Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan və komandası “real Ermənistan” məsələsində özünü əməllicə dolaşığa salıb. “Məxməri” baş nazirin parlamentdəki dünənki çıxışı bu xüsusda qarışıq duruma aydınlıq gətirmək, “suları durultmaq”, ən vacibi, Azərbaycanla sülh müqaviləsini yaxınlaşdırmaq əvəzinə, yenə qeyri-müəyyənliyi artırıb. Paşinyanın sülh oyunbazlığı ilə məşğul olduğu haqda qənaət daha da möhkəmlənib...
“Mənim Əliyevlə sammit meydançalarında bu qədər uzun söhbətim heç vaxt olmayıb (ötən aydakı Kazan görüşünü nəzərdə tutur – Z.S.). Fikrimcə, söhbət zamanı ən mühüm məqam bu oldu ki, Ermənistan və Azərbaycanın dinc yanaşı yaşaması üçün təkcə sülh sənədi və ya digər müqavilələrin imzalanması yetərli deyil, həm də strateji saziş imzalamağa ehtiyac var. Elə bir saziş ki, iki ölkə yaxın 100 ildə müstəqil dövlətlər kimi dinc- yanaşı yaşasın”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, saziş ideyası “real Ermənistan” konsepsiyasına əsaslanır. Amma ardınca o, Ermənistan Konstitusiyasını dəyişməyə ehtiyac olmadığını söyləyib. “Çünki orada nə Azərbaycana qarşı ərazi iddiası var (?! – Z.S.), nə də birbaşa və ya dolayısı ilə Dağlıq Qarabağın adı çəkilir. İrəvanın da qarşılıqlı şıkildə Azərbaycan Konstitusiyasının dəyişdirilməsi tələbi irəli sürməsi danışıqlar prosesini dalana aparar”, - izhar edib.
Paşinyan parlamentdəki çıxışında belə bir ifadə də işlədib: “Son illər mən Ermənistanın Müstəqillik Bəyannaməsini (harada ki, keçmiş Dağlıq Qarabağ Ermənistan ərazisi sayılır – Z.Ş.) onlarla dəfə oxumuşam və gəldiyim dəhşətli qənaət budur ki, Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir”...
Maraqlıdır ki, elə həmin gün Nikol Paşinyan saqqal-bığdan qurtulub. Üzünü taraş edib. Sanki bununla yeni bir dönəmin anonsunu, yaxud mesajını verib. Nəyin? Erməni xalqının “dövlətçilik” məsələsində köhnə təfəkkürdən, “miatsum” mərəzindən imtinasının vaxtının çatdığınınmı? “Barıt qoxulu” konstitusiyaya Azərbaycanın haqlı tələb ilə düzəliş etmə zamanının yetişdiyininmi?
Elə isə ən yaxşısı, özündən başlamaq olmazmı? Nədən Nikol xalqı ilə açıq danışmır, obrazı yazsaq, “zınqırovu pişiyin boynundan” özü asmır? Niyə 4 ildir “nala-mıxa” vurur? Gah Ermənistan Konstitusiyasının və bu konstitusiyanın istinad etdiyi Müstəqillik Bəyannaməsinin Bakı ilə sülhə, hətta “erməni dövlətçiliyi”nə əngəl olduğunu faktiki etiraf edir, gah da Ermənistan Konstitusiya Məhkəməsinin son qərarını əsas götürərək, konstitusiyada Azərbaycana torpaq iddiasının yer almadığını bəyan edir. Məntiq hanı?
Hələ harasıdır, Nikol Vovayeviç rəsmi Bakını üstəlik, şantaj edərək deyir ki, Azərbaycanım Konstitusiyasında (İstiqlal Bəyannaməsində) də Ermənistana torpaq iddiası var. Yəni ki, “İrəvan da eyni tələbi irəli sürə bilər, amma sürmür”. Bununla da axırıncı çıxışındakı ilk baxışda pozitiv görünən və qulağa xoş gələn bütün müsbət tezisləri sıfırlayır. Özü-özünü təkzib edir...
Gör nəyi nəylə müqayisə edir. Halbuki Azərbaycanın nə konstitusiyasında, nə də İstiqlal Bəyannaməmizdə hazırkı Ermənistan ərazisinin heç bir bölgəsinin adı çəkilmir. Bunu neçə dəfə deyərlər. Ermənistan rəhbərliyinin bu hiyləsi, bəhanəsi keçməyəcək. Demək, ona qədər “real Ermənistan” da olmayacaq. Çünki sən qonşunun ərazi bütövlüyünü tanımırsansa, biz dünəndən tanımarıq.
Hörmət qarşılıqlıdır. Xüsusən də ərazi bütövlüyü və suverenlik kimi milli şərəf, milli qürur məsələsində. Odur ki, sülh nağıllarına son verib daşı ətəyinizdən tökməyə tələsin. Nəhayət, “göydən” yerə enin. Günün sualı da budur ki, saqqallı Paşinyan “real Ermənistan” üçün Bakı və Ankaradan “kupça” ala bilmədi, görəsən saqqalsız Nikol ala biləcək?
Zaman gedir. Saat tıqqıldayır. Bir azdan formal Ermənistan üçün də “əcəl zəngi” çalına bilər...
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ