Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğu qeyd edilərək, xalqlarımızı birləşdirən ortaq tarixi, dil, dini, milli-mənəvi dəyərlərin münasibətlərimizin əsasında dayandığı, xalqlarımızın hər zaman bir yerdə olduğu vurğulanıb. Bildirilib ki, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Bu mənada, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Söhbətdə bu gün dövlət başcılarımızın liderliyi ilə ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti Azərbaycan-Türkiyə əlaqələrinin hər tərəfli inkişafında və müttəfiqlik səviyyəsinə çatmasında çox mühüm rol oynayır.
Milli Məclisin sədri, Azərbaycan Prezidentinin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, ölkələrimizin türk dövlətləri arasında da münasibətlərin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. O, bu sahədə parlamentlərin də üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib. Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına dəstək və töhfələr verdiyi, hazırda qanunverici orqanlarımız arasında da əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur. Həmçinin parlamentlərimiz beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir və bütün məsələlərdə ortaq mövqedən çıxış edirlər.
Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb ki, bu sənəd parlamentlərimiz arasında bir çox sahələrdə əlaqələrin daha da dərinləşməsini özündə ehtiva edir. Bu saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələr çox önəmlidir. Azərbaycana səfərindən və Milli Məclisdə olmağından məmnunluğunu ifadə edən Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmut Özər cari il may ayının əvvəlində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu və Forumun çox yüksək səviyyədə təşkil edildiyini qeyd edib.
Görüşdə qardaş ölkələrimiz arasında bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş əlaqələrin olduğu bildirib. Spiker Sahibə Qafarova gənc nəslin tərbiyəsi, ailə dəyərlərimizin qorunması istiqamətində təhsilin xüsusi rolunu vurğulayaraq deyib ki, gənc nəslin milli dəyərlərimizə bağlı, qardaşlıq münasibətlərimizə sadiqlik ruhunda yetişdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Tərəflər Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmnunluqlarını ifadə edərək, bunun ölkələrimiz arasında qardaşlığın təzahürü olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin daha yaxşı təhsil almasına və gələcək inkişafına öz töhfəsini verəcək. Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, TBMM üzvləri Nazım Maviş, Mehmet Emin Öz, Nurten Yontar, Şenol Sunat, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ