Onlayn ictimai-siyasi qəzet
Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə proses davam edir.
Musavat.com xəbər verir ki, Şamxal Məmmədovla Cavad Muradov qrup halında xuliqanlıq etməkdə, sonuncu əlavə olaraq əmlakı qəsdən zədələməkdə ittiham olunurlar. Bu iş üzrə Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər. Məhkəmədə araşdırma predmeti olan digər işdə isə Cavad Muradov dostu Elnur Məmmədovla bərabər zərərçəkən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxsdirlər. İttihama görə müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. “Sea Breeze”dəki kütləvi dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin(BŞBPİ) İstintaq İdarəsində ümumilikdə 3 cinayət işi araşdırılıb. Həmin işlərdən ikisi yekunlaşdırılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cavad Muradov hazırkı məhkəmə predmeti olan iş üzrə təqsirləndirilən şəxs olduğuna görə o, həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Daha bir iş Elnur Məmmədov və digərilərinin cinayət işidir. Həmin iş üzrə 6 nəfər təqsirləndirilənin axtarışda olması səbəbindən istintaq yekunlaşmayıb.
Dekabrın 21-də davam etdirilən prosesdə Şamxal Məmmədov prokuror Amin Şəkərəliyevə “buraxın, çıxıb evimizə gedək” dedi. Prokuror “bu iş hakimdən asılıdır” cavabını verdi.
Hakim dedi ki, ötən prosesdə Cavad Muradovla Şamxal Məmmədovun vəkilləri ona etiraz təqdim ediblər. Etiraz müzakirə olundu, baxılmamış saxlanıldı. Təqsirləndirilən və zərərçəkən şəxslər hakimin və prokurorun diqqətinə çatdırdılar ki, baş vermiş mübahisədən sonra onlar görüşüb barışıblar. Bu gün də hər hansı bir ədavətləri yoxdur. Bundan sonra prokuror ittiham aktını elan etdi. İttihama görə Cavad Muradov dostları Elnur Məmmədov və Vüqar Tağıyevlə birgə, bu il iyunun 11-də, 23 radələrində “Sea Breeze”dəki “Rose Park” restoranın açılışına qatılıblar. Orada spirtli içki qəbul ediblər. Bir qədər sonra Elmir İsmayılov əlində qədəh onların masasına yaxınlaşıb. Bu zaman yaranan mübahisə daha sonra restoranın giriş-çıxış qapısının qarşısında 00:33 radələrində davam edib. İttihama görə Cavad Muradov orada mübahisəni sakitləşdirmək əvəzinə daha da qəlizləşdirib, yanında olan Şamxal Məmmədov, Fərhad İsgəndərov və qeyriləri ilə birləşib Elmir İsmayılovun alın nahiyyəsinə qəsdən vurub. Sonuncunun yanında olan Peyman Vəlizadə və Məhəmməd Həsənzadənin baş nahiyyələrinə zərbələr endirib. Bundan sonra Elmir İsmayılovun maşınına əl və ayaq zərbələri vurmaqla əzib, bununla mülkiyyətə 12 min 400 manat ziyan vurub. Bütün bunlar qərəzli xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib.
Təqsirləndirilən Şamxal Məmmədova verilən ittiham da fərqli deyil. İttihama görə o, Elmir İsmayılovla Elnur Məmmədov arasında başlanmış mübahisəni sakitləşdirmək əvəzinə qəlizləşdirib.
Təqsirləndirilən Cavad Muradov ittiham üzrə özünü təqsirli bilmədiyini dedi. Bildirdi ki, Elmir İsmayılova məxsus maşını “Sea Breeze”də ümumiyyətlə görməyib. Belə bir halda maşını əzməsi, ziyan vurması ağlasığmazdır. Onu kim edib, bunu siz çox yaxşı bilirsiz möhtərəm hakim. İttiham aktında da onun ifadəsi var!
Hakim “mən bilmirəm kim edib” dedi. Cavad Muradov qeyd etdi ki, itttiham aktında bu haqda şəxsin özünün ifadəsi var. Qeyd etdi ki, onun xuliqanlıq niyyəti olmayıb, videolardan da görünür ki, orada o, tərəfləri sakitləşdirmək istəyib.
“Mənim dalaşmaq niyyətim olsaydı, elə əvvəldən gedib dalaşardım. Videodan da görünür ki, mən Elnuru 32-ci kottecin yanına çəkib sakitləşdirməyə çalışmışam. Sonra “Sea Breeze”nin mühafizəçiləri tökülüşub gəldilər. Guya mən istintaqda demişəm ki, guya Elmir orada 10-15 mühafizəçi ilə gəlir. Bu gülməlidir. Bu gün heç güc nazirləri 10-15 nəfər mühafizəçi ilə gəzmirlər. İttiham olunuram ki, guya Şamxalla qrup şəkilində dalaşmışıq. Şamxal özünüz də videoya baxanda gördüz ki, orada kənardan baxır və fırlanıb çıxıb gedir” – deyə o, bildirib.
Qeyd edib ki, videolardan görünür ki, o, dostu Elnuru sakitləşdirmək məqsədi ilə onu tutub saxlayıb: “Bizim xuliqanlıq niyyətimiz olsaydı, səhər Elmirgillə görüşüb öpüşmüşük, atalarımız da yanımızda olub, hallallaşıb dostlaşmışıq. Bunun harasıdır xuliqanlıq? Ona görə də ittihamı da qəbul etmirəm”.
Təqsirləndirilən prokurorun bir neçə sualını cavablandırdı. Dedi ki, Elmir İsmayılovu vurmayıb, Peyman Vəlizadə və Məhəmməd Həsənzadəni isə ümumiyyətlə “Sea Breeze”də görməyib.
Cavad Muradov vəkillərin suallarını cavablandırdan sonra Şamxal Məmmədov sərbəst ifadə verdi.
“Mənim özümə də böyük bir sual olaraq qalır ki, davada nəinki iştirakım, ümumiyyətlə davaya aidiyyatım olmayıb. Mən “Sea Breeze”yə dostumla gəldim, “Rose Park”da 10 dəqiqə vaxtımı keçirdim. Restoranda təqsirləndirilən və zərərçəkənlərin heç birini görməmişəm. Sonra da getmişəm kottecə. 10-15 dəqiqə olardı oturmuşdum, gördüm qulağıma səslər gəlir. Çıxdım, gördüm ki, 100-ə yaxın adam yığışıb. Mən içki qəbul etmirəm, orada nə olubsa, detallı bilirəm. Kütlə kotteclərin qarşısında toplaşmışdı. Kottecdən çıxmışdım, uzaqdan gördüm ki, mənim kütlənin içində tanıdığım kimsə yoxdur. Yanımda da iki dostum vardı, onların hər ikisinin qolundan tutub dedim ki, geri qayıdaq. Müstəntiq istintaqda mənə deyir ki, guya mən Elmir İsmayılovu kamera olmayan yerdə vurmuşam. Hamı bilir ki, “Sea Breeze”nin hər tərəfi kameradır. Orada hər şey çəkilir. Mənim orada “geroy”luq etmək fikirim olmayıb. Uzaqdan qara maşının ətrafında adamların yığıldığını görmüşəm. Cavad orada görməmişəm. Orada dava olmayıb. Sadəcə orada çoxlu insan toplaşmışdı. Hərə bir söz deyir, şişirdir. İttiham aktında yazırlar ki, Elmir və “oxran”ları. Başa düşmədim, kim idman edirsə, “oxran”dır? Mən 18 ildir idman edirəm, indi mən “oxranlıq” edirəm? Bunlar hamısı boş şeylərdir”.
Şamxal Məmmədov prokurorun və tərəflərin bir neçə sualını cavablandırıb. Deyib ki, o, həmin gün “Sea Breeze”də hər hansı bir mübahisədə, davada iştirak etməyib. Mübahisədən az sonra “Sea Breeze”dən dostları ilə birgə çıxıb gedib.
Hakim bundan sonra sözü zərərçəkən Elgün İsmayılova verdi. O, dövlət ittihamçısının suallarını cavablandıraraq dedi ki, ibtidai istintaqa olan ifadəsini təsdiq etmir. Bildirdi ki, hadisə baş verən gün dostları Məhəmməd, Peyman və Muradla birgə Mərdəkan qəsəbəsində olub. Qardaşı Elmir zəng edəndən sonra onlar Mərdəkandan Nardaran qəsəbəsində yerləşən “Sea Breeze”yə gəliblər. Orada qardaşını görməyib. Elgün İsmayılov tərəflərin suallarını cavablandırdı. Dedi ki, onlar Mərdəkandan Nardarana təxminən 20-25 dəqiqəyə gəliblər. Lakin “Sea Breeze”də qardaşını, qardaşının maşınını kimin əzdiyini də görməyiblər. Proses yanvarın 9-da digər zərərçəkənlərin ifadələri ilə davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ