İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid övladlarının təhsil xərclərinə sərf olunan məbləğ açıqlandı

"27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 104 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb".

Musavat.com-un məlumatına görə bu məlumatı "YAŞAT" Fondunun illik hesabat konfransında fondun rəhbəri Elvin Hüseynov açıqlayıb: "Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 1 347 611.19 AZN təşkil edir. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 339 və yaralıların 93 müraciəti olmaqla ümumilikdə 432 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 581.99 AZN vəsait qarşılanıb. Təhsil haqqının qarşılanması üzrə 242 müraciət Fond tərəfindən, 114 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri)".

E. Hüseynov qeyd edib ki, 7 dekabr 2022-ci il tarixinədək “YAŞAT” Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, "Hədəf "liseyi, "Kaspi" tədris mərkəzi, "Evrika" liseyi və "Dünya" məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb: "Bununla yanaşı “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group” və “Data Science Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub. Rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilərək, ümumilikdə 72 şəxsin (43 şəhid ailə üzvü və 29 yaralı) hesabına vəsait köçürülüb. 2021-2022-ci tədris ili üzrə 49 şəxsə (31 şəhid ailə üzvü və 18 yaralı), 2022-2023-cü il tədris ili üzrə isə 23 şəxsə (12 şəhid ailə üzvü və 11 yaralı) 2000 AZN vəsait köçürülüb.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR