Onlayn ictimai-siyasi qəzet
Rusiyanın dəniz yolu ilə neft ixracı kəskin azalıb. Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Azalmaya səbəb Primorsk limanında aparılan təmir işləri və Kozmino bölgəsində güclü küləyə görə Baltik və Sakit okeanın əsas terminallarında yükləmələrin minimuma düşməsidir.
Primorskda planlı təmir işləri üç gün yükləmələrin dayanmasına səbəb olub. Bu, tədarükləri sentyabr ayından bəri ən aşağı səviyyəyə endirib. Uzaq Şərqdə sürəti 65 km/saatdan çox olan güclü küləklər martın əvvəlində baş verən oxşar fasilələrdən sonra Kozminodan daşımaları yenidən məhdudlaşdırıb.
Təmir və əlverişsiz hava şəraiti həftəlik neft ixracının Moskvanın OPEC+ tərəfdaşları ilə hasilatı azaltmaq və qiymətləri dəstəkləmək barədə razılaşdırdığı hədəf səviyyəsindən nəzərəçarpacaq dərəcədə aşağı olmasına gətirib çıxarıb.
İxracın azalmasında Rusiya neftini daşıyan bəzi tankerlərə və ticarətlə məşğul olan bir sıra şirkətlərə qarşı sanksiyalar da xüsusi rol oynayır. Rusiyanın ən böyük gəmiçilik şirkəti Sovcomflot bildirib ki, ABŞ-ın sərtləşdirmə tədbirləri onun əməliyyatlarına mənfi təsir göstərir.
Rusiya neftinin əsas alıcılarından olan Hindistanın qərb sahillərində Rusiyaya məxsus “Urals” neftini daşıyan iki tanker boşaldılması üçün icazə olmadığına görə üç həftədən artıqdır ki, boş qalıb. Hindistan neft emalı zavodları Rusiyadan neft alışına görə yaranan problemlər üzündən Amerika neftinin alışını artırırlar.
Uzaq Şərq üçün əsas Rusiya nefti növləri olan ESPO və “Sokol”un Hindistana tədarükü tamamilə dayandırılıb. Son partiya yanvar ayında göndərilib. Halbuki ixracın pik dövründə - təxminən bir il əvvəl bu növlərin Hindistana ixracı gündəlik 500 min barelə çatmışdı.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ