Onlayn ictimai-siyasi qəzet
Qadının adı cinayət işində zərərçəkmiş kimi gedir. Ona görə ki, onun toplamda 98 min manatını ələ keçiriblər.
Yəni Əzizə adlı müəllimə dələduzluq qurbanı olub. Bir qrup işbaz və məmur onu aldadıblar.
İşin təfərrüatına varanda isə aydın olur ki, 98 min manat ziyana düşən müəllimə əslində həm də zərərvurandır.
Onu aldadanlar müəlliməyə və ailəsinə zərər vurublarsa, düz-əməlli təhsili olmayan, diplomu saxta çıxan qadın rüşvətlə məktəb direktorunun müavini olub, cəmiyyətə, şagirdlərə nə qədər zərər yetirib. Hələ daha sonra rüşvətlə direktor da olmaq istəyibrmiş.
Adi bir müəllimədə 100 minə yaxın rüşvət veriləsi pul haradandır, başqa məsələdir. Dərinə getsək, qəpiyinə kimi deklarasiya təqdim edərlər. O qədər söz var ki: “Babamdan qalıb”; “Nənəmdən qalan qızılları satmışdıq”; “Atam uzun illər vəzifədə işləyib”, “Ata mülkümüzü satmışdıq, onun puluydu” və sair və ilaxır.
Bunu keçdik. Bəs Təhsil Nazirliyi tərəfindən diplomu tanınmayan, el arasında “kitayski universitet” adlandırılan bir filialdan ali təhsil haqqında sənəd alan, həm də yalandan da olsa ibtidai sinif müəllimi olan qadının rüşvət müqabilində vəzifə satın alması, almaq istəməsi üstündən keçiləsi şeydirmi?
Əsla! Məsələnin kökü burdadır.
Ölkədə vəzifələrin satılıb-alınması heç kəsə sirr olmadığından və az qala normaya çevrildiyindən, bu, heç kəsi nə heyrətləndirmir, nə də acıqlandırmır. Sanki belə də olmalıymış. Yeganə günahkar vəd verib yerinə yetirməyənlər, saxta diplomu “legitimləşdirməyənlər” və direktor postunu düz-qoş edə bilməyənlərdir.
Onlar verdikləri vədi yerinə yetirsələr, bu haqq-hesab qalmaqalla nəticələnməz, iş məhkəməyə çıxmazdı. Amma nədənsə iş başa gəlməyib.
Əmin ola bilərsiniz ki, həmin şəxslər buna qədər neçə-neçə adama diplom da düzəldiblər, vəzifə də. Sadəcə, axırda “su sənəyi suda sınar” hadisəsi baş verib. Ola bilər, Təhsil Nazirliyində baş verən kadr dəyişiklikləri mütəşəkkil işbazlar zəncirindəki bir bəndi qırıb, ona görə də onlar öhdəliklərini sona qədər yerinə yetirə bilməyiblər.
O da hər kəsə əyandır ki, Kiyevdə, Dərbənddə, Mahaçqalada, Giresunda və başqa şəhərlərdə saxta universitetlərdə guya təhsil alan, daha dəqiqi, böyük pullar müqabiləndə adlarını o məktəblərə yazdıran və vədə başında saxta diplom alan yüzlərlə, hətta minlərlə “kadr” dövlət işindən tutmuş bütün sferalara qədər müxtəlif vəzifələrdədir.
Bir ara saxta diplomları Təhsil Nazirliyində “tanıtmaq” trendi vardı, dülgər sexi kimi işləyirdi, maraqlı adamlardan pul yonurdular. Əlində pulu və saxta diplomu olan nə qədər insan tanış-biliş axtarırdı və tapırdı.
Yuxarıda adı çəkilən şəhərlərdəki universitetlərə imtahansız qəbul olunan yüzlərlə gənc hər il böyük məbləğli pulların hesabına ölkəmizdəki dövlət universitetlərinə köçürülür, test imtahanında 500-650 bal toplamış tələbələrlə eyni qrupda oxuyurdular.
Halbuki onlar vaxtilə ölkəmizdə qatıldıqları test imtahanında maksimum 200 bal toplamışdılar. Bu gənclər yenə rüşvət gücünə kursdan-kursa keçir, diplom alır, çox da işsiz qalmadan yaxşı vəzifələrə gedirdilər.
Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor müavini Əzizə Abdıyevanın bəxti isə gətirməyib. Onu aldadıblar, verdikləri vədi yerinə yetirməyiblər.
Maraqlıdır ki, bu cinayət işinin bütün iştirakçılarını cəzalandırmaq mümkün olmayıb. Çünki cinayət əlaqəsində olanlardan biri və birincisi vəfat edib və burada da zəncirin bir bəndi qırılıb.
Ona görə də “Təhsil Nazirliyindəki iş düzəldən tanışlar”a çıxmaq mümkün olmayıb. Bəlkə də olub, kim bilir. Məsələn, cinayət işində Anar Axundov adlı məmurun adı çəkilir, amma onu tapıb bu işə cəlb etməyiblər. Eləcə, iki nəfər həbs edilib, iki nəfər də şərti cəza alıb.
Ara yerdə Əzizə xanım 2021-ci ildə tutduğu vəzifədən azad edilib, dələduzlara verdiyi 98 min manatdan isə cəmi 27 min manatını geri ala bilib.
Hələ bu da başqa söhbətdir ki, vəzifə almaq üçün 100 min manata yaxın xərc çəkən qadın bu pulu necə, haradan, kimdən çıxarmaq fikrində imiş.
Sonra da təhsildən, inkişafdan, dünya ilə ayaqlaşmaqdan danışırıq. Saxta diplomlu adamların saxtakarlıq edə-edə, hər şeyi yola verə-verə getdiyi müddətdə heç bir yüksəliş ola bilməz, yalnız dibə, girdaba düşmək ola bilər.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ