Onlayn ictimai-siyasi qəzet
Dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrinin yenidən baxılma ilə əlavə xərclərinin, öz növbəsində əlavə gəlirlərin formalaşmasına təsir göstərəcəyini nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.
Musavat.com-un məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasındakı büdcə müzakirələri zamanı söyləyib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barrelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Maliyyə naziri qeyd edib ki, dövlət büdcəsinin 3796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur:
- əlavə qeyri-neft gəlirləri – 1300,0 milyon manat;
- əlavə neft gəlirləri – 605,0 milyon manat;
- Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmalar – 250,0 milyon manat;
- “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun (məqsədli büdcə fondu) gəlirləri - 25,0 milyon manat;
- dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü – 851,8 milyon manat.
- dövlət büdcəsinin kəsirinin böyüdülməsi - 764,3 milyon manat”.
Çıxışda bildirildi ki, büdcəyə yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat (8,8 faiz) çoxdur. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcək.
Dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6400,0 milyon manatı və ya 17,6 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12781,0 milyon manatı və ya 35,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1 faiz çoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4580,0 milyon manatı və ya 30,0 faizi neft sektorunun, 10690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft sektorunun payına düşəcək.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ