İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada senzurasız informasiya məkanı – “Nyu-York Tayms”

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiyalılar Ukrayna haqqında senzurasız informasiya almaq üçün hansı mənbəyə üz tuturlar?” başlıqlı məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, hakimiyyətin təbliğat şəbəkəsindən kənara çıxmaq istəyən rusiyalıların üz tutduğu əsas informasiya mənbəyi “Telegram” kanalıdır.

Məqalədə bildirilir ki, Kreml müstəqil xəbər mediasını susdurandan, habelə ölkədə “Twitter”, “Facebook” və “İnstagram” kimi sosial şəbəkələrə məhdudiyyət qoyandan sonra “Telegram” kanalı rusiyalılar üçün senzuradan kənar əsas mənbəyə çevrilib.

ABŞ-ın “Sensor Tower” analitik şirkətinin hesablamasına görə, fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiyada ən çox yüklənən tətbiq “Telegram” kanalının tətbiqi olub: 4,4 milyona yaxın yüklənmə.

Ümumilikdə 2014-cü ildən, yəni Rusiya ilə Ukrayna arasında ilk müharibə başlanandan, Rusiya Krım yarımadasını ilhaq edəndən, Donbas bölgəsinin bir hissəsini separatçıların əli ilə işğal altına alandan bəri – son 8 ildə Rusiyada “Telegram” tətbiqi 124 milyon dəfə yüklənib.

Rusiya hökumətinin blokladığı müstəqil “Dojd” kanalının aparıcısı İlya Şeplin “Nyu-York Tayms”a deyib ki, “Telegram” ölkədə insanların sərbəst şəkildə fikir və məlumat mübadiləsi apara biləcəyi yeganə platformadır.

Müstəqil “Exo Moskvı” radiostansiyasının baş redaktor müavini Tatyana Felgenhauer bildirib ki, mart ayından, yəni radio bağlanandan onun “Telegram”dakı auditoriyası iki dəfə genişlənib.

Rusiya hakimiyyəti martın əvvəlində məşhur xəbər saytı “Meduza”ya da girişi bloklayıb. Nəticədə saytın “Telegram”dakı səhifəsində abunə sayı iki dəfə artaraq 1,2 milyona çatıb.

Moskvadakı universitetlərin birində yeni texnologiyalar üzrə təhsil alan Dmitri İvanov “Nyu-York Tayms”a deyib ki, o, etibar etdiyi saytları izləmək, Ukraynadakı vəziyyət barədə məlumatlanmaq üçün “Telegram”dan yararlanır.

“Nyu-York Tayms” yazır ki, Rusiyada Ukrayna müharibəsinə münasibətdə “Telegram”dan çox geniş məqsədlə istifadə olunur: bura müharibə əleyhinə aksiya təşkil etmək də, Qərb mediasının aktual məqalələrini tapıb oxumaq da daxildir.

“Nyu-York Tayms” öz “Telegram” kanalını mart ayında açıb. Məqsəd regiondakı oxucuları obyektiv məlumatla təmin etməkdir.

Ancaq qəzet qeyd edir ki, “Telegram” təkcə xəbərləri, fikirləri sərbəst şəkildə bölüşmək məkanına yox, həm də dezinformasiya, radikal təbliğat, nifrət dili üçün təhlükəsiz sığınacağa çevrilib: “Kremlyönlü təbliğatçıların burada populyar kanalları var. Hər gün Ukrayna əleyhinə təbliğat aparan Vladimir Solovyov “Telegram”da bir milyondan çox abunəçi toplayıb. Rusiyanın Ukraynaya təcavüzünə dəstək verənlərin “Telegram” hesablarının sayı getdikcə çoxalır. Bundan başqa Rusiyanın TASS və “RİA Novosti” kimi dövlət media orqanları da xəbərlərini “Telegram” vasitəsilə tirajlayır”.

“Nyu-York Tayms”ın məqaləsində belə bir sual verilir: nə əcəb Kreml “Telegram”a məhdudiyyət qoymur?

Qəzet yazır ki, 2018-ci ildə Rusiyanın təhlükəsizlik xidmətləri “Telegram”dakı istifadəçilərin fərdi məlumatlarına girişə icazə verilməsi barədə hökumətin tapşırığına əməl etməyən kanala qarşı məhdudiyyət tədbirinə cəhd göstərib: “Ancaq Rusiya hökumətinin tətbiqə girişi əngəlləmək üçün kifayət qədər texniki vasitəsi olmadığından “Telegram” yenə istifadəçilər üçün əlçatan qalıb. 2020-ci ilə yaxın Rusiya hökuməti məhdudiyyəti ləğv edib. Əsas kimi “Telegram”ın bir sıra şərtlərə, o cümlədən terrorçu və ekstremist məzmunlu mətnləri bloklamağa razılaşması göstərilib.

“Nyu-York Tayms” bəzi ekspertlərin “Telegram” istifadəçilərinin təhlükəsizliyi ilə bağlı həyəcan təbili çaldığını da vurğulayır. Həmin ekspertlərin fikrincə, tətbiq vasitəsilə mübadilə edilən ismarışlar, videolar, səsli qeydlər və fotolar tam surətdə şifrələnmir və şirkətin serverlərində saxlanır.

ABŞ-ın Con Hopkins Universitetinin dosenti, məxfilik texnologiyası üzrə ekspert Metyu Qrin “Nyu-York Tayms”a deyib ki, tam şifrələnmə aparılmaması kanal istifadəçilərini hökumət, casus proqramları və hakerlər qarşısında zəif durumda qoyur. Metyu Qrin hesab edir ki, “Telegram” istifadəçilərinin məlumatları həm Rusiyanın, həm də digər ölkələrin xüsusi xidmət orqanları üçün rahat loğmadır.

“Telegram” rəsmiləri isə serverlərində saxlanan məlumatların şifrələndiyini, istifadəçi məxfiliyini yetərincə qoruduqlarını bildirirlər.

Amma Metyu Qrin və bəzi başqa ekspertlər israr edirlər ki, “Signal” kimi messencer xidmətləri ilə müqayisədə “Telegram”ın proqramdaxili rabitəsi kifayət qədər təhlükəsiz deyil.

“Telegram”ı hazırda Dubayda yaşayan Pavel Durov idarə edir. Pavel bu populyar sosial şəbəkəni 2013-cü ildə qardaşı Nikolayla birgə yaradıb.

2013-cü ildə Pavel şirkətdəki səhmlərini satıb. O, Ukraynada Rusiya əleyhinə nümayişə çıxanların fərdi məlumatlarını Kremlə ötürməkdən imtina edəndən sonra ölkədən qaçıb. Nikolayın isə öz səhm payını satıb-satmadığı bilinmir. Onun hazırda harada yaşadığı da bəlli deyil.

Pavel Durov Rusiya-Ukrayna müharibəsi ilə bağlı ictimaiyyət qarşısında elə də çox çıxış etmir. Ancaq mart ayında o, “Telegram” abunəçilərinə Rusiyadan getməsinin səbəbini xatırladıb. Anasının ukraynalı olduğunu, Ukraynada çoxlu qohum-əqrəbasının yaşadığını qeyd edən Pavel hazırkı münaqişənin onun üçün həm də şəxsi mənada əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müharibənin başlanğıcında Pavel Durov təsdiqlənməmiş informasiya axınının qarşısını almaq üçün tətbiqin Rusiya və Ukraynadakı bütün xidmətlərini dayandırmaq məsələsini nəzərdən keçirəcəyini bəyan etsə də, ideya etirazla qarşılandığından planından vaz keçib.

“Nyu-York Tayms”ın məqaləsində bildirilir ki, “Telegram”a güvənən rusiyalılar üçün bəlkə də ən böyük risklərdən biri şirkətin fəaliyyətinin əsasən bir adamın əlində cəmlənməsidir.

“Sən Pavel Durova etibar edirsən, yay yox – məsələ bundadır” – “Telegram”ı Rusiyada vəkil kimi təmsil edən “Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov belə deyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR