İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümovun məhkəməsi 10-cu dəfə təxirə salındı - 20 milyon oğurlayan sabiq nazirə  böyük güzəştin sirri  

 

Mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi növbəti -10-cu dəfə təxirə salınıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesdə vəkillər iştirak etməyib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Qarşıdakı həftədə növbəti prosesin təyin olunacağı gözlənilir.

Səlim Müslümovun cinayət işi üzrə materiallar 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Az sonra, avqustun 8-də hakim Faiq Qəniyevin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası keçirilməklə məhkəmə baxışına başlanıb. Məhkəmə başlanmazdan əvvəl Səlim Müslümov dövlətə vurduğu 20 milyon manat ziyanı tam şəkildə ödədiyindən onu həbsdən azad edib ev dustaqlığına buraxıblar. İş məhkəmədə araşdırılarkən Səlim Müslümovun nazirliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev də dövlətə vurduğu ziyanı tam şəkildə ödəyib. İstintaq materiallarına görə, o, Aparat rəhbəri vəzifəsində olarkən əlinə keçən 500 min manat büdcə vəsaitini mənimsəyib. Maraqlıdır ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevi bundan sonra ev dustaqlığına buraxmadılar. Bu gün Səlim Müslümovun cinayət işi üzrə məhkəmədə paradoksal vəziyyət yaranıb - 20 milyon manatı mənimsəmiş nazir azadlıqda, ondan 19 milyon 500 min manat az mənimsəmiş aparat rəhbəri isə həbsdədir.

Bu haqda yazmışdıq, bir də bilməyənlər üçün yada salaq ki, 20 milyon çəki baxımından da 500 min manatdan ağırdır. Femidanın bir əlinə 20 milyonu, o birinə də 500 min manatı versək, heç şübhəsiz ki, ağırlıq çəkib ədalət ilahəsinin əlinin üzünü 20 milyon tərəfdə yerə vurmalıdır. Ağırdır axı. Mənimsəmə cinayətinin ağırlığı da elə bu məbləğə bərabərdir. Əjdər Ol da, Səlim Müslümov da əlini xalqın cibinə salıb, oğurluq ediblər. Səlim Müslümov razılaşmasaydı, “dabro” verməsəydi, Əjdər Ol uzağı 5 min, lap elə 50 min manatı çırpışdıra, oğurlaya bilərdi. Əldə etdiyimiz məlumata görə, Səlim Müslümovun rahat şəkildə məhkəmədən azadlığa buraxılmasının səbəbi də məhz Əjdər Olla bağlıdır. Səlim Müslümovu azad etmək niyyəti ortada olsa da, Əjdər Olla bağlı belə bir mövqe yoxdur. Bildirilir ki, hakim ötən il dekabrın 26-da məhkəmə istintaqının yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib. Prokuror məhkəmədən vaxt istəyib. Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib. Tərəflər hazır olardısa, proses dekabrın 30-da davam etdirilməli idi. O gün bu gün, proses uzandıqca uzanır. Halbuki lap uzağı fevralın əvvəlində dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyə bilərdi. Lakin bu günə qədər dövlət ittihamçısı çıxış etməyib. Hər dəfə müxtəlif bəhanələrlə proses uzanır. Səlim Müslümovun cinayət işi üzrə məhkəmənin yekun hökmü verilmir. Məsələ həll edilib - Səlim Müslümov necə lazımdırsa, pulları elə də ödəyib. Onu məhkəmə zalından azad etməlidirlər. Bu halda Əjdər Ol da məhkəmə zalından azad olunmalıdır. Əks halda, çıxarılan hökm elan edildiyi andan şübhə altına alınacaq. Bunu hakim də, prokuror da, Səlim Müslümov da yaxşı bilirlər. Səlim Müslümov Əjdər Ol “aşırımını” aşmasa, yaxın illərdə məhkəmə qapılarını gəzmək məcburiyyətində qalacaq. Yada salaq ki, Səlim Müslümovun cinayət işi üzrə sonuncu proses mayın  5-də baş tutub. Ondan əvvəlki prosesdə isə hakim Faiq Qəniyev proses başlayan kimi deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər aprelin 17-nə təyin olunan prosesin təxirə salınmasını istəyirlər. Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər. Buna görə də proses aprelin 28-dək təxirə salınıb.

Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. Onun rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf edilmiş yolla dövlətə 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbayel Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən, sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

 

Elşən MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR