İnsanlara hürriyət, millətlərə istiqlal!

Sentyabr anlaşması nədən pozuldu? - Türkiyə və Rusiya yenə üz-üzə qalıb

Son 10 ildə dəfələrlə soyuqlaşan-istiləşən Türkiyə-Rusiya münasibətləri yenidən fəsil dəyişdirib – bu qızmar yay günlərində iki ölkənin arasına aysberq girib, soyuq yellər əsir.

Buna səbəb odur ki, “Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən, Rusiya əsirliyindən azad edildikdən sonra Türkiyəyə verilən və uzun müddət orada bu ölkənin xüsusi xidmət orqanlarının nəzarətində yaşayan ukraynalı komandirlər artıq Ukraynaya qayıdıblar.

Onları Türkiyəyə səfər edən və prezident Rəcəb Tayyib Ərdoğanla anlaşan Ukrayna prezidenti Volodimir Zelenski alıb aparıb.

azzzov.jpg (61 KB)

Siyahıda beş hərbçinin ad-soyadı var: “Redis” ləqəbli “Azov”un komandiri Denis Prokopenko, “Volina” ləqəbli 36-cı əlahiddə dəniz briqadasının komandiri vəzifəsini icra edən Sergiy Volınski, “Azov” komandirinin “Kalina” ləqəbli müavini Svyatoslav Palamar, Ukrayna milli qvardiyasının mayoru Oleq Xomenko, Ukrayna milli qvardiyasının polkovniki Denis Şleqa. Onları Ukraynada qəhrəman sayırlar və bu şəxslər gerçəkdən də Mariupolu işğal etmiş rus ordusuna 3 aya yaxın müddət ərzində təslim olmadan rəşadətlə vuruşublar.

Rusiya isə öz vətənini qoruyan bu şəxsləri hərbi cani hesab edir, ancaq o vaxt onları Kremlpərəst siyasətçi, prezident Putinin şəxsi dostu olan və Ukrayna hüquq-mühafizə orqanları trəfindən vətənə xəyanətdə ittiham edilərək saxlanılan Viktor Medvedçukla dəyişmək lazım gəldi. Bu şəxsin azad edilməsini öz şərəf məsələsi hesab edən Putin Türkiyənin vasitəçiliyi ilə buna nail oldu. Əsirlərin dəyişdirilməsi Ukraynaya da sərf edirdi. Çünki heç nəyə yaramayan bir mülki deputatı Rusiyaya verəcək, əvəzində 5 qəhrəman zabiti labüd ölümdən xilas edəcəkdilər. Bu “alış-veriş” zamanı Putinin əsas şərti beləydi ki, “Azov” komandirləri müharibə qurtarana qədər vasitəçi ölkədə - Türkiyədə yaşayacaqlar. Elə də oldu. Türkiyə zabitləri qəbul etdi və onlar üçün sanatoriya şəraiti yaratdı. Bir qədər sonra komandirlər ailələri ilə də qovuşdular.

 azovaile.jpg (10 KB)

Ancaq hadisələr elə cərəyan etdi ki, ötən il sentyabr ayının 21-də əldə olunan razılığın “Azov” komandirləri ilə bağlı şərti bu günlərdə pozuldu.

İndi Rusiya rəhbərliyi bundan narazıdır. Prezident Putin dost münasibətlərində olduğu Ərdoğandan belə bir hərəkəti gözləmədiyini büruzə verir. Onun sözçüsü Dmitri Peskov isə bu fikirdədir ki, “Azov” komandirlərinin Ukraynaya verilməsi bu ölkənin müharibədə düçar olduğu uğursuzluqlarla bağlıdır – yəni hərbi kadrları çatışmır.

Eyni zamanda Ərdoğanın bu addımı atmasının əsas səbəbinin Vilnüsdə keçiriləcək NATO sammitindən öncə ABŞ və digər ölkələrin təzyiqinə məruz qalması olduğu bildirilir və Rusiya tərəfi bunu anladğını qeyd edir.

azov.jpg (52 KB)

Gerçəkdən də Qərbin həm Türkiyəyə, həm də Rusiyaya təzyiqi misli-bərabəri olmayan miqyasdadır. Bu iki ölkənin təbii müttəfiqlərə çevrilməs çoxdandır ABŞ və Avropa tərəfindən kəskin şəkildə qınanılır. ABŞ və Avropanın Türkiyədən tələbi odur ki, Ankara birmənalı olaraq Qərbin tərəfini tutsun. Ərdoğan isə lap əzəl gündən Ukrayna və Rusiya arasında həlledici seçim etmədən, hər ikisi ilə eyni məsafədə durmağa çalışır, eyni zamanda nə Rusiyanın hərbi aqressiyasna dəstək vermir, nə də Ukrayna rəhbərliyinin bitib-tükənməyən arzularını həyata keçirmir. Ukrayna, konkret olaraq, prezident Zelenski istəyir ki, Türkiyə Ukraynaya görə Rusiya ilə düşmən olsun.

Türkiyə isə öz dövlət maraqlarını güdür, öz xalqının mənafeyini düşünür və iki slavyan qardaşın arasına girərək müharibə iştirakçısı olmaq istəmir.

Bu üzdəndir ki, döyüşən tərəflər – həm Rusiya, həm də Qərbin hər cür yardım göstərdiyi Ukrayna vaxtaşırı Türkiyəyə diş qıcayırlar, gah onun neytral mövqe tutmasını, vasitəçiliyini təqdir edirlər, gah da konkret onların tərəfini tutmadığı üçün hiddətli bəyanatlar verirlər.

Hazırkı qalmaqal - “Azov” komadirlərinin Ukraynaya qaytarılması həmin intriqalı münasibətlərin növbəti mərhələsidir. Amma bu, keçicidir. Bir neçə gündən sonra bütün qovğalar, söz-söhbətlər unudulub gedəcək.

prdoput.jpg (87 KB)

Son illərdə 20 dəfəyə yaxın görüşmüş, telefonla danışmış Ərdoğan və Putin yenə də görüşüb-danışacaq, müzakirə aparacaq, aralarında yaranmış problemi həll edəcəklər.

Onların ikisinin də başqa yolu yoxdur. Qərb dövlətləri onların ikisini də sevmir, ikisinə də qarşıdırlar.

İndiyədək bu iki lider bir neçə dəfə daha gərgin situasiyalardan az zərərlə çıxıblar. Əvvəlcə Rusiyaya məxsus qırıcının Suriya-Türkiyə sərhədi üzərində Türkiyənin dəstək verdiyi hərbi qruplar tərəfindən vurulması ilə bağlı qalmaqal baş vermiş, iki ölkə mühaaribə astanasına qədər gəlib çıxmışdı. Yarım ildən çox çəkən münaqişə vəziyyəti axırda zor-güc həll olundu.

694c5316-13c9-3921-bf5a-73beea480dab_850.jpg (58 KB)

Daha sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada sərgi zamanı güllələndikdə isə, gözlnildiyinin əksinə olaraq, Putin və Ərdoğan dərhal anlaşdılar, bu təxribatın iki ölkənin arasını tamamilə vurmaq, onları müharibəyə cəlb etmək məqsədi daşıdığını bildilər və uyğun addım atdılar.

Bu baxımdan onların növbəti dəfə anlaşacağı ehtimalı böyükdür. Bir sözlə, “Azov” komandirlərinin Ukraynaya qaytarılması hadisəsi iki dövlət arasında böyük ixtilafa səbəb olmayacaq. Çünki ortada iki dövlət ümdə mənafeləri var və onlar bir-birindən faydalanmağa məcburdurlar. Ayrıca, dünyada getdikcə təklənən Rusiyaya qulağının dibində yeni düşmən lazım deyil.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR