Onlayn ictimai-siyasi qəzet
Sabah, həqiqətən, bizim üçün çox vacib və dəyərli oyun olacaq.
Musavat.com İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, bu barədə çox danışmaq istəmir:
“Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Portuqaliyada da qeyd etmişdim ki, bizi bu hesab aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli və daha düzgün oynayacaqlar. Həmçinin, soyuqqanlı oyun nümayiş etdirəcəklər. Sabaha kimi vaxtımız var. Oyunu yaxşı notla başa vurmaq istəyirik. Əlimizdən gələni edib, şans varsa, ondan yararlanmağa çalışacağıq”.
- Komandada son durumu necə dəyərləndirərdiz? Zədə ilə bağlı hansısa problem yoxdur?
- Hər şey qaydasındadır
- “Braqa”da hamı Bakıya ancaq qələbə üçün gələcəklərini deyir. Bu, psixoloji tərəfdən komandaya necə təsir edə bilər?
- Tələb gözləniləndir. Çünki onlar yaxşı klubdur. Növbəti mərhələyə keçmək şansları çox idi. Amma bunun futbolçularıma psixoloji təsir edəcəyinə düşünmürəm. Biz “Braqa”nın gücünə bələdik. Matçdan öncə də onların necə oynadığını bilirdik. Oyundan sonra da komanda ilə söhbətdə qeyd etdik ki, Bakıdakı görüşdə sürətli, diqqətli və yaxşı oyun göstərməliyik. Onlar həddindən artıq sürətlidirlər. İllər boyu bu cür gərgin oyun nümayiş etdirən komandadır. Ona görə də cavab qarşılaşmasına son dərəcə yüksək hazırlaşmışıq.
- Sabahkı oyun Azərbaycan futbolunun Avropada özünü təsdiqi üçün bir şansdır.
- Bu günki nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Amma Avropada qazanılan hər bir qələbə bu gün Azərbaycan futbolunda böyük uğur sayılmalıdır. Çünki daha stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-off oyunlarında isə qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Həmçinin hamını bir araya toplayır. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, azarkeşləri belə oyunlara kökləməkdir. Biz bu cür yanaşsaq da, ola bilər ki, yerimizdə qalaq. Hər bir oyunda bizim bu səviyyəyə çatmağa ehtiyacımız var. Belə qalibiyyətlər bizi daha həvəsli və inamlı edir. Həmçinin nəinki azarkeşlərə, həm də dövlət qurumlarının futbola marağı artır. Həmişə istəmişəm ki, böyük klublar Azərbaycana gəlsinlər. Bununla dayanmaq olmaz. İlk matçda qalib gəlmişik. Sabah biz məğlub olsaq da, bu, uğursuz bir nəticə deyil. Çünki səfər matçında qələbə qazanmağı bacarmışıq.
- Mövsümün əvvəlində bu qədər irəli gedəcəyinizi təxmin etmişdiniz?
- Biz həmişə qarşımıza bir məqsəd qoyuruq. İldən-ilə daha yaxşı olmaq istəyirik. Bunun da hamısı daxili çempionatımızdan başlayır. Qarşımızda bu mərhələyə gəlmək üçün böyük istək var idi, amma tələb yox idi. İlk məqsədimiz minimum Avropa Liqasının qrup mərhələsinə düşmək idi. Sevindirici haldır ki, biz bunu bacardıq. İşlərimiz pis getməyib. Hər şey planlı şəkildə davam edib. Bu gün də futbolçularıma güvənirəm ki, bura kimi gəlib irəliləməyimizdə onların payı çoxdur. Sabah da meydanda söz sahibi komandam olacaq. Mən onlara inanıram və güvənirəm. Ən əsası oyuna düzgün yanaşırıq. İnanıram ki, hər şeyi daha da yaxşı etmək gücündəyik.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” görüşü saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ