İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyaların Rusiyaya ilk təsiri - qıtlıq başlayıb

Ölkədə brend mallar tapılmır, ehtiyat hissələri yoxa çıxıb - udan Çindir 

Qərbin Rusiyaya Ukraynadakı işğalçı müharibəyə görə tətbiq etdiyi ümumilikdə 5000-ə yaxın sanksiya öz təsirlərini ciddi şəkildə göstərməyə başlayıb. Rusiya bazarlarında Qərb məhsullarını tapmaq müşkül məsələyə çevrilib. Rusiyada çalışan azərbaycanlı iş adamlarının verdiyi məlumata görə, daxili istehsal olan malları əldə etmək problem deyil. Ancaq Avropa ölkələrinin,  hətta Yaponiya, Cənubi Koreya istehsalı olan malların Rusiyada yoxa çıxması artıq hər kəsi narahat edir. Xüsusilə avtomobil ehtiyat hissləri 1 ildən çoxdur ki, Rusiya ərazisinə gətirilmir. Bu səbəbdən milyonlarla insan istifadə etdiyi Avropa, Yaponiya maşınlarının ehtiyat hissələrini tapıb ala bilmir. Həmçinin keyfiyyətli Avropa ərzaq, geyim malları, elektrotexnika da defisitləşib. 

Həmyerlilərimiz deyir ki, Rusiya bazarlarını indi bu malların saxtası - Çin məhsulları tutur. Son 1 ildə Rusiyada Çin malları sözün əsl mənasında “at oynadır”. Küçələr Çin maşınları ilə dolub. Avropa maşınlarına ehtiyat hissələrinin saxtasını Çin şirkətləri hazırlayaraq Rusiyaya daşıyır və milyardlar qazanırlar. 

Qeyd edək ki, Çin 2023-cü ildə xaricə rekord sayda avtomobil sataraq Yaponiyanı bir nömrəli ixracatçı statusundan məhrum edib. “The Wall Street Journal”ın yazdığına görə, Çin avtomobillərinin xaricə tədarükü Rusiyada tələbat səbəbindən rekord həddə çatıb. Ölkə artıq elektrik avtomobillərinin istehsalında tanınmış dünya lideri olsa da (Çinin “BYD” markası 2023-cü ilin son rübündə dünyada ixrac həcminə görə “Tesla”nı ötüb), artımın əsas amili ənənəvi benzinlə işləyən avtomobillər olub.

Çin Sərnişin Avtomobil Assosiasiyası 2023-cü ildə xaricə 5.26 milyon avtomobil satıldığını elan edib. Bu, Yaponiyanın ixracından təxminən 1 milyon ədəd çoxdur. “WSJ” yazır ki, Çinin avtomobil istehsalçıları Ukraynadakı müharibə ilə əlaqədar Qərb şirkətlərinin Rusiyanı tərk etməsindən istifadə ediblər. Beləliklə, 2023-cü ildə Çin avtomobillərinin Rusiyaya ixracı 2022-ci illə müqayisədə ən azı 5 dəfə artıb.

Ümumilikdə, 2023-cü ildə Çindən Rusiyaya ixracın həcmi 111 milyard dollara çatıb. Bu, 2022-ci illə müqayisədə 47 faiz, müharibədən əvvəlki 2021-ci ildən isə 65 faiz çoxdur. “The Bell” nəşrinin Çin gömrüyünün məlumatlarına istinadən yaydığı məlumata görə, Çin üçün Rusiya Ukraynaya qarşı müharibə başlayandan sonra tətbiq edilən sanksiyalar şəraitində əhəmiyyətsiz bazardan orta ölçülü bazara çevrilib: “Rusiya bazarı il ərzində ümumi ixrac həcminə görə 16-cı yerdən 7-ci yerə yüksəlib”.

Çinin Rusiyaya ixrac etdiyi malların ən populyar kateqoriyasını kompüterlər, tikinti maşınları və avadanlıqları təşkil edir. 2023-cü ildə Rusiyaya bu kateqoriyaya aid dəyəri 25 milyard dollardan çox olan mal idxal edilib. Bu, əvvəlki illə müqayisədə təxminən 50,5 faiz çoxdur.

Faiz ifadəsində aparıcı kateqoriya nəqliyyat vasitələri və avtomobil hissələrinə məxsusdur. Ötən il bu kateqoriya üzrə ixrac 22,5 milyard dollar təşkil edib ki, bu da illik, 260 faiz artım deməkdir.

“The Bell”in hesablamalarına görə, Rusiya Çinin ikili təyinatlı mallarının - əsasən də telekommunikasiya avadanlıqlarının idxalını 2023-cü ildə bir milyard dollar artıraraq 4,5 milyard dollara çatdırıb. Bura həm dinc, həm də hərbi məqsədlər üçün istifadə edilə bilən avadanlıqlar aiddir. Məsələn, telekommunikasiya avadanlıqları, statik çeviricilər (cərəyanı və ya gərginliyi dəyişdirmək üçün lazımdır), prosessorlar və kameralar.

Ekspertlər qeyd edir ki, Çindən Rusiyaya ikili təyinatlı malların ixracının artması ölkələrin hərbi-texniki əməkdaşlığı gücləndirməsindən xəbər verə bilər. Bu, digər ölkələrin, xüsusən də Rusiyanın qonşularının təhlükəsizliyinə təhdid yarada bilər.

Çin neft tədarükünü artırmaq üçün Rusiya ilə danışıqlar aparır

Çindən idxalın artması nəticəsində 2023-cü ilin sonunda Rusiyanın idxalında inkişaf etmiş ölkələrin payı 47 faizdən 17 faizə düşüb, Çinin payı isə 27 faizdən 45 faizə qədər artıb. Rusiyalı iqtisadçılar Aleksandr Knobel və Aleksandr Firançuk hesab edirlər ki, idxalda Çindən belə asılılıq Rusiya üçün böyük təhdidlər yaradır. Üstəlik, xarici ticarətin Çinə istiqamətləndirilməsi qeyri-bərabər şəkildə baş verir: artım daha çox hazır avadanlıqlarla bağlıdır, komponentlərin idxalında artım aşağıdır. Bu isə Rusiyanın daim Çindən idxala möhtac olmasını təmin edir.

İqtisadçıların hesablamalarına görə, Rusiyanın ümumi idxalı Çindən idxalın 53 faiz artması səbəbindən faktiki olaraq böhrandan əvvəlki səviyyəyə qayıdıb. Bu zaman Avropadan avadanlıq idxalı demək olar ki, tam dayandırılıb. Lakin Çin malları ilə əvəzlənmə yalnız traktor və minik avtomobilləri sahəsində müşahidə olunur, hissələrin və komponentlərin tədarükündə artım çox zəifdir. Müəlliflər qeyd edirlər ki, bu, Çin avtomobillərinin istehsalı və yığılmasının lokallaşdırılması səylərinin məhdud təsirindən xəbər verir. Logistika problemlərinə və transsərhəd ödənişlərə qoyulan məhdudiyyətlərə baxmayaraq, “humanitar” Avropa mallarının (dərmanlar, peyvəndlər, tibbi avadanlıqlar) idxalının həcmi faktiki olaraq dəyişməz qalıb. Çindən dərman və tibbi avadanlıq idxalı son dərəcə aşağı səviyyədə olub.

İqtisadçılar bildirir ki, ticarətin indiki halında istənilən ticarət mübahisəsində Çin çox güclü danışıqlar mövqeyinə malik olacaq. Çünki Çin üçün Rusiya 3,4 faiz payla təkrar bazar olaraq qalır ki, bu da Çin tədarükçüləri üçün ikinci dərəcəli sanksiyaların risklərinin əhəmiyyətini artırır. Bu riskləri azaltmağın bir neçə yollarından biri xarici ticarətin diversifikasiyası və alternativ hesablaşma arxitekturasının yaradılması olaraq qalır.

Rusiya Federasiyasının ticarət balansının profisiti (140 milyard dollar) hazırda digər “neytral” ölkələr tərəfindən təmin edilir, lakin onların heç də hamısı tam ödəmə qabiliyyətinə malik deyil. Belə ikitərəfli ticarətdə qarşılıqlı hesablaşmalar problemi getdikcə daha çox əhəmiyyət kəsb edir: milli valyutaların istifadəsi avtomatik olaraq ikinci dərəcəli sanksiyaların risklərini azaltmır və bəzi valyutaların (məsələn, Hindistan rupisi) məhdud konvertasiya qabiliyyəti var ki, bu da valyutaların çıxarılmasını çətinləşdirir. Ötən ilin yayında Rusiya neftinin idxalına görə Hindistanda 40 milyard dollara yaxın pul yığılmışdı və onun rupi ilə alınması faktiki olaraq, həmin vəsaitlərin itirilməsi demək idi. Uzun müzakirələrdən sonra Rusiya həmin vəsaitləri Birləşmiş Ərəb Əmirlikləri dirhəmi və qızıl formasında ala bildi. Lakin ABŞ-ın 2023-cü ilin dekabrından bəri tətbiq etdiyi ikincili sanksiyalar üzündən BƏƏ bankları rusiyalı müştərilərə xidməti dayandırırlar. Eyni addımı Rusiya ilə ticarətin maliyyələşdirilməsində mühüm payı olan 4 Çin  bankından 3-ü, həmçinin Türkiyənin bütün bankları atıblar. 

Hazırda Qərb Rusiyaya qadağan olunan malların üçüncü ölkələr vasitəsilə çatdırılmasının qarşısını almaq üçün radikal addımlar atır. Bu addımlar nəticəsində 2024-cü ilin ilk günlərindən etibarən Rusiyanın 3 böyük ticarət tərəfdaşı (BƏƏ, Çin, Türkiyə) ilə alverinin maliyyələşməsi mümkünsüz hala gəlib. 

Ekspertlər hesab edirlər ki, Çin üçün Rusiya daha çox siyasi baxımdan önəmlidir: ABŞ-a qarşı müttəfiq kimi. Amma iqtisadi çıxarlar baxımından Rusiya heç bir zaman Çin üçün Avropa və ABŞ-ı əvəz edə bilməz: Çinin birinci ilə ticarəti 700-800 milyard dollar, ikinci ilə ticarəti isə 650-700 milyon dollara qədərdir. Bu həcmi kənara qoyub birmənalı şəkildə Rusiyanın seçilməsi yəqin ki, heç vaxt mümkün olmayacaq. Çin iqtisadiyyatında başlanan mənfi tendensiyalar fonunda bu ehtimal daha az görünür. 

Çin iqtisadiyyatı 10-illik maksimumu yenilədi - Şafaqna Azərbaycanca

2023-cü ildə Çin iqtisadiyyatına yönələn birbaşa xarici investisiyalar 20 ildən yuxarı müddətdə ilk dəfə illik ifadədə azalıb, səhm bazarından isə kapitalın mənfi axını qeydə alınıb. Ölkənin tikinti və daşınmaz əmlak sektorları ciddi böhrandan hələ də çıxa bilməyib, işsizlik sürətlə artır. Bu tendensiya Çində iqtisadi artıma dair gözləntilərə yenidən baxılması ilə nəticələnib. Dünya Bankının analitiklərinə görə, Çində ÜDM-in artım templəriötən ilin sonundakı 5,2 faizdən bu il 4, faizə, gələn il isə 4,3 faizə qədər zəifləyəcək ki, bu da qlobal ticarətə təsir edəcək. Çünki Çin əvvəllər qlobal iqtisadiyyatın artımının üçdə birindən çoxunu təmin edirdi. Bu, eyni zamanda enerji bazarlarının dinamikasına təsir göstərə bilər. Beynəlxalq Enerji Agentliyi ortamüddətli dövr üçün proqnozuna əsasən, Çində iqtisadi artımın zəifləməsi qlobal bazarlarda tələbin azalmasını şərtləndirəcək. Bu ölkə dünyada neft istehlakının və təbii qaz istehlakının artımının üçdə birini təmin edirdi. 

İqtisadiyyatındakı problemlər getdikcə dərinləşən Çində investisiyaların azaldığı şəraitdə istehsalın keyfiyyətinin daha da aşağı düşəcəyi gözlənilir. Bu amil Rusiyaya ixrac olunan malların keyfiyyət göstəricilərinin getdikcə pisləşməsini, nəticədə onlara tələbatın azalmasını şərtləndirə bilər. Lakin Rusiya vətəndaşlarının seçim imkanı faktiki olaraq yoxdur: ölkədə keyfiyyətli məişət texnikası, aksessuarlar, avtomobillərin ehtiyatları tam tükənib, onların ehtiyat hissələrini tapmaq müşkülə çevrilib. Rusiyalı ekspertlərə görə, sanksiyalar davam edəcəyi təqdirdə 2-3 ildən sonra Rusiya bazarında xaos yaranacaq. Çünki sanksiyalara qədər alınan texnika və avadanlıqlar sıradan çıxacaq, onların təmiri, yaxud eyni keyfiyyətli məhsulla əvəzlənməsi isə mümkün olmayacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR