Onlayn ictimai-siyasi qəzet
Rusiyaya məxsus mayeləşdirilmiş təbii qazın daşınmasını həyata keçirən “Pioner” tankeri aylarla neytral sularda üzdükdən və daşıdığı qazı sata bilmədikdən sonra yanacağı Rusiyanın Uzaq Şərqindəki anbara boşaldıb.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Rusiyanın Arctic LNG 2 zavodundan yük daşıyan, ABŞ-ın sanksiya siyahısına salınan “Pioner” Kamçatkadakı “Koryak” üzən anbarının yaxınlığında dayanıb. Bildirilir ki, yəqin ki, yeni alıcı tapana qədər qazı orada saxlayacaqlar.
“Pioner” avqustun əvvəlində Rusiyanın sanksiyalı “Arctic LNG 2” maye qaz zavodundan yük götürərkən peyk tərəfindən görüntülənib. Sonrakı aylarda gəmi müştəri axtarmaq üçün dünyanı "gəzdi".
Ekspertlərin fikrincə, bu hadisə ABŞ sanksiyalarının Rusiyanın LNG ixracını artırmaq planlarına nə dərəcədə mane olduğunu nümayiş etdirir.
Bloomberg-in məlumatına görə, Moskva artıq Arctic LNG 2-nin bir neçə partiyasını “ixrac edib”. Bütün bu hallarda “kölgə donanması” adlandırılan gəmilərdən istifadə edilib. Potensial alıcılar ABŞ-ın reaksiyasından qorxduqları üçün donanmadakı tankerlərin heç biri xarici limanda dayanmadı.
Bu yaxınlarda Ukrayna kəşfiyyatı Rusiyanın “kölgə donanmasının” gəmilərinin siyahısını və fotoşəkillərini dərc edib. Bu, tankerlərin yalnız bir hissəsidir: lakin onların sayı artıq 230 gəmini keçib.
Əsasən köhnə və istismar müddəti bitmiş olan belə tankerlər ekoloji fəlakət mənbəyi hesab edilir. Belə tankerlərdən biri ötən həftə Baltik dənizində Finlandiya ilə Estoniyanı birləşdirən telekommunikasiya kabelini sıradan çıxarıb.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ