İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın yuxusunu qaçıran klub - gözlə, "Atletik", "Qarabağ" gəlir...

Qurban Qurbanov Çempionlar Liqasının çeyrək final vədini də verir; artıq dünya liqanın sürprizinin “Qarabağ” olduğunu qəbullanıb

“Qarabağ” Azərbaycan futbolunun tarixinin özüdür. Bunu Ağdam təmsilçisi oktyabrın 1-də bir daha təsdiqlədi. Çempionlar Liqasının Liqa mərhələsinin ikinci oyunu və ikinci qələbə. Bu, sadəcə fantastikadır. Cəmi 24 milyonluq büdcə ilə “Köhlən atlar” yüz, iki yüz milyonluq klublara bu mesajı verir: “Bura Tofiq Bəhramov adına Respublika stadionu” giriş var, amma çıxış yox...”

Bir sözlə, əfsanəvi məşqçimiz Qurban Qurbanov daha bir nəhəng klublardan sayılan Danimarka çempionu “Kopenhagen”i devirdi.

QURBAN SON.jpg (40 KB)

Qürur yerimiz olan “Qarabağ”ın aktivində 6 xal var və yüz faizlik nəticə ilə Liqa mərhələsində çıxış edən 36 klub sırasında 6-cı yerdədir. Bu, futbolu demək olar ki, çox aşağı səviyyədə olan bir ölkə üçün fantastik, möcüzəvi nəticədir. Amma “Qarabağ” bunu bacardı.

İndi növbəti rəqib İspaniya nəhənglərindən sayılan “Atletik Bilbao”dur. Oktyabrın 22-də səfərdə keçiriləcək oyunda yenə də hər kəs qələbəyə köklənib.

Oyundan sonra jurnalistlərin suallarına cavab verən Qurban Qurbanovun dedikləri təbii ki, hər kəsi maraqlandırırdı. Axı bu sirrin kökündə nələr dayanır?

Sitat: “Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə idilər. Gözəl qələbə oldu. Futbolçular “Kopenhagen”dən çəkinmədilər. Həddindən artıq ciddi mübarizə apardılar. Belə oyunlarda bir an olur ki, buna dözmək lazımdır. İkinci hissədə bunu hiss etdik. Rəqib riskə getdi. Top itkilərimiz oldu. Bu cür mübarizə aparmaq qarşıdakı oyunlarda bizə fayda verəcək. Yaxşı oyun və möhkəm mübarizə oldu. Rəqib komandanın baş məşqçisi ilə də danışdım. İş prinsipləri ilə maraqlandıq. Onlara uğurlar arzu edirəm, pozitiv kollektiv idilər.

Bəlkə hamıda belə inam olmaya bilərdi. Ancaq məndə həmişə inam olub. Ötən il çox yaxşı oyunlarımız olmuşdu, amma qələbə uzaq idi. İnam var idi ki, oyunumuzu qoruyub-saxlasaq, bir az da mübarizəni yaxşılaşdırsaq, nəticələri yaxşılaşdıra bilərik. İşimə həmişə inamla yanaşıram. Meydanda da onlara bunu tövsiyə edirəm. İnam yoxdursa, bu oyunu oynamaq olmaz. Futbol kollektiv oyunudur. Biri çəkinsə, uğur əldə etmək olmaz. Düzdür, hər şeyə real baxmaq lazımdır. Amma meydana inamsız çıxmaq olmaz. Dəfələrlə olub ki, məğlub olsaq da, mübarizə aparmışıq. 6 xalı bəlkə gözləməzdim, amma inanırdım”.

“Futbol ölkəsi olmayan bir ölkədə UEFA-nın nüfuzlu turnirində liderlər qrupunda olmaq necə hissdir” sualına Qurban Hocanın cavabı belə olub:

“Çox gözəl, çox xoş. Azərbaycanın “Qarabağ”ıyıq. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də təbrik edib, təşəkkür edirəm. Məsuliyyətimiz daha da artır. Uğur olan yerdə diqqət, təbriklər, xoş sözlər daha çox olacaq. Lakin bunlar bizi yanıltmamalıdır. Uğurun uğursuzluğu da var. Buna hazır olmalıyıq. Hər bir halda, Türkiyədə nümunə göstərilmək, “Qarabağ”a dəstək varsa, sevinirik. Bunlar bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan öncə də “Qalatasaray”ı təbrik etmişəm. Türk komandalarına azarkeşlik edirik, onlara uğurlar arzu edirəm. Çox şeyi arzu edə bilərik. “Qarabağ”ın mənim üçün nə demək olduğunu bilirsiniz. Bu ad mənim üçün ən böyük silah oldu. Başqa komandada ola bilərdim, uğurlu nəticələr olardı. Amma bu dərəcə illər boyu ciddi olmazdım. Bəlkə, sakitləşərdim, yorulardım. Ancaq bu komandada bu ad məni nə yorulmağa, nə inamsız, nə məsuliyyətsiz olmağa qoydu. Hədəfim komandanı stabil saxlamaq idi. Bunlar fonunda uğurun gələcəyini bilirdim. Futbolçularımdan hər zaman əsgər kimi vuruşmağı tapşırmışam.

Nadir hallarda olur ki, komanda yorğun görünür. Mənim hədəfim bu olub ki, sağlamlığı, mübarizəni qoruyub-saxlayım. Futbol elə oyundur ki, hər il eyni nəticə olsun. Böyük klubların çempionluqdan sonra ardını gətirə bilmədiyini görmüşük. Hamı inkişaf edir, yenilik axtarır. Transferlərdə belə bəzən az oyunçu cəlb edirik. Bizim üçün kollektivə gələn futbolçunun komandadakı əhvalı pozmamasına çalışmışıq. Qarşılığını Allah verəcək”.

““Qarabağ”ı yanvardan sonra da Çempionlar Liqasında görəcəyikmi” sualının cavabı heç şübhəsiz ki, hər kəsi maraqlandırır.

– Mütləq (gülür). Ötən il “Dinamo” (Zaqreb) 11 xal topladı, pley-offlara düşə bilmədi. Bizdən asılı olmayan nüanslar var. Hər şeyə hazır olmalıyıq. Rəqiblərimiz getdikcə daha məsuliyyətli olacaq. “Benfika”dan sonra bizə 70-80 faiz ciddi hazırlaşacaqlarsa, bundan sonra artıq 100 faiz olacaq. Daha yaxşı olmaq üçün bunların faydası olacaq.

GUZEL.jpg (86 KB)

“Qarabağ”ın prezidenti Tahir Gözəl:

“İki oyunda qazanılan 6 xal möcüzədir. Hazırda “Liverpul”dan öndəyik, bu, tarixi andır. Düşünürəm ki, bir qələbə və bir-iki heç-heçə ilə ilk 24-lüyə düşə bilərik. Artıq əsas hədəf budur. Növbəti turda Bilbaoda “Atletik”lə qarşılaşacağıq. Daha əvvəl də İspaniyada oynamışıq. Xüsusən də “Atletik” ilə matçlarımız yaddaqalan olub. Hər iki görüşdə son 20 dəqiqəni azlıqda keçirməyimizə baxmayaraq, heç-heçə edə bilmişdik. İndi də böyük həvəslə İspaniyaya yollanacağıq. Özümüzə inanırıq və xalqımıza növbəti sevinci yaşatmaq istəyirik.”

MUXTAR.jpg (22 KB)

Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a bildirib ki, “Qarabağ” “Kopenhagen”ə parlaq oyunla qalib gəldi:

“Düzü, oyundan əvvəl yaşananları nəzərə alaraq “Qarabağ”ın uğur qazanacağına o qədər də inanmırdım. Çünki “Benfika” ilə oyundan sonra iki həftə ərzində bütün Avropa “Qarabağ”ı müzakirə etdi, bunun üzərinə Azərbaycanda yaranan təzyiqi də gəlin. Avropada “ardı gələcəkmi” deyilirdisə, Azərbaycanda “Benfika”ya qalib gəlibsə, “Kopenhagen”i də məğlub etməlidir” tələbi vardı.

Böyük təzyiq idi. Bu təzyiqin öhdəsindən gəlmək üçün komanda psixoloji cəhətdən tam sərbəst olmalı idi. Bunun öhdəsindən bəzən nəhəng komandalar da gələ bilmir. Deməli, “Qarabağ” biz düşündüyümüzdən də çox böyüyüb. Bizim içimizdə olan qorxu hissi “Qarabağ”ın futbolçularında yox idi. Heç nə olmamış kimi çıxdılar meydana, öz oyunlarını oynadılar.

İndi “Qarabağ”ın böyüdüyü aşkar hiss olunur. Əvvəllər ehtiyatdan meydana çıxanlar komandanın oyununu gücləndirməyə qadir deyildilər. Hazırda bu problem də böyük ölçüdə həll olunub. Əvəzetmədən meydana çıxanlar “Qarabağ”ın oyun ritminə xələl gətirmirlər. Bu, önəmli faktdır.

Bundan sonra necə olacaq? “Qarabağ” hər oyunda qalib gəlməyəcək, bu birmənalıdır. Çünki burası Çempionlar Liqasıdır. Burada hamı məğlub ola bilər. Ancaq bir məsələ aydındır: “Qarabağ” hər oyunda mübarizə aparacaq və oyundan-oyuna da “Qarabağ”a daha ciddi yanaşacaqlar. Deməli, qələbə qazanmaq daha da çətin olacaq.

Biz “Qarabağ”ın üzərindən hər cür təzyiqi götürməliyik. Azərbaycan futbolunun reallığını nəzərə almalıyıq. “Qarabağ”dan nəticə tələb etmək haqsızlıq olar. Sadəcə onlara dəstək verməliyik, etdiklərinə görə təşəkkürümüzü çatdırmalıyıq. “Kayrat” “Real”a 0:5 hesabı ilə məğlub olandan sonra bütün stadion ayağa qalxıb komandanı alqışlayırdı. Bu, minnətdarlıq alqışı idi. Qazaxıstan komandasını ÇL-in əsas mərhələsində olmasının özü böyük uğurdur. Bunu qazax azarkeşlər qəbul edirlər. Eynisi Azərbaycana da aiddir. “Kopenhagen” qələbəsinin eyforiyasından ayılaq və dönüb Azərbaycan çempionatına baxaq. Ondan “Qarabağ”ın nə boyda nəhəng bir iş gördüyü daha aydın nəzərə çarpır”.

MESTE.jpg (41 KB)

Futbol mütəxəssisi Kənan Məstəliyev:

““Kopenhagen” qələbəsinin müxtəlif aspektlərinə toxunaq və hissə-hissə bunu edək. İlk olaraq, işin taktiki-texniki tərəfini müzakirə etməliyik. Çünki hər şey məhz bunun üzərində qurulur.

Başlayaq lap startdan. Hər iki komanda meydana optimal heyət və ənənəvi düzülüşlə çıxmışdı. Qonaqlar mərkəzdə xətti yarımmüdafiəli 4-4-2, biz isə klassik 4-2-3-1-lə başlamışdıq. “Qarabağ” üçün əsas sual zədəli Yankoviçin mövqeyində kimin oynayacağı idi ki, gözlənildiyi kimi, iş Kadiyə həvalə olundu. O mövqedə heç də ideal oynamadığını çempionatda "Qəbələ" ilə matçda görmüşdük. Ancaq Kuakudan başqa alternativi olmayan Qurban Qurbanov formada olan və heç olmasa 60-65 dəqiqə həm müdafiədə effektiv olacaq, həm də hücuma kömək edəcək birini seçdi. İlk yarıda Borges dəfələrlə uzun ötürmələr verərək cinahlardakı aktivliyimizi dəfələrlə artıra bildi.

Ümumilikdə isə “Qarabağ” rəqibi təzyiq altında saxlamaq, onun öz planlarını həyata keçirməsinə mane olmaq üçün ilk 45 dəqiqəni faktiki meydanın danimarkalılara aid olan hissəsində keçirdi. “Kopenhagen” bu cür intensiv basqını gözləmirdi, 3-4 dəfə müdafiədən çıxardıqları top az qala anında geri qayıdınca nə edəcəklərini bilmədilər. Deyərdim ki, onlara qarşı bu üstünlüyü ilk turda heç “Bayer” də əldə edə bilməmişdi. Ard-arda epizodlar əldə etsək də, onlardan yararlanmamağımız məyus edirdi. Fasiləyə qədər qonaqlara heç bir şans vermədəm 4 şans qaçırdıq. Azı 3 top fərqi olmalı idi.

Neestrup ikinci yarıya ciddi dəyişikliklə başladı. Sxem 4-4-2-dən 3-4-3-ə, daha dəqiq desək, faktiki 3-2-5-ə şahidlik etdik. Bu mövsüm “Kopenhagen” bunu yalnız bir dəfə - Kosovo “Drita”sıyla etmişdi ki, o da məcburiyyətdən atılan addım olmuşdu. Çox yaxşı futbolçular olmasına baxmayaraq, oyunda varlığı ilə yoxluğu bilinməyən Robert və Mukokonu çıxaran məşqçi köklü dəyişiklik istəyini büruzə verdi. Bundan sonaqlar daha aktiv oynadılar, cinahları işə düşdü, sürət və temp hesabına cərimə meydançamıza daha çox daxil olmağa, təhlükəli vəziyyətlər yaratmağa başladılar. 20 dəqiqə “Qarabağ”ı qapısına sıxan və xeyli epizoda girən Danimarka təmsilçisində dəqiqlik çatmırdı. Xüsusilə standart vəziyyətlər, asmalar zamanı "ikinci mərtəbə"də rəqibə çox uduzurduq. Bu məqamda yorulan Kaşukun yerinə öndə top tuta biləcək və komanda yoldaşlarına nəfəs dərmək imkanı verəcək birinin çıxmasına ehtiyac vardı.

Hoca Addaini seçdi ki, bu da doğru seçim idi, “Benfika” səfərində də sınaqdan keçirilmişdi. Məhz bu məqamda demək olar ki, meydanda klassik hücumçunun olmaması öz mənfi təsirini göstərirdi.

ADAİ.jpg (104 KB)

Duranın lazım olan pressinq qabiliyyətinə malik olmaması məşqçinin planlarını pozurdu. O mövqedə sırf forvard olan birisi olsaydı, ön xətdə daha effektiv oynaya bilərdik. Kamillo az qalan bütün (xüsusilə hava) mübarizələri uduzdu, pressinqdə sadəcə say olaraq iştirak etdi, çətin vaxtlarımızda isə top saxlayaraq arxa və orta xəttimizin yerləşməsinə, mövqe oyunu qurmasına kömək edə bilmədi. Məhz bu matç göstərdi ki, sağlam olacağı halda Nəriman Axundzadənin alternativi yoxdur. Duran o mövqenin adamı deyil.

Yankoviçin yoxluğu xüsusilə ikinci hissədə aşkar göründü. Orta xətdə Kadi yaradıcılıq, Pedro isə dağıdıcılıqda yaxşı olsalar da, Marko bunun hər ikisini bacaran biri kimi köməyimizə gələ bilərdi. Ancaq Bikalyonun da haqqını yeməyək. Adam möhtəşəm oynadı.

Ot örtüyü yaxşı olmadığından oyun demək olar ki, iki cəbhədə - rəqib və meydança ilə mübarizədə keçdi ki, dar macalda əla ötürmələr verməyə də imkan tapan yarımmüdafiəçi ona olan güvənin boş olmadığını göstərdi.

KOPEN.jpg (54 KB)

Müdafiədə çox təmkinli olmağımız, maksimum paslaşma ilə çıxmağımız da təəccüblü idi. Çünki bu örtükdə istənilən an fors-major yaşana, pis nəticələrə gətirib çıxara bilərdi. Ancaq riskə getməyənin qələbə qazanma şansı da az olur. Hoca bu yolla rəqib komandanı özünə çəkmək, orta xəttimizdəki oyunçuların uzun ötürmələriylə qonaqların müdafiəsinin arxasındakı boşluqları tapmaq və istifadə etmək istəyirdi. Riskli olsa da, plan işlədi.

Bu qələbəni növbəti dəfə “Qarabağ”ın qurduğu və uzun illərdi uğurla tətbiq etdiyi, gün keçdikcə də möhkəmləndirdiyi sistemin aktivinə yazmaq olar. Komanda oyunu, ciddi taktiki intizam və döyüşkənliyin təbliğ və tələb olunduğu bu mexanizm hələ uzun müddət “köhlən atlar”ın köməyinə gələcək. Minimal imkanlarla maksimum nəticə əldə etməyin yeganə yolu məhz budur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR