İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya, yoxsa NATO - Bakı kimi seçəcək?

Azərbaycanın Şimal Alyansı ilə şimal qonşumuz arasında vasitəçi ölkə kimi mövqeyi möhkəmlənir

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov Azərbaycan Prezidenti ilə müsahibəsində ilginc məqama toxunub. Kiselyov NATO ilə Rusiya arasında artan gərginlikdən danışarkən  Rusiyanın müdafiə nazirinin Putinin iştirakı ilə Müdafiə Nazirliyindəki son    toplantısında “Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır” fikrini xatırladıb. Jurnalist Prezidentdən “bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir” soruşub. 

Dövlət başçısı öncə ümidvar olduğunu deyib ki,  gərginlik NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. “Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın və komandasının seçkiqabağı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarisini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir.  Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”, - deyə Prezident vurğulayıb.  

Daha sonra Prezident Bakının rolu və yolunu açıqlayıb:  “Azərbaycanın öhdəliklərinə gəlincə, (söhbət Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişindən gedir - red.),  biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”. 

Tofiq Abbasov canlı efirdə Pənah Hüseyni döydü - Video

Tofiq Abbasov

Siyasi şərhçi Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın bütün tərəflərlə bərabər, balanslı siyasət aparması, heç zaman hansısa ölkəyə və cinaha qarşı üçüncü tərəf kimi çıxış etməmək siyasəti Prezident İlham Əliyevin son illərdəki uğurlu dövlət siyasətinə uyğundur:  “Bu siyasət Azərbaycanı dünyada müsbət mənada fərqlənən dövlət kimi tanıdıb. Hətta bir-biri ilə gərgin münasibətlərdə olan tərəflər, dövlətlər Azərbaycanla əməkdaşlıq, dostluq münasibətlərini əhəmiyyətli sayırlar. Rusiya ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlərin keçirilməsi, eləcə də ABŞ-ın və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşünün reallaşması, yəni ən uyğun görüş yeri ünvanı seçilməyimiz bundan qaynaqlanır. Bu, həm də Azərbaycana etimadın, inamın göstəricisidir. Azərbaycan neçə illərdir dünya neft siyasətində, təhlükəsizlik məsələlərində mühüm xab kimi çıxış edir. Nəhayət, dünya düzəninə yön verən proseslərdə danışıqların keçirildiyi xab ölkə kimi də Azərbaycan məşhurluq qazanıb. Bu, ondan irəli gəlir ki, ölkənin siyasi rəhbərliyinin özünün fəaliyyəti buna şərait yaradıb. Yəni biz həqiqətən də bloklardankənar siyasət yürüdürük. Azərbaycanın siyasəti çoxvektorludur, heç bir qüvvədən üçüncü qüvvəyə qarşı istifadə etmək niyyəti də güdməmişik. NATO ilə də əməkdaşlığımız var, amma Alyansın üzvü deyilik. KTMT-nin də üzvü deyilik, amma Ermənistan istisna olmaqla, bu təşkilata üzvü olan bütün ölkələrlə əməkdaşlıq və ya  müttəfiqlik münasibətlərinə malikdir. Bu ondan xəbər verir ki, dövlətin siyasəti praqmatik siyasətdir. Azərbaycanın NATO-ya daxil olmasına təkid edirdilər. Ancaq biz bəyan etdik ki, hələ bu məsələ bizim planlarımızda yer almır. Bizim KTMT və Avrasiya İttifaqına üzv olmağımızı istəyirdilər. Biz bu ittifaqa da rəsmi üzv olmağın planlarımızda olmadığını bəyan etdik”.

Tofiq Abbasovun sözlərinə görə, bizim bu mövqeyimiz o demək deyil ki, adıçəkilən tərəflərlə münasibətlərdən imtina edirik, yayınırıq. Azərbaycan qeyd olunduğu kimi, bütün tərəflərdə olan qüvvələrlə münasibətlərini davam etdirir: “Azərbaycan daha çox faydanı ikitərəfli əməkdaşlıq formatlarından əldə edir. Biz münasibətlərdən heç vaxt sui-istifadə eləmirik. Azərbaycan əməkdaşlıq etdiyi, müttəfiqlik etdiyi tərəfin rəqibinə qarşı proseslərin heç zaman iştirakçısı olmur. Bu siyasətimiz də gətirib ona çıxarır ki, Azərbaycan ən gərgin münasibətlərdə olan tərəflərin danışıq aparmaq ünvanı kimi seçilir. Azərbaycan dövlətinin ən böyük qazanclarından biri odur ki, dünya səhnəsində nisbətən gənc dövlət olmağına baxmayaraq bir-birinə rəqib olan böyük güclərin dost kimi yanaşdığı, qəbul etdiyi ünvandır. Bu statusu qazanmağı bacarması bir sıra hallarda Azərbaycanın vasitəçilik təşəbbüsü ilə də çıxış etməsinə imkan yaradır. Azərbaycanın xab rolu danışıqlar aparan, gərgin münasibətlərdə olan tərəflərin də münasibətlərin normallaşması, danışıqlar müstəvisinin qurulması baxımından faydasına işləyir. Buna görə də həm Qərbin, həm Şərqin, həm Şimalın, həm Cənubun Azərbaycana münasibəti etimad mühitinin yüksək olduğu münasibət səviyyəsindədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR