Onlayn ictimai-siyasi qəzet
Şahin Mustafayev Qriqoryanla sərhədlərin delimitasiyasını müzakirə etdi
Sülh prosesini pozmaqdan ötrü hər cür bəhanələr uyduran Nikol Paşinyan hakimiyyəti vəziyyəti gərginləşdirmək üçün ən müxtəlif absurdlara baş vurur. Ermənistan baş nazirinin müavini, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın rəhbəri Mher Qriqoryanın ofisi Qazax rayonunun işğal altında saxlanılan kəndlərinin qaytarılması ilə bağlı avantürist məlumat yayıb.
Mher Qriqoryanın ofisindən "AzadlıqRadiosu"nun Ermənistan xidmətinin sorğusuna cavabda qeyd edilir: “Azərbaycanın 4 kəndi tələb etməsi əslində Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin ərazisinin "işğalı"nı tanımaqdan imtina etdiyini və Bakının öz qoşunlarını Ermənistan ərazisindən çıxartmaq niyyətində olmadığını təsdiq edir. Azərbaycan Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin həyati əhəmiyyət kəsb edən ərazilərinin Azərbaycanın “işğal”ı altında olduğunu etiraf etməkdən imtina edərək Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızl Hacılı toponimlərini irəli sürür", - deyə baş nazirin müavininin ofisindən bildirib. Ermənistan hökumətinin yaydığı məlumatda Qazax rayonunun qeyri-anklav kəndləri Tavuş vilayətinin əraziləri kimi təqdim edilir. “Məsələn, Gürcüstana gedən dövlətlərarası yol Aşağı Əskiparanın yaxınlığından keçir”, - deyə qeyd edilir. Mher Qriqoryanın ofisi Ermənistanın 31 kəndlə bağlı tələblərini də izah edib. Hökumətdən göndərilən cavab məktubunda şərti sərhədə yaxın 31 kəndin ərazisinin bir hissəsinin guya hələ 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı, digər hissəsinin isə 2021-2022-ci illərdə Azərbaycanın işğalı nəticəsində Azərbaycanın nəzarətinə keçdiyi iddia edilir. Mher Qriqoryanın Aparatının açıqlaması rəsmi mövqeyi əks etdirdiyi üçün Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiası kimi qiymətləndirilə bilər. Yəni rəsmi İrəvan Azərbaycanın işğal altında saxladığı 8 kəndini nəinki qaytarmaq istəmir, üstəlik, həmin yaşayış məntəqələrini Ermənistan ərazisi kimi təqdim edir.
Bu arada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan “Yerablur” panteonunda jurnalistlərlə söhbətində deyib ki, Ermənistan Silahlı Qüvvələri düşmənin hərəkətini izləyir, hazırda heç bir cəmləşmə yoxdur. O, Azərbaycanın sərhədə qüvvə toplamadığını bildirib. “Mən əməliyyat şəraitini nisbətən stabil qiymətləndirirəm”, - deyə Asryan bildirib. Azərbaycanın mövqelərinin Nerkin And kəndinə yaxın yerləşməsinə gəlincə, Baş Qərargah rəisi jurnalistlər arasında maarifləndirici proqram keçirmək qərarına gəlib və təmas xəttinin nə olduğunu izah etməyə başlayıb. General deyib: “Təmas xətti elə bir quruluşdur ki, orada həm bizim, həm də düşmən tərəfin mövqeləri yerləşir və əgər düşmənin 20 mövqeyi varsa, yəqin ki, bizim tərəfdə də o qədərdir, onların sayını açıqlamayacağıq”. Maraqlıdır, Ermənistan bir tərəfdən təbliğat aparır ki, Azərbaycan müharibəyə hazırlaşır, Ermənistana hücum edəcək, indi də Baş Qərargah rəisi kimi rəsmi adam deyir ki, sərhəddə Azərbaycan tərəfdən qoşunların toplantısını görmür. Bütün bu iddialar, eyni zamanda həm kəndlər, həm qoşun məsələsi barədə nə demək olar? Proseslər hara aparır, növbəti əməliyyatamı? Bu arada, Ermənistanın müdafiə nazirinin Tehrana səfəri və görüşləri də diqqətdən kənarda qalmamalıdır. Bundan əvvəl Fransa və Yunanıstanın müdafiə nazirləri Ermənistana “operativ”cəsinə səfərlər etdilər. Beləliklə, rəsmi İrəvan “Fransa-Yunanıstan-İran üçbucağı”nda nələrsə qarışdırmaqdadır. Amma şübhə yoxdur ki, bütün bu planlar onun öz başında çatlayacaq, 44 günlük müharibədə olduğu kimi, Ermənistanı xilas edən olmayacaq.
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında rəsmi İrəvanın destruktiv fəaliyyəti barədə faktları sadaladı: “Ermənistan rəhbərliyi hər dəfə yeni rəqəm göstərməklə birinci dəfə deyil ki, torpaqlarını Azərbaycanın işğal etdiyini bildirir. Maraqlıdır ki, bunların uydurma "soyqırım qurbanları"nın sayı ardıcıl artdığı kimi - öncə onlarının sayını 300 min, ardından 600 min, sonra 1 milyon göstərirdilər - indi də 1,5 milyon olduğunu deyirlər və yəqin 2050-ci ilə qədər yarım milyon da artar - guya işğal altında olan torpaqlarının da sahəsi öz-özünə genişlənir. Xatırlayırsınızsa, əvvəllər 100-120 kv.km ttp://kv.km/, sonra 150 kv.km ttp://kv.km/ torpaqlarını “işğal” etdiyimizi bildirirdilər, ötən ilinin noyabrına xarici işlər naziri bu rəqəmi qaldırıb etmişdi 200 kv.km ttp://kv.km/, indi 170-ə salıblar. Əgər bir ölkənin keçmiş sərhəd qoşunları komandanı, general-mayor rütbəsi daşıyan biri çıxıb öz televiziyalarında İkinci Qarabağ savaşında uduzmalarının səbəbini ötən əsrin 90-cı illərinin əvvəlində ölkələrinə qıraqdan nəsə gətirilməsi nəticəsində o zaman doğulanların bir çoxunun başqa gen daşıması ilə əlaqələndirirsə və oradakı toplum bu sayıqlamaya normal yanaşırsa, belə xəstə zehniyyətlilərin digər uydurmalarına təəccüblənmək lazım deyil. Sadəcə, rədd edilməlidir, necə ki, edilir". S.Alıyev rəsmi Bakının qəti mövqeyinə diqqət çəkdi: “Azərbaycan ən yüksək səviyyədə bildirib ki, Ermənistanın bir kəndini belə işğal etməyib və şərti sərhədlərdə o mövqelər ki, bizdədir, oradan bir addım da geri çəkilməyəcəyik. Amma işğal altında olan 8 kəndimiz var ki, mütləq azad edilməlidir. Xatırladım ki, cənab İlham Əliyev həmin kəndlərin işğal altında qalmalarının bizim üçün dözülməz olduğunu bildirib və çox ehtimal ki, Münxendəki görüşdə Paşinyanın qarşısında tezliklə həmən kəndlərin boşaldılması tələbi qoyulub. Mən belə düşünürəm ki, Azərbaycanın bu tələbində haqlı olduğunu elə Münxendə Paşinyana digər görüşdükləri də başa salıb. Və onlar Makronla birgə bu tələbdən boyun qaçırmağın yolu kimi Qərbin informasiya resurslarında Ermənistanın 31 kəndinin "işğal" altında olmasının qabardılması qərarına gəliblər. Paşinyanın işğal xəritəsi də məhz onun “Azərbaycanla sülh mümkünsüzdür” dediyi Paris səfərindən sonra meydana çıxdı. Halbuki kəndlərinin adını həmin xəritədə görən bir çox haylar buna etiraz edirlər ki, Paşinyanla Makronun birgə uydurmaları əhali arasında yersiz təşvişə səbəb olur". Deputatın sözlərinə görə, Paşinyanın xəritəsi, Mher Qriqoryanın ofisinin bizim 8 kəndi özlərininki kimi təqdim etməsi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın sərhəddə Azərbaycan qoşunlarının toplandığını görməmələri haqda dediklərinin arxasında eyni niyyət dayanır: “Sual olunur, Azərbaycan qoşunları sərhədə niyə toplanmalıdır ki? Axı biz ən yüksək səviyyədə bildirmişik ki, heç kimin torpağında gözümüz yoxdur. Amma Ermənistanın sürətlə revanşizmə hazırlaşdığını görməmək mümkünsüzdür. İşğal altındakı 8 kəndimizi qaytarmaq əvəzinə, 31 kənd uydurması da bu məqsədlə dövriyyəyə buraxılıb. Fransanın müdafiə naziri İrəvanı tərk edər-etməz Yunanıstanınkı orada peyda olur. İndi də Ermənistanın müdafiə naziri Suren Papikyan ən dar vaxtlarında onlara hamıdan, hətta Rusiyadan da çox kömək etmiş İrana gedib. O İrana ki, həmin Fransanın Ermənistandakı səfiri bir çox məsələlərdə aralarında fikir ayrılığı olsa da, regiondakı proseslərə yanaşmada eyni mövqedə olduqlarını bildirir. Əgər İrandakı bu rejimi quranın inqilab zamanı Tehrana hansı ölkədən gəldiyini xatırlatsaq, görərik ki, əslində Fransanın bizim regionda "bacı"lıq etdiyinin sayı bir yox, ikidir. Və belə görünür ki, “böyük bacı” başda olmaqla, onların heç biri regionda sülhün olmasını istəmir. Təbii ki, biz bunu seyr etməklə kifayətlənməyəcəyik. Hər halda, Azərbaycan və Türkiyənin yüksək rütbəli hərbçiləri ayda az qala 2-3 dəfə elə-belə bir araya gəlmirlər. Ona görə də Əsiryan soyadı daşıyan hay generalı bizim sərhədə qoşun yığıb-yığmamağımızı izləməkdənsə, “böyük bacı”ların təkidi ilə savaşa başlayacaqları halda sağ qalıb-qalmayacağı, yaxud da əsir düşüb-düşməyəcəyi haqda fikirləşsə, daha yaxşı olar. Bir zaman Xankəndidən Azərbaycanı hədələyənlər indi onlar haradadır?"
Politoloq Məhəmməd Əsədullazadə xatırlatdı ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən il Ermənistanın ərazisinin 29,8 min kv. km olduğunu və buraya Azərbaycanın anklav kəndlərinin daxil olmadığını qeyd edib: “Ermənistan tərəfi anklavları və Qazağın bitişik 4 kəndini işğalda saxladıqlarını rəsmən qəbul edib. Ermənistan tərəfi həmin kəndləri Azərbaycanla sövdələşmədə istifadə etməyə çalışır. Onların 31 kənd iddiaları əsassızdir və sərhəd xətti təyin olunmayıb. Ermənistan Birinci Qarabağ müharibəsində ərazilərimizi işğal edərək "sərhəd"ini Beyləqan tərəfindən çəkmişdi və dövlətlərarası sərhəd xəttini tanımırdı. Bu gün Azərbaycan şərti sərhəddə yerləşib və bir addımda geri çəkilməyəcək. İrəvan çalışır ki, 8 kəndi Azərbaycanın strateji yüksəkliklərdən geri çəkilməsi şərtilə qaytarsın. Hər halda, Ermənistanın istədiyi budur. Əlbəttə ki, absurd təklifləri var. Nikol Paşinyan əvvəl qeyd edirdi ki, Başkəndlə mübadilə edilə bilər. Cənab Prezident İlham Əliyev də Başkənd məsələsini gündəliyə çıxardı. Göründüyü kimi, Ermənistan tərəfi yenə manipulyasiya edir. Azərbaycana qarşı işğal siyasətini davam etdirir və sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. İrəvan sərhədlərin delimitasiyası və demarkasiyasında maraqlı deyil". Ekspert qeyd etdi ki, Azərbaycan sülhə sadiqdir və sülh imkanları üçün bütün şəraiti yaradıb: “Məhz Ermənistanın baş qərargah rəisi də ifadə edib ki, siyasi hakimiyyət Azərbaycana qarşı müharibə hazırlığındadır. Faktiki olaraq səsləndirdiyi arqumentlər bu ölkənin siyasətini faş etdi. Azərbaycan sərhəddə heç bir qoşun toplamadığını rəsmən elan edib. Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı bütün təbliğatları iflas olur. Çünki bu ölkə sülhdə maraqlı olarsa, əlavə iddialar irəli sürməz”. Politoloq qeyd etdi ki, Ermənistan tərəfi Azərbaycanla danışıqlardan yayınsa, Azərbaycana da sülh lazım deyil: “Əgər təxribatlara əl atarsa, cavab sarsıdıcı olacaq və Ermənistan növbəti məğlubiyyətə uğrayacaq. Azərbaycan, ümumiyyətlə, müharibədə maraqlı deyil. Ermənistan tərəfi isə silahlanır, əldə olunmuş razılaşmaların ziddinə gedir. Ermənistan sülhdə maraqlı deyil və düşünürəm ki, yaxın perspektivdə nə sülh, nə də müharibə olacaq”.
7 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə yeddinci görüş keçirilib.
Modern.az xəbər verir ki, görüş Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə keçirilib.
Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.
Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
E.PAŞASOY,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ