Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 9-dan Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi istiqamətində hərəkət edən avtobuslar günlərdir ciddi problemlə üzləşirlər. Sakinlərin sözlərinə görə, bir neçə yolun kəsişməsində toplanan su nəqliyyatı iflic edib, avtobusların hərəkətini mümkünsüz hala gətirib.
Musavat.com xəbər verir ki, paytaxta yağan son yağışların ardından yaranan gölməçə hələ də ərazidən çəkilməyib.
Sakinlər bildirirlər ki, bu vəziyyət aylarla davam edir və hər an faciə ilə nəticələnə bilər. Onların sözlərinə görə, avtobusda sərnişin sayı bir qədər çox olduqda nəqliyyat vasitəsinin yolda batması və hətta aşması real təhlükəyə çevrilir.
Bununla bağlı geniş videoreportaja linkdən baxa bilərsiniz: https://musavat.com/news/sakinler-ve-suruculer-her-an-olumle-uz-uze-bakixanov-yolunda-felaket-video_1205397.html
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Musavat.com-a verilən cavabda bildirildi ki, yaranmış vəziyyətlə bağlı məlumat aidiyyəti quruma çatdırılıb:
“Qeyd etdiyiniz və digər ünvanlarda yaranan problemlə bağlı aidiyyəti dövlət qurumu - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məlumat verilib. Problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq quruma məlumat təqdim olunub. Həllinə köməklik göstərilməsini xahiş etmişik”.
Məsələyə münasibət bildirən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə qeyd edib ki, sözügedən ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi və drenaj sistemi mövcud deyil:
“Buna baxmayaraq, Sabunçu rayon Sukanal İdarəsinin qəza briqadası dəfələrlə həmin ünvana cəlb olunub, suyun texnika vasitəsilə çəkilməsi işləri icra edilib. Hazırda da məsələ diqqətdə saxlanılır və müvafiq işlər görüləcək”.
Qurumdan həmçinin bildirilib ki, təchizat sistemi olmayan ərazilərdə, o cümlədən qeyd olunan ünvan da daxil olmaqla, ADSEA-nın sifarişi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası ərazinin relyefi, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçiriləcək. Şəbəkələrin inşası isə agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Afaq Mirayiq,
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ