Onlayn ictimai-siyasi qəzet
44 günlük Qarabağ müharibəsində simvol adamdır şəhid Xudayar. Onu dinləyəndə sanki bütün şəhidlərimiz nisgili gözümüzün önünə gəlir, həm də o səbəbdən simvollaşıb Xudayar...
Xudayarın anası Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlərə görə bir nəfər həbs edilib. Radə Qurbanovanın şikayəti əsasında saxlanılan ondan və bütün şəhid ailələrindən üzr istəyib, nəsə bəhanə də gətirib. Məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Şəhidilərimizin anasını təhqir etmək nədir? Haradan əmələ gəlir belə tiplər, nə yeyirlər, nə içirlər, “kafalaramı gözəl?”. Başları yerə batsın...Bundan əvvəl də belə hadisələr olub. Belələri bu vətənin suyunu içib, bu vətənin çörəyini yemirlərmi? Bunu qansız adam edər. Onlar üçün başlarına çəkib içdikləri “Coca-Cola” vətən torpağına tökülmüş qandan daha “qiymətlidir”...
Belələri çox deyil, amma var. Onların hamısını ifşa etmək mümkün də deyil. “Əşi, onsuz da erməni qaçırdı də..” deyənlərlə rastlaşmadıqmı? Hara qaçırdı erməni ay, namərd? Xudayarlar olmasaydı, torpaqlarımızda hələ də kef edirdilər. O səbəbdən də hər qarış torpağımıza görə şəhidlərə borcluyuq, onları böyüdən ana-ataya minnətdarıq...
Bu həm də bu il, bundan sonrakı il belə olmamalıdır. Həmişə belə olmalıdır! Kimsə illər keçsə də, şəhidimizin ruhunu incidəcək, onun ana-atasının könlünə dəyəcək bir söz belə deməməlidir! Buna haqqı yoxdur! Heç kimin haqqı yoxdur!
Onlar bizim dəyərlərdir, namusumuzdur! Bizim torpaq adlanan namusumuzu düşmən əlindən xilas edənlərdir şəhidlər, şəhid Xudayar... Onlar bu xalqın ən dəyərli vətəndaşları, ən unudulmayacaq qəhrəmanlarıdır!
Hələ də aldığı düşmən gülləsindən gözünü aça bilməyən qazilərimiz var. Hələ ayaq üstə dayana bilməyən igid oğlanlarımız iki qoltuq ağacına möhtac olduğu, düşmənlərin az qala hər tərəfdən üstümüzə hürdüyü bir vaxtda bu cür yaramazlıqlar necə qanına toxunmasın? Bu boyda itkilərimiz var, dağ kimi oğlanlarımız şəhid olub, anların gözyaşı hələ qurumayıb. Amma bu cür şarlatanlar ortaya çıxırsa, demək biz nəyisə düz etmirik, haradasa qanunda boşluq var...
Bütün böyük müharibələrdən sonra bu cür yaramazlıqlar ortaya çıxıb. Məsələn, Almaniya və Vyetnam müharibəsinin qəhrəmanları ölkəyə qayıdıb nişanlılarının fərarilərin tovlayıb özlərinə arvad etdiklərini görüblər. Əfqanıstan müharibəsi də belə gerçək tale hekayələri ilə doludur. Amma bunlar hamısı “yad müharibələrdir”. Qəhrəmanları gerçək olsa da, nə SSRİ bizim həqiqi vətənimiz idi, nə Vyetnamdakı amerikalı əsgərləri. Amma Qarabağ müharibəsi bizimdir, bizim dərdimizdir, orada qanı tökülən, ayağını, gözünü itirən bizim qardaşlardır- sənin, mənim, onun, hamımızın!
30 illik qara işğal tarixini o şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qızıl səhifəyə çevirdik. Bükülən belimiz onların sayəsində dikəldi, qırılmış qürurumuz bir xalq olaraq onların sayəsində yenidən dirçəldi...
Bu, ictimai qınaqla, 15-30 sutkalıq həbslə düzələsi iş deyil. Belələrini bu yolla “tərbiyə” etmək heç gərək də deyil. Xudayarın anası niyə şikayət ərizəsi yazmalıdır ki? Şəhid deyiriksə, bu vətən uğrunda canını verib deyiriksə, Xudayar təkcə anasının, qardaşının, qohumlarının deyil. O bizimdir! Niyə ərizə yazmalıdır, niyə rəsmi şikayət etməlidir? Xəbərdarlıq kifayət etməlidir ki, o kimdirsə çağırıb salasan “içəri”. Deyəsən ki, sən o şəhid anasının əlindən öpməliykən, onun yaralı ürəyinə niyə dağ çəkirsən?
Dövlət baba şəhidinə də, qazisini də sahib durur. Amma dövlət şəhidinə, qazisinə dili uzadanlardan da qorumağa borcludur. Biz şəhidlər haqda xüsusi qanun qəbul etməliyik, onları toxunulmaz elan etməliyik. Qanunla, konkret maddə ilə cəzası bilinməlidir. Qoy gedib, “içəri”də desinlər ki, maddələri nədir...Yoxsa, bu cür hədyanlar hələ də olacaq.
Nazim SABİROĞLU,
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ