İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana hücum və Gürcüstanda dövlət çevrilişi – Ermənistan Qərblə hansı razılığa gəlib?

Sentyabrın 30-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Alyansın Hərbi Komitəsinin nümayəndələri arasında görüşlər keçirilib.

Caliber.Az-ın verdiyi məlumata görə, danışıqlar zamanı ilk olaraq aprelin 5-də Ermənistanın Qərb müttəfiqləri ilə əsas görüşünün nəticələrinin məntiqi davamı və inkişafı olan strateji razılaşmalar əldə olunub. 

ARMEN.jpeg (45 KB)

“NATO-nun yeni cənub cinahı” və “Cibuti modeli”

Caliber.Az-a diplomatik mənbələrdən daxil olan yeni məlumata görə, Qriqoryan sentyabrın 30-da keçirilən görüşdə Ermənistanın “NATO-nun yeni cənub cinahı” olmağa hazır olduğunu bildirib. O, Ermənistanda avia bazalarının tikintisini və raketdən müdafiə bölmələrinin yerləşdirilməsini təşviq etmək niyyətini vurğulayıb.

Qriqoryanın sözlərinə görə, bu bazalar NATO-nun Çevik Yerləşdirmə Qüvvələrinin qoşunlarını, o cümlədən quru, hava və xüsusi bölmələri qəbul etməyə hazır olacaq.

ABŞ və Fransa bu təşəbbüsü fəal dəstəkləsə də, Almaniya ölkədə Rusiya qoşunlarının, kəşfiyyat xidmətlərinin və İran agentlərinin geniş yayılmasına görə məsələyə şübhəli yanaşıb.

Bununla belə, Amerika-Fransa tandeminin arqumentləri Ermənistanın Rusiyanın təsir dairəsindən davamlı, institusional şəkildə çıxarılması üçün əks tarazlığın yaradılması zərurəti idi.

Dünyada Amerika Birləşmiş Ştatlarının və Çinin hərbi bazalarının yerləşdiyi yeganə ölkə olan Cibutidəki vəziyyətə misal gətirilib.

CİBUTİ.jpg (107 KB)

“Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aparılan danışıqlar nəticəsində qərara alınıb ki, Ermənistanın cənubunda NATO qoşunları yerləşdirilsin. Bunu pərdələmək üçün isə orada dağ tüfəngi qoşunlarına təlim mərkəzi yaradılmalı idi.

Bununla bağlı əldə olunmuş razılaşmanın həyata keçirilməsi prosesini planlaşdırmaq üçün ABŞ-ın Avropa Komandanlığının nümayəndə heyətinin tezliklə Ermənistana gələcəyi müzakirə olunub.

Ermənistanın Azərbaycanla bağlı planları: təzyiqlər və ambisiyalar

Görüş zamanı Armen Qriqoryan Ermənistanın NATO-ya inteqrasiya kursu seçdiyini açıq şəkildə bəyan edib və Azərbaycanı “Ermənistana məqbul” şərtlərlə sülh bağlamağa məcbur etmək üçün ona maksimum təzyiq göstərməyə çağırıb. Bununla əlaqədar olaraq o, qərbli həmkarlarından COP29 konfransı kontekstində Azərbaycana informasiya təzyiqinin artırılmasında kömək istəyib və qeyd edib ki, hazırda Bakı “xüsusilə həssasdır” və “sülhə məcbur edilməlidir”.

Qriqoryanın sözlərinə görə, İrəvanın təklif etdiyi formada “sülh müqaviləsi” sənədini imzaladıqdan dərhal sonra Ermənistan KTMT-dən çıxmaq üçün rəsmi prosedura başlamağa və NATO-ya inteqrasiya yolunu elan etməyə hazırdır.

NİKOL EN SON.jpg (73 KB)

Qriqoryan Azərbaycan ordusu tərəfindən bir neçə yüz kilometrlik “suveren Ermənistan ərazisi”nin onun dili ilə adlandırsaq, “işğal”ı məsələsini də qaldırıb. Söhbət sərhədin delimitasiya edilməmiş hissələrində Azərbaycan Silahlı Qüvvələrinin tutduğu mövqelərdən gedir.

Armen Qriqoryan İrəvanın bu torpaqların sülh yolu ilə geri qaytarılması imkanını görmədiyini vurğulayıb. Təklif edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən sonradan mübadilə etmək məqsədi ilə Azərbaycan torpaqlarının ekvivalent və ya daha böyük ərazisini işğal etmək üçün tez qalibiyyətli müharibə edilsin.

Onun fikrincə, belə “qələbə” Ermənistan ordusunun və cəmiyyətinin mənəviyyatını bərpa etməyə kömək edəcək, Azərbaycan cəmiyyətini ruhdan salacaq, Azərbaycan ordusunun qeyd-şərtsiz hərbi üstünlüyü ilə bağlı köklü fikirləri zəiflədəcək. Üstəlik, ssenari müəlliflərinin fikrincə, bu, Qərbdən alınan hərbi texnikanın real döyüş şəraitində mühüm sınağı olacaq və 2020-ci ildəki qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycanda artan nüfuzunu xeyli zəiflədəcək.

NATO hərbçilərinin yeni hərbi əməliyyatların başlamasının Ermənistan üçün ərazi itkiləri riski daşıyıb-daşımaması ilə bağlı sualına cavab olaraq Qriqoryan qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan ordusu “qalalar” tikir və aktiv istehkam işləri aparır.

Gürcüstan: sabitliyin pozulmasının əsas elementlərindən biri

Danışıqlarda Gürcüstandakı vəziyyətə xüsusi diqqət yetirilib.

Qriqoryanın fikrincə, Gürcüstanın hazırkı hökuməti Azərbaycana yaxındır və bu, regionun Qərbin nəzarətinə keçməsinə mane olur. Bu baxımdan Ermənistanın Gürcüstanda, xüsusən də etnik ermənilərin sıx məskunlaşdığı ərazilərdə seçkilərin nəticələrinə təsir imkanları müzakirə olunub.

KOBAX.jpg (69 KB)

Görüşdə Ermənistan və Qərb dövlətlərinin, xüsusilə də Fransa və ABŞ-ın kəşfiyyat xidmətlərinin Gürcüstan istiqamətində iş kontekstində əməkdaşlığı yüksək qiymətləndirilib. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin işi və əməkdaşlığın yüksək səviyyəsi bəyənilib.

Brüsseldə keçirilən görüşdə həmçinin bildirilib ki, Ermənistan xüsusi xidmət orqanları Gürcüstanda yaşayan etnik ermənilər arasında yaradılmış agent şəbəkəsinin köməyi ilə “aktiv tədbirlər” hazırlayır. Mümkün hərbi əməliyyat zamanı Rusiyanın Erebunidəki hərbi aviabazasının “mülki fəallar” tərəfindən bloklanacağı qeyd edilib ki, bu da 2008-ci il təcrübəsindən fərqli olaraq Rusiya ordusuna Gürcüstan ərazisinə döyüş tapşırıqlarını yerinə yetirməyə imkan verməyəcək.

Rusiya ilə münasibətlər və Qərblə əməkdaşlıq

Görüşdə Qriqoryan bu il aprelin 5-də əldə edilmiş razılaşmaların həyata keçirilməsinə görə minnətdarlığını bildirib və Ermənistanın Rusiyanın təsirindən çıxacağı halda onun təhlükəsizliyini təmin edəcək yeni tam hüquqlu müdafiə paktının bağlanmasının zəruriliyini vurğulayıb.

Ermənistanın Qərb dövlətləri, xüsusilə Fransa və ABŞ ilə əməkdaşlığı yüksək qiymətləndirilib. Bununla belə, problem Ermənistanın təhlükəsizlik strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Xidmətində və orduda çoxlu sayda rusiyapərəst kadrlarla bağlı qalır. O cümlədən, Fransa tərəfi Ermənistana verilmiş Fransa hərbi texnikası barədə məlumatların Rusiya və İran tərəflərinə ötürülməsi hallarından narahatlığını ifadə edib. Qriqoryan idarələrin Rusiya agentlərindən təmizlənməsi üzrə işlərin fəal aparıldığına əmin edib və bu prosesdə Qərb kəşfiyyat xidmətlərindən ekspert və operativ dəstək istəyib. İclasda müxtəlif vaxtlarda Ermənistan ərazisində yerləşən Rusiya ordusu, KTMT və Rusiya hərbi qulluqçuları haqqında kəşfiyyat məlumatlarının mübadiləsinin vacibliyi təsdiqlənib.

NƏTİCƏ

NATO-nun qərargahında keçirilən 30 sentyabr görüşü Ermənistanın nə qədər riskli bir yol seçdiyini aydın şəkildə göstərir. Ermənistanın NATO-nu hərbi qüvvələrin yerləşdirilməsi və Ermənistan ərazisində müvafiq infrastrukturun yaradılması üçün cəlb etməyə yönəlmiş siyasəti regional təhlükəsizlik üçün ciddi təhdidlərlə bağlıdır. Gürcüstanda siyasi destabilizasiya cəhdləri və Azərbaycana qarşı hərbi ambisiyalar Cənubi Qafqaz regionunda yeni qarşıdurmaya və gərginliyin artmasına səbəb ola bilər.

Azərbaycan tərəfi Ermənistanın apardığı danışıqlar və atdığı addımlardan xəbərdardır. Ölkəmiz hadisələrin hər cür inkişafına hazırdır və dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq, öz milli maraqlarını qorumağa davam edəcək. Biz Ermənistan və onun Qərb müttəfiqlərinin hərəkətlərindən irəli gələn hər hansı təhdidə qarşı durmaq üçün bütün lazımi resurslara malikik.

TOFİQ.jpg (75 KB)

Politoloq Tofiq Abbasov Musavat.com-a bildirib ki, Ermənistanın NATO-ya doğru istiqamət götürməsi ilk növbədə rəsmi İrəvanın manevr siyasətindən irəli gələn gedişdir:

“Faktiki olaraq Ermənistanın indiki siyasi rəhbərliyinin nə dərəcədə yetkili olmadığını görürük. Ermənistanda 3 güc mərkəzi var. Onlardan biri Nikol Paşinyan, digəri Ararat Mirzoyan və nəhayət Alen Simonyandır. Onlar NATO vasitəsi ilə Rusiyaya təzyiq göstərmək və ondan nəsə qoparmaq niyyətini güdürlər. NATO heç vaxt Ermənistanı öz sıralarına dəvət etməyəcək. Nikol Paşinyan və onun siyasi komandası aldanıb siyasi alverə qoşulub. Bir yandan deyir KTMT-dən çıxacaqlar, digər tərəfdən isə bildirir ki, Qərbə doğru istiqamət götürüblər və NATO-ya üzv olacaqlar. Bu niyyətlərin arxasında qazanc əldə etmə istəyi var. Bu çağa qədər Ermənistan KTMT-dən xeyli silah-sursat alırdı, onun üçün əlverişli rejimlər yaradılırdı, kreditlərlə bəzi texnologiylar verilirdi. 2020-ci ildə məğlub olduqdan sonra Ermənistanda hakimiyyətdə yerdəyişmələr edildi. Təhlükəsizlik Şurasının rəhbəri qarabağlı ermənidir, ABŞ-də təhsil alıb, qərbpərəstdir.

Ümumiyyətlə, Ermənistanda hakimiyyətdə olanların siyasi səriştəsi yoxdur ki, adekvat xətt yürütsünlər. Bütün stulların hamısında oturmaq istəyirlər. Həm NATO-ya qoşulmaq istəyirlər, həm də Rusiyanı əldən buraxmırlar. Ermənistan dünya çapında yeganə ölkədir ki, belə məsuliyyətsiz, dayaz mövqe sərgiləyir. Ermənistan Gürcüstandan dərs çıxarmalı idi. Kollektiv Qərb Saakaşvilinin dövründə Gürcüstanı zərbə altında qoydu. Onlara NATO-ya, Avropa Birliyinə üzvülük vəd edərək aldatdılar. Sonradan isə bu ölkəni Rusiyanın caynağına verdilər.

Qondarma vətəndaş müşahidə missiyasının 200-dən çox nümayəndəsini Ermənistan ərazisinə buraxıb. Onlar da Ermənistandan İranı, Azərbaycanı, Rusiyanı, Türkiyəni güdürlər.

Qərb Ermənistanla açıq şəkildəoyun oynayır. Onlara ermənilər yox, Ermənistanın ərazisi lazımdır. Ermənistan heç vaxt NATO-ya tam üzv olmayacaq. Azərbaycan heç vaxt yarımçıq sülhü bağlamayacaq. Sülh yalnız qanunvericilik aktlarına edilən dəyişiklikdən sonra baş tuta bilər”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR