İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistanın hərbi cinayətlərini açıqlayıb

Oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsidən Musavat.com-a verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova ikinci dəfə söz alaraq, Ermənistan parlamentinin spikerinə cavab verib.

Sahibə Qafarovanın sözlərinə görə, burada iddia olundu ki, Azərbaycan Ermənistan ərazisini işğal edib: “Bu tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir: "Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb".

Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib: "Mən tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt hərbi cinayət törətməyib. Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixli məlumatlarında bildirilir ki, internetdə anonym şəkildə yayılmış və sosial şəbəkələrdə Azərbaycan ordusunun qanunsuz əməlləri kimi təqdim olunan videogörüntülərlə bağlı hazırda ətraflı araşdırma aparılır. İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu, ələ salınmasından xəbər verir. Mən burada erməni hərbçilərin etdikləri barədə danışmayacağam, çünki bu barədə emosiyasız danışmaq mümkün deyil. Bu, normal, mədəni insanın şüuruna sığmır. Odur ki, sualımı təkrar etmək istəyirəm: Ermənistanın Baş Prokurorluğu bu video görüntüləri araşdırırmı?".

Sahibə Qafarova daha bir sual ünvanlayıb: "İki Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərlərinə və mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlərin və digər qanunsuz əməllərin, habelə 44 günlük müharibə dövründə dinc əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə amansız raket hücumlarının günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün Ermənistan tərəfindən hansı addımlar atılıb? Sual təbii ki, ritorikdir, çünki sosial şəbəkələrdə də geniş yayılan çoxsaylı rəsmi videoların olmasına baxmayaraq, heç bir addım atılmayıb".

Milli Məclisin sədri qeyd edib ki, birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur: “Onlara nə olub? Bu, seçicilərimizin bizə ən çox ünvanladığı suallardan biridir. Hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR