İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada çoxuşaqlı ailələrin atalarını ikinci dəfə müharibəyə göndərirlər


Rusiyanın Zabaykal diyarında qeyri-qanuni səfərbərlikdən sonra evlərinə qaytarılan çoxuşaqlı atalar yenidən Ukraynaya müharibəyə göndərilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sibir.Realii” saytı səfərbər olanların xanımlarına istinadən yazır.

"Həyat yoldaşım ötən ilin payızında dörd azyaşlı uşağımız olmasına rəğmən qeyri-qanuni səfərbər olundu. Onu geri qaytarmaq üçün məhkəmələr, prokurorluqlar, hərbi komissarlıqlar, hamısına getdik. Bu adamı təxminən iki ay Ukraynada saxladılar. Dekabrda çoxsaylı ailələrin başçılarını çətinliklə Zabaykaliyadakı bölməyə qaytardılar. İndi onları yenidən geri çağırırlar. Bu bizi ələ salmaqdır”,-deyə adının çəkilməsini istəməyən bir qadın danışıb.

Qeyd edək ki, bu ilin yanvarın 13-də Rusiya Dövlət Dumasının Ailə, qadın və uşaq komitəsinin sədri Nina Ostanina Ukrayna ilə müharibəyə səfərbərlik zamanı üç uşaqlı atalara verilən  möhlətin ləğv olunduğunu xəbər etmişdi. Hakim “Vahid Rusiya” partiyasının liderlərindən biri Andrey Turçak isə onun bu söylədiklərinin doğru olmadığını deyib.

Rusiyada daha bir problem “Vaqner” ÖHŞ-nin tərkibində vuruşan keçmiş məhkumlarla, daha doğrusu savaşda həlak olan dustaqların yaxınları ilə bağlı yaşanır.

Məsələn, “Vaqner”də xidmətə cəlb olunan məhbus Sergey Şevçenkonun anası oğlunun Ukrayna ilə müharibədə ölümünə görə ödəniş tələb edir. Onun doğulduğu Krasnoyarsk diyarındakı Kodinsk şəhərinin administrasiyası mərhumun dəfn mərasimi üçün pul toplamaq üçün internet vasitəsilə kömək istəmək məcburiyyətində qalıb.

"Oğlumu dəfn etdim, amma onun üçün heç bir ödəniş yoxdur, bir qəpik də vermirlər. Hərbi komissarlığı ayağa qaldırmışam. Əgər “Vaqner” heç nə verməsə, onları axtaracağam. Bu barədə susmayacağam”, - deyə Yelena Şevçenko “NGS 24” portalına məlumat verilib.

Sergey Şevçenko Krasnoyarskdakı 6 saylı cəzaçəkmə koloniyasından müharibəyə cəlb olunub. Anasının sözlərinə görə, o, sərxoş halda avtomobil idarə etdiyinə görə tutulubmuş. Sergey Şevçenko sonuncu dəfə valideynləri ilə ötən ilin sentyabrında əlaqə saxlayıb. Daha sonra bu koloniyanın məhbusları anasına telefonla oğlunun “Vaqner” ÖHŞ-nə yazıldığını bildiriblər. Onun ölümü ilə bağlı Sergeyin sevgilisi Larisaya məlumat verilib. Sergeyin Baxmutda öldürüldüyü bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR