İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq deputat Hüseyn Abdullayev yenidən məhkəmədə - hərəkətsizlikdən şikayət edir

Xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunan sabiq deputat Hüseyn Abdullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Vəkili Ceyhun Yusifov Musavat.com-a deyib ki, müvəkkili haqda 2 aydır həbs qətimkan tədbiri seçilib, lakin heç bir istintaq hərəkəti aparılmır. Bu səbəbdən istintaq orqanının hərəkətsizliyindən məhkəməyə şikayət ərizəsi verilib:

“Hüseyn Abdullayevlə bağlı heç bir istintaq hərəkəti aparılmır. Belə olan halda həbsdə qalması da mənasızdır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinə şikayət verdik. Lakin məhkəmə şikayətimizi təmin etmədi. Hazırda həmin qərardan apellyasiya şikayəti vermişik”.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin aprelində onun cəzası başa çatsa da, azadlığa buraxılmadı. Barəsində yeni cinayət işi başlandığına görə onu istintaq təcridxanasına köçürüblər.

Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb. Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb.

Yeni ittiham ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. O, hazırkı iqtidarın tərəfdarlarından olub və onun yerli mediada müxalifətin etirazlarına qarşı sərt mövqe tuduğu barədə məlumatlar yayılıb.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Abdullayev cəzalandırılıb.

O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. O, mühacirət dövründə hazırkı hakimiyyəti tənqid edib və bu yönümlü mahnılar bəstələyib. Bundan sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb. Keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Hüseyn Abdullayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR