İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanasan, Sanasar heç vaxt olmayıb – Qubadlı ELinin DAR gününə və xoş gələcəyinə BAXIŞ

O təkcə bu gün işğaldan azad olunmasının 2-ci ildönümü olan Qubadlı elatının böyük oğlu deyildi, eyni zamanda bütün Azərbaycan xalqının qeyrətli, fəhmli, istedadlı balasıydı.

“O nədir yazmısan, Zori Balayan?

Ötən əsrin 80-ci illərinin birinci yarısında bədnam erməni yazıçı, 1935-ci ildə Xankədidə doğulmuş Zori Balayanın iki xalq arasına nifaq toxumları səpən “Ocaq” kitabına ilk cavab verənlərdən biri məhz Eldar Baxış olmuşdu, demişdi:

eldar.jpg (4 KB)

“O nədir yazmısan Zori Balayan?
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən”.

Şair sanki 8-10 il sonra el-obasının başına gələcək fəlakəti öncədən duymuşdu. Əslində “sanki” sözü artıqdır, Qubadlı camaatının şair balası öncədən duymuşdu ki, irəlidə xalqımızı faciə gözləyir. Bu misralar da o duyğuların əsəridir:

“Böyük budaqların böyük işi var,
Bu dünya bu saat od içindədi,
Silah düzəldirlər silah dalınca,
Azot içindədi, yod içindədi”.

Təəssüf ki, elə oldu. Ermənilərə silah, vəd, yel, dil verənlərin havadarlığı üzündən güclənən, beynində qurdlar qaynaşan, qana susamış bir qövm təklənmiş, parçalanmış xalqımızın əlindən qopardığı rayonların sırasına Eldar Baxışın Qubadlı elini də qatdı.

İşğaldan öncə Qubadlıda nələr vardı, nələr qaldı?

16593544085237662649_1200x630.jpg (348 KB)

1993-cü ilin avqust ayının 31-də Ermənistan silahlı qüvvələri Qubadlını işğal etdi.
Rayondan 30 min nəfər didərgim düşdü, məcburi köçkün olaraq respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. Qubadlının 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati binası, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscidi, 16 körpüsü dağıdıldı, talan edildi, sökülüb daşındı, yararsız vəziyyətə salındı.

İşğalın darmadağın etdiyi abad rayonun tarmarını göstərən acı statistikanın davamı belədir: 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar...
Bir sözlə, o boyda rayondan əldə qalan bir Bərgüşad çayı idi, bir Həkəri, bir də dağ-dərələr. Çayların yatağı üzərində salınmış kəndlər, insan əli ilə qurub yaradılmış hər şey məhv edilmişdi. Sanki rayondan qədim vandallar, yamyam tayfaları səmum yeli əsib keçmişdi.

Ermənistanla 120 km boyunca qonşu olmaq binəsibliyi

855d698713e2166.jpg (206 KB)

Qubadlı rayonu qərbdən Ermənistan Respublikası ilə 120 km-lik məsafədə qonşudur. Ona görə də I Qarabağ müharibəsi zamanı bu rayon Ermənistan ərazisindən təşkil edilən silahlı təxribatlara tez-tez məruz qalırdı.

Qubadlının torpağı əsasən qəhvəyi dağ-meşə torpaqları olduğundan aqrar sektor üçün əlverişli torpaqlar sayılır. Rayonun Yazı düzü, Gəyən və Məzrə adlanan düzləri bol məhsullu, bərəkətli yerlərdir. Ümumilikdə Qubadlıda 80 min hektara torpaq fondu var. İşğala qədər bundan 15 min hektara yaxını əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər olub.

Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Fransızların ermənilərə tikdiyi qırmızı damlı qəsəbə

qubadli-rayonu.jpg (28 KB)

Maraqlıdır ki, Ermənistan dövləti işğal etdiyi o biri rayonlardan (Ağdam, Füzuli, Cəbrayıl və Zəngilandan) fərqli olaraq, Kəlbəcər və Laçınla yanaşı Qubadlıda da qanunsuz məskunlaşma aparmışdı. xaricdən gətirilən ermənilər rayonun Xanlıq kəndində yerləşdirilmişdilər. İşğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparılması Cenevrə konvensiyalarına görə, bunu edən ölkənin cinayət törətməsi demək olduğu halda, Xanlıqda salınan yaşayış məntəqəsinin qırmızı damlı evlərinin tikintisi məhz Avropa dövlətlərinin, xüsusilə də Fransanın, eləcə də xaricdəki erməni diasporunun maliyyə yatırımı ilə başa gətirilib.

İndi o qəsəbə ermənilərin dağıdıb məhv etdiyi bütöv rayon üçün yeganə bədəl olaraq qalır.

Qubadlıdan Laçına çıxmaq, oradan Şuşaya girmək...

2020-ci ilin bu günü, yəni oktyabr 25-də Qubadlı rayonunun ərazisi erməni işğalından azad olundu. 44 günlük müharibənin gedişatında ciddi zərbələr almış, müqavimət potensialını xeyli dərəcdə itirmiş erməni ordusu Sanasar adlandırdığı Qubadlıda möhkəmlənə bilmədi və parakəndə hala düşmüş, yiyəsiz qalmış birləşmələrinin tör-töküntüsü toplayıb qaçmağa üz qoydu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qursalar da, bir çox yüksəkliklər onların əlində olsa da, panikaya düşmüş düşmənin döyüş ruhu tamamilə zədələnmişdi. Üstəlik, Qubadlının işğaldan azad edilməsi üçün xüsusi peşəkarlıq və fədakarlıqla döyüşə atılan, sırasında polkovnik Şükür Həmidov kimi qəhrəman qubadlılı döyüşçülərin də olduğu hərbi birləşmələrimiz öncə Qubadlı şəhəri ətrafındakı yüksəkliklər götürdülər, daha sonra ətrafdakı kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərinə daxil oldular. Təəssüf ki, Şükür Həmidov Qubadlının işğaldan azad edilməsindən 3 gün əvvəl şəhadətə qovuşdu. Ancaq o bilirdi ki, geriyə yol yoxdur, sayılı günlərdən sonra doğma eli düşməndən azad ediləcək.

sukur-hemidov-ilham-eliyev_6373906645740.jpg (32 KB)

Qubadlının işğaldan azad olunması Laçına yolu açırdı. Oradan Laçın dəhlizinə çıxmaq mümkün idi. Ermənilər buna görə çox əndişəliydilər və nəyin bahasına olursa, olsun Xankəndi ilə İrəvanı birləşdirən nəqliyyat arteriyasını qorumağı düşünürdülər. Döyüşlər gedən zonaların xəritəsini diqqətlə izləyən həmvətənlərimiz isə ordumuzun Qubadlı və Laçından keçərək Şuşanı götürəcəyini proqnozlaşdırırdılar. Ancaq buna ehtiyac olmadı, qəhrəman xüsusi təyinatlılarımız qayalardan, meşələrdən keçərək Şuşanı birbaşa işğaldan xilas etdilər, bununla da müharibənin taleyi həll olundu.

Şairin reallaşan qorxusu

Без названия.jpg (6 KB)

İndi Qubadlını yenidən və sıfırdan tikib-qurmaq lazımdır. Bu sırada mərhum şairimiz Eldar Baxışın doğma kəndi Diləli Müskənli də var. Şair məşhur şeirində Zori Balayana əbəs yerə demirmiş:

Ordan apararam öz kəndimizə,
Tutub apararam göyə çıxasan.
Ancaq qorxuram ki, gedəsən ora,
Mənim kəndimə də yiyə çıxasan.

Ermənilər o kəndlərə yiyə çıxsalar da, “bizimdir” desələr də, Xanlıqdan başqa heç birində bir ev belə tikməmişdilər. İndi Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Şəhərin baş planı ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.

678.jpg (368 KB)

Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli işlər aparılır: rayon ərazisində yeddi yarımstansiya inşa olunub. Rayonun 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alınır.
Qubadlıya dördzolaqlı yolla gedəcəyik

Rayon ərazisində tikilməkdə olan dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlar arasında birləşməni təmin edəcək. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yollardan insanlar rahat istifadə edəcəklər, rayonda istehsal olunacaq məhsullar bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq mümkün olacaq.

Prezident İlham Əliyev 2020-ci ilin dekabrından başlayaraq Qubadlı rayonuna iki dəfə səfər edib, Qubadlıda Azərbaycan bayrağının ucaldılması mərasimində, Xanlıq-Qubadlı yolunun təməlqoyma tədbirində, “Qubadlı” yarımstansiyasının açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin rayondakı yeni hərbi hissə kompleksinin açılışına qatılıb, rayon ictimaiyyəti ilə görüşüb.

akar.jpg (134 KB)

Beləcə, ermənilərin adını mifik qəhrəmandan götürüb Sanasar adlandırdığı rayon iki ildir öz əvvəlki adına qovuşub. Sanasan, Sanasar heç vaxt olmayıb, buralarda, böyük şairimiz Məmməd Araz demişkən, “min illərdir Araz belə, Həkəri belə”ymiş.

Allah ürəyi vətənlə döyünən, Qubadlının düşməndən qurtulacağı günün eşqi ilə yaayan və o günü görməyən bütün ziyalılarımıza, o torpaqları azad edərkən həyatını itirən əsgər və zabitlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qoy döyüşçü qardaşlarımız elə bir ölkədə yaşasınlar ki, azad etdikləri torpaqlarda gəzərkən, o torpaqların çörəyini yeyib, suyunu içərkən, “bu yerlər üçün döyüşməyə dəyərdi” fikri heç vaxt onları tərk etməsin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR