Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, ötən həftə Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb. Hərbi qulluqçu Salmanov Ziyad İlqar oğlu xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya tuş gələrək xəsarət alıb. Onun həyatı üçün təhlükə yoxdur. Beləcə, müharibədən 4 il keçməsinə baxmayaraq, Ermənistanın “mina terroru” davam etməkdədir. Hətta şərti sərhədi də minalayıblar.
Statistik məlumata görə, 2020-ci ilin noyabr ayından 2024-cü ilin 30 noyabr tarixinədək ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 176 237 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
Azərbaycandakı mina qurbanlarının sayı 3400 nəfərdən artıqdır. Onların 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 10 noyabr 2020-ci ildən bugünədək 382 nəfər mina partlayışının qurbanı olub. Onlardan 70 nəfəri həlak olub, 312 nəfəri xəsarət alıb.
O da məlumdur ki, Ermənistanın verdiyi mina xəritələrinin 90 faizi saxta çıxıb. İşğalçı ölkəni silahlandıran dövlətlərin isə mina terroruna susqunluğu davam edir.
Bəs bu problemin həllində bizə əsasən hansı ölkələr kömək edir? Ərazilərimizin minalardan təmizlənməsi üçün beynəlxalq dəstəyi necə ala bilərik?
Hafiz Səfixanov
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Musavat.com-a açıqlamasında bildirib ki, minaların təmizlənməsində Azərbaycana Avropa İttifaqı və “Team Europe” proqramı çərçivəsində onun 10 üzv dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Böyük Britaniya, ABŞ, Yaponiya və Türkiyə dəstək göstərib: “Müharibə bitdikdən sonra mina problemi ilə bağlı əməkdaşlıq etdiyimiz bütün beynəlxalq təşkilatlara müraciət etdik. Bu fəaliyyət hökumət strukturları tərəfindən də həyata keçirilir.
Beynəlxalq praktikada ölkələr arasında dövlət sərhədinin minalanması məsələsi digər ölkələrdə də var. Məsələn, Hindistan-Pakistan sərhədində 2 milyon mina var. Ermənistanla Türkiyənin dövlət sərhədində də minalar yerləşdirilib. Onlar hələ SSRİ dönəmindən qalıb. Bəlkə də Ermənistan sonradan onları yeniləyib. Türkiyə Ottava konvensiyasının üzvü olduğu üçün öz tərəfində minaların təmizlənməsini həyata keçirib. Bu, Suriya və İraqla sərhəddəki minaların təmizlənməsinə də aid idi.
Ölkələr Minalar Əleyhinə Konvensiyaya qoşulduqdan sonra onların qarşısında şərt qoyulur ki, onun yuridiksiyası altında olan bütün ərazilərdə minalar tapılıb məhv edilməlidir".
H.Səfixanov bildirir ki, Azərbaycan hökumətinin təzyiqi nəticəsində 2021-2022-ci illərdə bəzi beynəlxalq aktorlar prosesə qoşulub və Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur edib: “Ermənistan aktorların təzyiqi nəticəsində Azərbaycana xəritələri təqdim etdi. Bu xəritələr keçmiş təmas xəttinə aid olan əraziləri - Araz çayından başlayaraq Murov dağına qədər olan hissələri əhatə edir. Buraya 44 günlük müharibənin gedişində minalanan ərazilər daxil deyil.
Müvafiq qurumlar həmin xəritələri yoxlayanda məlum oldu ki, bəzi yerlərdə heç 25 faizlik dəqiqlik yoxdur. Təşkilatımız monitorinq keçirəndə aşkarlandı ki, 71 kilometr əraziyə aid, xüsusən də Xocavənd, Goranboy və Kəlbəcərdəki minalı ərazilərin xəritələri Azərbaycana verilməyib.
Xəritələrdən əlavə verdikləri formulyar sənəd heç 2 faiz dəqiqlikdə deyil. Ən böyük problem keçmiş təmas xəttini keçəndən sonra başlayır. Qarabağa insanlar qayıtdıqca, infrastruktur layihələri həyata keçirildikcə həmin ərazilərdəki minalar böyük çətinliklər yaradacaq. Təəssüf ki, o ərazilərə aid Azərbaycana heç bir sənəd verilməyib".
Birlik sədrinin sözlərinə görə, şərti sərhəddə mina basdırılması qəti doğru addım deyil: “Hər mina partlayışı sülh müqaviləsini müəyyən qədər geri atır, etimadı azaldır. Şərti sərhəddə minalar konfilikt başlayan dövrdə qoyulub. Əraziləri minalardan təmizləmək ən çətin, çox vaxt və maliyyə vəsaiti aparan işdir. Azərbaycanda minaların təmizlənməsi BMT standartları ilə həyata keçirilir. Rəsmi səviyyədə bir neçə il bundan əvvəl minaların təmizlənməsi üçün 30 il vaxtın və 25 milyard dolların lazım olduğu bildirilmişdi. Lakin o vaxtdan bu günə kimi canlı qüvvələrin, siçovulların və maşın mexanizmlərinin sayı artırılıb. Bu da müddətin azalmasına təsir edən amillərdəndir”.
Həmsöhbətimiz deyir ki, beynəlxalq aləmin minaların təmizlənməsində Azərbaycana dəstəyi yetərli deyil: “Azərbaycan beynəlxalq ictimaiyyətdən problemin həlli üçün tələb olunan vəsaitin indiyə kimi 4-5 faizini ala bilmişik. Yerdə qalan 95 faiz işlər isə dövlətimizin öz büdcəsi hesabına görülür.
Azərbaycan Minalar Əleyhinə Konvensiyaya qoşulmalıdır. Əgər həmin konvensiyanın üzvü olarsaq, onun 6-cı maddəsinə əsasən beynəlxalq birlikdən daha artıq maliyyə vəsaitini tələb edə bilərik. İndiki məqamda Azərbaycan bu konvensiyaya qoşula bilmir. Lakin onu dəstəkləyir və tələblərini könüllü şəkildə yerinə yetirir. Hətta konvensiyaya üzv dövlətlərdən daha çox iş görür.
Hazırda Azərbaycana verilən vəsaitlər hansısa ölkələrin bu və ya digər maraqları, yaxud da xoşməramlı niyyətləri ilə bağlıdır".
Şahanə RƏHİMLİ,
Musavat.com
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ