İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın BMT TŞ-dən çıxarılması tələbinə ABŞ-dan ilginc reaksiya

Politoloq: “ABŞ, o cümlədən kollektiv Qərb Rusiya ilə münasibətləri tam şəkildə korlamaq istəmir”

BMT Baş Assambleyasının iclasında çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmasını təklif və tələb edib. O, BMT-ni sülhü effektiv şəkildə təmin edə bilməməkdə suçlayıb. Ukrayna prezidentinin bu çıxışına ABŞ-dan cavab gəlib. “ABŞ administrasiyası Rusiyanın BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılmasının mümkünlüyünü görmür”. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına qadağa qoyulması təklifinə münasibət bildirərkən deyib. “Ukrayna prezidenti açıq-aydın danışıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılsın. Biz bu mexanizmin dəyişdirilməsinin mümkünlüyünü görmürük”, - deyə Psaki bildirib.

ABŞ Rusiyanın BMT-də qalmasını niyə dəstəkləyir? Sözügedən mexanizmi dəyişmək gerçəkdən mümkün deyil, yoxsa ABŞ Rusiya ilə bütün körpüləri yandırmaq istəmir?

Politoloq: Ermənistanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət  acınacaqlıdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ukrayna lideri Zelenskinin çağırışının reallaşdırılması istiqamətində ciddi hüquqi və siyasi maneələr var. Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən hər hansı birinin TŞ-dən çıxarılması mexanizmi mövcud deyil. BMT yaradılarkən onun Təhlükəsizlik Şurasının daimi üzvlərinin təyin edilməsi zamanı onların üzvlüyünə xitam verilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməyib. Bu da hazırda bu məsələdə çox ciddi çətinliklər yaradır: “Ona görə də Rusiyanın TŞ-dən çıxarılmasının mümkün olmamasında həm bu amil rol oynayır, həm də ABŞ, o cümlədən kollektiv Qərb Rusiya ilə münasibətləri tam şəkildə korlamaq istəmir. Təbii ki, Ukrayna məsələsi çox böyük planların və böyük oyunların tərkib hissəsidir. Bu məsələdə artıq görünən odur ki, Ukrayna bu planların həyata keçirilməsi üçün qurban verilib.

BMT ilə bağlı məqama gəldikdə isə Ukrayna problemi bir daha sübut etdi ki, buna qədər mövcud olan problemlərdə olduğu kimi, o cümlədən 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişəsinə münasibətdə olduğu kimi, BMT dünyada baş verən proseslərə ciddi təsir göstərə biləcək funksiyanı həyata keçirə bilmir. Bu da BMT-nin qlobal dünyada nüfuzunun çox ciddi şəkildə aşağı düşməsinə gətirib çıxardı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dəfələrlə səsləndirdiyi kimi, dünya beşdən böyükdür. Yəni bu da bir daha sübut edir ki, BMT Təhlükəsizlik Şurasının veto qoymaq hüququ da daxil olmaqla, bir sıra üstünlüklərə malik olan beş daimi üzvü dünyada istədiyi məsələdə istəklərini həyata keçirirlər və istəmədikləri məsələyə dərhal veto qoyurlar. Bu gün də Rusiyanın TŞ-nin daimi üzvlüyündən xaric edilməsi üçün ən ciddi maneə məhz veto hüququnun olmasıdır. Rusiya Sovetlər Birliyinin varisi kimi Təhlükəsizlik Şurasının daimi üzvü olaraq veto hüququna malikdir. Ona görə də əgər TŞ-dən Rusiyanın çıxarılması ilə bağlı məsələ müzakirə olunacaqsa, Rusiya buna veto qoyacaq və məsələ bağlanmış olacaq".

Ekspert qeyd etdi ki, BMT-nin 1945-ci ildə yaradılması zamanı onun təməlində despotik meyllər olub: “Yəni bu gün dünya 200-ə qədər dövlətdən ibarətdirsə, niyə ancaq 5 dövlət digər dövlətlərdən xüsusi üstün mövqeyə malik olmalıdır, niyə dünyanın taleyi ilə bağlı qərarları 5 dövlət verməlidir? Bu bir daha sübut edir ki, BMT-nin nizamnaməsində bərabərlik kimi ülvi prinsiplər əksini tapmasına baxmayaraq əslində TŞ-nin 5 daimi üzvünün olması məqamı bütün ülvi prinsiplərin üzərindən xətt çəkir və onu təsdiqləyir ki, BMT əslində dünyanın idarə edilməsi üçün bir sıra qüvvələrə xidmət edən bir təşkilatdır. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnamələrin icrasında gücsüzlük göstərir, mexanizm ortaya qoymur və təsirsizlik nümayiş etdirir. Ukrayna müharibəsi də bir daha göstərir ki, BMT dünyada baş verən bu kimi ciddi problemlərə münasibətdə təsiredici rola malik deyil. Sadəcə, bəyanatlar verməklə kifayətlənir. ABŞ da bunu bildiyindən və BMT-nin indiki vəziyyətdə qalmasında maraqlı olduğundan Rusiyanın TŞ-dən xaric edilməsi məsələsinin qoyulmasını istəmir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR