İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel Brüssel razılaşmalarının icrasını zorlaşdırdı

Rusiya ilə Avropa İttifaqı arasında artan gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə necə təsir edə bilər?

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel BMT tribunasından açıq şəkildə Rusiyaya qarşı ağır ittihamlar səsləndirib. Bu ittihamlardan sonra isə Rusiya ilə Avropa İttifaqı arasında diplomatik gərginlik həddindən artıq yüksəlib. Qeyd edək ki, Şarl Mişelin çıxışı zamanı Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirildiyi iclası tərk edib. Həmin iclasda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanı süni yolla dünyada qida çatışmazlığı yaratmaqda ittiham edib. Eyni zamanda Şarl Mişel Rusiya ordusunun Ukrayna ərazisində mülki əhaliyə divan tutmasına diqqət yönəldib. Bu isə təbii olaraq Moskvanı həddindən artıq qəzəbləndirib və artıq demək olar ki, Moskva ilə Brüssel arasında “diplomatik müharibə” gedir.

Şarl Mişelin hazırda Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin həllində əsas vasitəçi olduğu və Rusiyanın da buna qıcıqlı münasibəti bəllidir. Şarl Mişelin BMT tribunasından bu cür sərt çıxışı və Rusiya nümayəndəsinin zalı tərk etməsi münasibətlərin hansı səviyyədə gərgin olduğunu göstərir. Bəs Rusiya ilə Avropa İttifaqı arasında bu cür gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə necə təsir edə bilər? Rusiya bundan sonra Brüssel razılaşmalarının işləməsinə əngəl törətməyəcək ki?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya və Avropa İttifaqı arasındakı hər hansı bir gərginliyin Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasına birbaşa təsir edəcəyi inandırıcı deyil: “Çünki onların arasında olan gərginlik birbaşa Avropa və Rusiya gərginliyidir və müstəvi də, səbəb də Ukraynadır. İstər Rusiyanın, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycan və Ermənistan iştirak edir və baxmayaraq ki, Ermənistan KTMT-nin üzvüdür, bunun proseslərə elə bir dəxli yoxdur. Şarl Mişelin BMT-dəki çıxışı birbaşa Rusiyanın ittiham edilməsi ilə bağlı idi. Yəni Rusiya ilə bağlı Avropa İttifaqının mövqeyi ortaya qoyulub. Eyni zamanda Rusiya XİN rəsmisi Mariya Zaxarovanın ”Brüsselin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının reallaşmasına kömək edəcək, geosiyasi oyunlar həyata keçirməyə cəhd etməyəcək"- deməsi də onu göstərir ki, sülh sazişinin imzalanmasında hərənin öz regional və qlobal maraqları var". A.Nağıyevin qənaətincə, burada əngəl törədilə biləcək elə bir maddə yoxdur: “Məlumdur ki, Ermənistan ancaq iki istiqamətdə siyasi gedişlər edir, qondarma ”status" və daxili gərginlik yaratmaqla hakimiyyətin cavabdehliyini azaltmaq. Lakin artıq müəyyən mərhələlər keçilib və geriyə də yol yoxdur. Çünki inandırıcı görünmür ki, Rusiya hərbi gərginlik istəsin. Sadəcə, vaxtı uzatmaq üçün nə isə edə bilərlər. Bu da ki, daha çox Ermənistanın əleyhinə olacaqdır".

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə “Yeni Müsavat”a bildirdi ki, hadisələrə sistematik yanaşma labüddür: “Amma digər konseptual fərqləri də nəzərdən qaçırmaq olmaz. Əvvəla, fikir verək ki, Aİ Şurası BMT və müxtəlif təşkilatların ərzaq böhranı ilə bağlı bədbin proqnozları düzgün dəyərləndirə bilir. Faktiki olan budur ki, təkcə Ukrayna limanlarındakı xaos deyil, Rusiyanın ixrac etdiyi məhsullara qoyulan embarqolar da dünya qida zəncirini təhdid edən mühüm siqnaldır. Aİ Şurası bu baxımdan yaxşı başa düşür ki, savaş tezliklə yekunlaşmayacaq, bu baxımdan ola biləcək təhdidlər də ciddi dəyərləndirilməlidir. Qida rasionunun üzləşdiyi təhlükə gələcəkdə daha fəlakətli iqtisadi və siyasi xaoslara rəvac verə bilər. Eyni zamanda Rusiya da fərqindədir ki, özəlliklə Türkiyənin limanlarla bağlı anlaşma fonunda Aİ və ABŞ tərəfindən səslənən iradlar indiki situasiyada səmimi deyil. İstənilən halda, Qərb təsisatları ilə Rusiya siyasi rəhbərliyinin arasındakı uçurumlar dərinləşib. Ukrayna savaşı bitsə belə postmüharibə dönəmində hansısa müsbət dəyişikliyi gözləmək absurddur. Rusiyadan enerji asılılığı olan dövlətləri çıxmaq şərtilə Qərb Rusiyaya aid bütün məhsulları alternativləri ilə əvəzləyə bilər. Eyni zamanda Rusiya geopolitik güc olduğu üçün Qərbin Rusiya ilə siyasi münasibətlərdən tam olaraq imtina etməsi də mümkün görünmür”. T.İsmayılovun sözlərinə görə, Rusiya və Aİ bir-birini Cənubi Qafqazda həzm edə bilmir: “Ona görə ki, Rusiya öz sərhədlərinə yaxın ərazilərdə Qərbin həddən artıq siyasi mənzərəsini arzulamır. Eyni zamanda Qərb də anlayır ki, uzun illər Qafqazda və Mərkəzi Asiyada passiv iştirakçılıq, rəngli inqilabları ssenariləşdirməklə özünə olan inamı sarsıdıb. Lakin istənilən halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində hansısa süni gərginliklər indilik müşahidə edilmir. Brüssel görüşləri keçirilsə də, müsbət dəyişikliklər görünsə də, 10 noyabr bəyanatının üçüncü imzası Rusiyanındır. Eyni zamanda Rusiya sülhməramlı qismində də bölgədə var. Həmçinin nəzərə almaq lazımdır ki, Brüssel bəyanatının sərhədlərin delimitasiyası, iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin aşılmağı haqqında müddəaları Soçi bəyanatını da gücləndirir. Bir çox coğrafiyalarda kəskin ziddiyyətlər olsa da, bizim bölgədə Aİ və Rusiya kiçik siyasi qısqanclıqlar nümayiş etdirə bilər. Geniş mənada elə mövqe fərqləri yoxdur. ABŞ-ın da dəstəklədiyi Aİ Şurasının və Rusiyanın ortaq istəyi Avrasiyada yeni tranzit imkanlarının gerçəkləşməsidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR