İnsanlara hürriyət, millətlərə istiqlal!

5 il öncə Zəngəzura buna görə girmədik – Mirzəyanın bir sözünə SÖZARDI

“Əsas problem onilliklərdir davam edən münaqişənin psixoloji yüküdür. Qan yaddaşı var. Barışıq vaxt aparacaq və gündəlik səy tələb edəcək. İstənilən tərəfdən aqressiv ritorika kömək etmir”.

Bunu dünən Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Polşanın “TVP Vörld” (TVP World) telekanalına müsahibəsində “iki xalq arasında barışığa əsas nə mane olur” sualına cavabında söyləyib.

Razılaşmaq olar. Əlbəttə, nə vaxtsa sülh müqaviləsi imzalana, sərhədlər açıla, diplomatik əlaqələr qurula bilər. Amma iki Qarabağ müharibəsinin vurduğu dərin mənəvi yaraların tezliklə sağalması çox çətin, hətta mümkünsüz görünür. Xüsusən də Azərbaycan xalqı üçün.

Hardasa bütöv bir nəsil dəyişməlidir. Çünki biz ermənilərə tarix boyu yaxşılıqdan savayı heç bir pislik etməmişik. Soyqırımları, etnik təmizləmə, digər bəşəri və hərbi cinayətlər, ağlasığmaz vəhşiliklər törətməmişik. Nə edibsə, onlar edib. Xocalını, Başlıbeli, Meşəlini, Daşaltını yada salmaq kifayətdir. İndi “Ermənistan” adlanan qədim Türk yurdunun necə monortnik respublikaya çevrildiyini də unutmamışıq.

WhatsApp Image 2025-10-03 at 16.33.03.jpeg (70 KB)

Erməni tərəfi isə aldığı ağır cəzalara görə (İstər Türkiyədə olsun, istərsə də Azərbaycanda) yalnız özünü günahkar bilməli, öz nankorluğunu yadına salmalıdır. Məhz Moskvanın, erməni lobbisi və kilsəsinin, daşnakların fitnəsinə uyub sərsəm ideyalar dalınca gedən, qonşu xalqların əzələli torpaqlarına göz dikən onlar olub. Beynəlxalq hüquqa sayğılı olan Azərbaycanın isə heç vaxt kiminsə ərazisində gözü olmayıb, yoxdur - o torpaqları ermənilər haqq etməsə də. Yoxsa 44 günlük müharibədə ordumuz rahatca Ermənistana girər, qısa zamanda ən azından, Zəngəzur dəhlizini götürərdi...

Odur ki, Mirzəyanın dediyi “psixoloji yük”dən qurtuluşun 99 faizinin məsuliyyəti Ermənistanın və onun hələ də revanşizmdən, “miatsum” mərəzindən qurtula bilməyən cəmiyyətinin üzərinə düşür. O cəmiyyət ki, orda Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarının, gerbdən Ağrı Dağının təsvirinin çıxarılmasına hələ də ciddi müqavimət var. O toplum ki, Paşinyanın iki qonşu ilə düşmənçiliyə son qoymaqla bağlı gündəliyi satqınçılıq kimi qiymətləndirilir.

WhatsApp Image 2025-10-03 at 16.33.17.jpeg (89 KB)

Hələ onu demirik ki, Ermənistan faktiki terrorçu- quldurlara qoyulmuş heykəl və komplekslərin əsl “qoruğuna” çevrilib. Sonuncusu belə bir abidə məhz Paşinyan dönəmində - 2023-cü ilin aprelində, saxta “soyqırımının” növbəti ildönümü ərəfəsində İrəvanda ucaldılıb. “Nemezis” kompleksini nəzərdə tuturuq. Ondan illər öncə isə başqa bir türk düşməni və uşaq qatili, “axırıncı türk lal, kar, kor da olsa öldürülməldiir” murdar irqçi şüarının müəllifi Qaregin Njdeyə yenə İrəvanda heykəl qoyulub və o ziyarətgaha çevrilib...

Yeri gəlmişkən, iki gün qabaq İrəvanda ibrətamiz bir olay yaşanıb. 7 erməni “veteranı”, yəni Azərbaycan xalqına və dövlətimizə qarşı işğalçı müharibənin iştirakçıları onlara verilən medalları Paşinyan hökumətinin siyasətinə etiraz olaraq hökumət binası önündə tullayıblar.

WhatsApp Image 2025-10-03 at 16.33.39.jpeg (184 KB)

Əslində düz ediblər. O medallar sinədə yox, zibillikdə, ayaq altında olmalıdır! Amma ardınca həmin separatçı-quldurlar öz əməllərinə görə peşmançılıq bildirilsəydilər, bu, bir az da məntiqli olardı. Daha bir səbəbə: o medallar tayqulaq Andronikin və faşist Njdenin adınadır!!

Dünyada tolerantlığı, insansevərliyi və böyük mədəniyyəti ilə tanınan Azərbaycan xalqının bu kimi problemləri yoxdur. Deməli, nə qədər ki, ermənilər xəstə təfəkkürdən, milli qəhrəman saydıqları terrorçu-nasistlərdən, uydurma qəhrəmanlıq tarixi və miflərdən könüllü imtina etməyib, nə qədər ki, Ermənistanda müharibə cinayətkarlarına və canilərə qoyulan abidələr qalır, iki xalqın düşmənçiliyi də bitməmiş sayılacaq – bütün nəticələri ilə birgə...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR