təhlükəsizliyinə zidd olmaqla yanaşı, ölkənin dövlətçiliyinə qarşı işləyənlərin əlinə alət verir, şərait yaradır. Əgər hər şeyi öz adı ilə çağırsaq, Ermənistanın “Əsas Qanun”u Ermənistanın özünün mövcudluğunu şübhə altına alır” (Caliber.az).

Bloger ardınca haqlı olaraq bildirir ki, fərqli, leqal (hüquqi) inkişaf yolu seçmiş bir ölkə üçün bu, böyük problemdir: “Belə şəraitdə konstitusiyanı dəyişməyi hökumət bir nömrəli prioritet elan etməlidir”.

Amma elan etmir. Buna “praqmatik” Nikol Paşinyan hakimiyyəti də cəsarət etmir. Görəsən niyə?

Verdyan səbəbi bizə əslində çoxdan tanış olan xroniki “erməni xəstəliyi” ilə izah edir: “Bu, baş vermir, əsas da həyata ənənəvi erməni baxışına görə. Bu da ondan ibarətdir ki, Azərbaycan nə təklif verir-versin, bəri başdan qəbuledilməzdir. Təəssüf ki, belə zərərli praktika Ermənistanda indi də aktualdır. Hətta baş nazir Nikol Paşinyan da xüsusən əsas məsələlərdə buna əməl edir. Ermənistanın nöqteyi-nəzərincə, Azərbaycan hətta müsbət təşəbbüs də göstərməməlidir. Çünki həmin müsbət təşəbbüs qəbul edilsə, ermənilərin gözündə bu, “Bakının dudkasına oymamaq” kimi qəbul olumnacaq”...

Beləcə, əsrlərdir xeyirlə şərini ayırd edə bilməyən hay toplumunun iqtidarlı-müxalifətli ən böyük problemi, yaşadıqları bəlaların tək nədəni bu: “Bizə Türkdən yaxşılıq dəyə, Türkdən dost çıxmaz” xəstə yanaşması. Nəsildən-nəslə ötürülən və az qala, artıq milli kod xarakteri almış patoloji düşüncə. Lap dəqiqi, özün özünə qəmim kəsilmə.

Bu anormal təfəkkürün, xroniki psixi mərəzin, ruhi xəstəliyin nəticəsidir ki, Ermənistan daim özünə ağa axtarışındadır. Bir qucaqdan başqasına tullanır. Guya özünə güclü təhlükəsizlik qarantorları tapmaq istəyir, gerçəkdə isə onun ən etibarlı varlıq zəmanətçiləri qonşu Azərbaycan və Türkiyə ola bilər.

Əks halda, formal Ermənistan da olmayacaq...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR