İnsanlara hürriyət, millətlərə istiqlal!

Şadlıq saraylarında menyulara “toy tuturlar” - qiymətlər yenidən bahalaşdı

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub

İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63 % artım qeydə alınıb. Bu barədə “Trend”in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin monitorinqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Məsələ ilə bağlı Bakıda fəaliyyət göstərən bir neçə şadlıq evinin təklif etdiyi menyu qiymətlərinə nəzər saldıq. Məsələn, “Yeganə” şadlıq sarayında ötən il menyunun qiyməti 55-85 manat arasında dəyişirdisə, hazırda da başlanğıc qiymət 55 manatdan təklif olunur. “Xudafərin” şadlıq sarayı ötən il menyu qiymətini 40 manatdan təklif edirdisə, bu il 35 manatdan başlayır. Obyektin işçisinin sözlərinə görə, böyük zalda qiymət 60 manatdan təklif olunur. “Xəzinə Palace”də menyu qiyməti 40 manat, “Al Saray”da 28 manat, hər zaman dəbdəbəliliyi ilə seçilən “Versal Palace”də isə qiymətlər 70 manatdan başlayır.

Mürvət Həsənli ictimai birliyə sədr seçildi

 Mürvət Həsənli 

“Xəmsə” şadlıq sarayının sahibi, iş adamı Mürvət Həsənli də menyu qiymətlərinin artmadığını bildirdi: “İaşə sektorunda, xüsusən də şadlıq saraylarında qiymətlərin artmasını müşahidə etməmişəm. Bizdə də ötən ilin noyabr, dekabr ayında olan 38-40-50 manatlıq menyulardır.  Lakin  qiymət artımı labüddür. Ərzaq bazarındakı qiymət artımı gətirib ona çıxaracaq ki, menyuların da qiyməti artırılsın. Belə ki, toyuq, mal əti, kərə yağı və digər məhsulların qiyməti xeyli artıb. Yəqin ki, məhərrəmlik aylarından sonra qiymət artımı olacaq. O ki qaldı işçilərlə bağlı, o da məlumdur ki, əmək haqqı artırılıb. Ölkədə minimum əmək haqqı artdığından, işçilərin də maaşı artırılıb. Bu məsələnin də menyunun qiymətinə təsiri var. Digər məsələlərdə, məsələn, video, fotoçəkilişləri və başqa xidmətlərin də qiymətlərinin qalxması mümkündür. Çünki qeyd etdiyim kimi, hər yerdə qiymətlər artır”.

Mürvət Həsənli toy sahəsində aktivliyin olmadığını da vurğuladı: “O qədər də aktivlik müşahidə olunmur. Adam sayı az olur. Məsələn, gələn qonaqların sayı 150-200 nəfərdən çox olmur. Pandemiyadan əvvəl isə adətən 300-500 nəfər qonaq sayı olurdu. Təbii ki, bu da onunla bağlıdır ki, insanların maddi vəziyyətlərində durğunluq var, alınan maaş demək olar ki, ərzağa, gündəlik tələbatlara gedir. Məsələn, əgər əvvəllər insanlar maaşlarının təxminən 30 faizini kənara qoya bilirdisə, indi maaşlarının yüz faizini xərcləməli olurlar”.

Azərbaycanda dollar almaq əngəli - absurd tələb niyə ləğv olunmur?

Rəşad Həsənli 

İqtisadçı ekspert Rəşad Həsənli mövzu ilə bağlı qeyd etdi: “Qiymətin bahalaşması əslində başadüşüləndir. İnfilyasiya bütün sahələrdə öz təsirini göstərməkdədir. Qiymətlər bahalaşdıqca bir sıra xidmətlərin maya dəyəri formalaşır. Xüsusən də iaşə sahəsində daha əvvəldən qiymətlərin bahalaşacağı proqnozlaşdırılırdı. Lakin müəyyən mənada alıcılıq gücü qiymət artımlarının təzyiqini neytrallaşdırır. Çünki xüsusilə pandemiyadan sonra, bahalaşmanın sonunda alıcılıq gücü aşağıdır, ailələrin iaşə xidmətləri üçün ayırdıqları büdcə məhdudlaşır. Belə bir şəraitdə proses qismən tormozlansa da, istehsal qiymətləri indeksinin istehlak qiymətləri indeksi ilə müqayisədə daha yüksək artımı gələcək dövrlərdə qiymətlərin yenidən təkrar daha da artması ehtimalını gücləndirir. Xüsusən də nəzərə alsaq ki, hazırda iaşə sektorunda istifadə olunan, maya dəyərini formalaşdıran bir sıra məhsulların mövsüm dövrüdür, qiymətlər qismən də olsa aşağıdır, növbəti aylarda, xüsusən də oktyabr ayında bu proses bitəcək və maya dəyəri daha da yüksələcək, üzü qışa doğru daha da artacaq.

Natiq Cəfərli: “Bu artım bazar qiymətlərinə hec cür adekvat deyil”

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, əgər ölkədə ərzaq inflyasiyası rəsmi rəqəmlərə görə, 20 faizi keçibsə, kafe və restoranlarda, şadlıq evlərində toy və restoran xidmətləri göstərən təşkilatlarda olan qiymət artımı təbiidir: "Yəni ərzaq məhsullarının qiymətinin artması onların maya dəyərinə təsir göstərir. Bu, birbaşa inflyasiyanın təsiridir. Ölkədə inflyasiya zəifləməsə, ərzaq inflyasiyasının həcmi və faizi aşağı düşməsə, təbii ki, qiymət  artımının qarşısını almaq mümkün olmayacaq. Keyfiyyətin aşağı düşməsi isə rəqabətli mühitlə, həmçinin qiymətlə də bağlı ola bilər. Çünki bəzi iaşə obyektləri müştərini cəlb etmək üçün  daha keyfiyyətsiz, amma daha ucuz xidmət təklif edə bilirlər. Bu da  qiymət siyasətinin yan təsirləridir. Beləliklə, ölkədə inflyasiya azalmasa, qiymət artımı səngiməsə, digər sahələrdə, o cümlədən xidmət sahəsində bahalaşmanı davamlı olaraq görəcəyik".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR