İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəşər Əsəd nə zəhərlənib, nə də zəhərləyiblər, bu, Rusiyanın “oyunudur””

Ötən gün Rusiya mediasında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin zəhərlənməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, o, zəhərlənmə diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Reanimasiyada müalicə aldıqdan sonra Əsəd xəstəxanadan evə buraxılıb. Həkimlər onun vəziyyətini stabil kimi qiymətləndiriblər.

Bəs Rusiyada Bəşər Əsədi kimlər və niyə zəhərləmək istəyib?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb.

qabil.jpg (172 KB)

Politoloq Bəşər Əsədin zəhərlənməsini “oyun” adlandırıb:

“Fikrimcə, Rusiya bununla oyun oynamağa başlayıb. Mən hesab edirəm ki, Bəşər Əsədi heç kəs zəhərləməyib, o, elə bir yerdədir ki, onu Rusiyadan başqa heç kəs zəhərləyə bilməz. Rusiyanın indiki maraqları üçün də ölən və ya sıradan çıxan Bəşər Əsəd lazım deyil. Rusiyanın bu oyunu o səbəbdən qurduğunu düşünürəm: Suriyanın yeni hakimiyyəti Bəşər Əsədin Suriya üçün məsuliyyəti və hərəkətləri barədə iddialar qaldırıb və Rusiyaya müraciət edib. Bu kontekstdə Rusiya Bəşər Əsədin Suriyaya geri verilməməsi üçün mürəkkəb, çoxsəviyyəli siyasi manevrlər həyata keçirir.

Mənim fikrimcə, bu, xəstə bir taktika, reanimasiya səylərinin siyasi leqallaşdırılmasıdır. Tezliklə belə bir versiya da ortaya atıla bilər: guya Bəşər Əsədin ayaqları tutulub, gəzmək və ya danışmaq iqtidarında deyil, yəni müxtəlif xəstəliklər və fiziki məhdudiyyətlər onun adına yazılacaq, bununla da onun Suriyaya qaytarılmamasına dair bəhanə yaradılacaq.

Rusiyanın məqsədi budur ki, Suriyanın yeni rəhbərliyinin iddiaları və Rusiyanın Suriyada iştirakı ilə bağlı məsuliyyətin üzərinə düşməsin”.

Politoloq hesab edir ki, Bəşər Əsədin Suriyaya qaytarılması Rusiyaya böyük zərər verə bilər:

“Çünki Rusiya ilə Bəşər Əsəd rejimi əlbir şəkildə orada hərbi qüvvələrdən istifadə edib, böyük insan itkisinə və kütləvi zorakılığa yol verib. Hətta kimyəvi silahların istifadəsi iddiaları da ortaya çıxıb və bu kimi iddiaların izahı, sübutu meydana çıxanda Rusiyanın Suriya ilə bağlı beynəlxalq məsuliyyəti daha da artacaq. Buna görə də Moskva üçün ən rahat yol - bu tip iddiaların ortaya çıxmasını önləmək deyil, əksinə, bəhanələr yaratmaq və Bəşər Əsədin sağlamlıq məsələlərini siyasi qalmaqala çevirərək onun geri qaytarılmasının qarşısını almaqdır.

Qısa desəm, Rusiya özünü bəraətə çıxarmaq üçün belə bir taktika seçib və bu oyunda əsas məqsəd Suriyada baş verənlərə görə beynəlxalq məsuliyyətdən yayınmaqdır.

Mənim qənaətim odur ki, Rusiya Bəşər Əsədi Suriyaya qaytarmayacaq və bunun üçün müxtəlif siyasi manevrlərdən istifadə edəcək”.

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR