İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xankəndindən çıxsa... yerini Fransa tutacaq?

Rusiya yaxın illərdə Azərbaycanın Xankəndinə girməsinə imkan verməyəcək iddiası ilə bağlı iki rəy; “Fransanın öz sülhməramlı qüvvələrini göndərməsi o demək olacaq ki...”

“Rusiya Xankəndini tərk edəndən sonra Fransa ora gələcək”. “Yeni Müsavat” bildirir ki, bu fikri politoloq Zərdüşt Əlizadə səsləndirib. Qarabağın statusunun perspektivləri ilə bağlı sualı cavablandıran Əlizadə deyib ki, Rusiya yaxın illərdə Azərbaycanın Xankəndinə girməsinə imkan verməyəcək: “Rusiya oradan gedəndən sonra Fransa gələcək. Azərbaycan Qarabağ erməniləri məsələsini Ermənistanla deyil, Fransa və Rusiya ilə müzakirə etməlidir”.

Maraqlıdır, Fransanın belə bir “şansı” varmı?

Çünki fransız sülhməramlıların bölgəyə yerləşdirilməsi heç zaman dilə gətirilməyib. Hətta rəsmi Paris də belə təşəbbüslə çıxış etməyib. O zaman ekspert hansı məntiqdən çıxış edərək belə bir iddia irəli sürüb? Təbii ki, Fransa hakimiyyəti ermənipərəstdir və bunu gizlətmirlər. Lakin fransız sülhməramlılarının yerləşdirilməsi indiyə qədər müzakirə və təklif belə olunmayıb. Rus sülhməramlı qüvvələri ərazilərə üçtərəfli bəyanat əsasında daxil olub.

2025-ci ildə onların xidmətinin başa çatmasına 6 ay qalmış tərəflərdən birinin istəyi olmasa, ruslar regionu tərk edəcəklər. Amma Rusiyanın hərəkətlərindən hiss olunur ki, daha uzunmüddətli qalmaq niyyətindədirlər. Son dövrlər “rus icması”nın yaradılması, akademik Andrey Saxarova Xankəndidə abidə qoyulması, ermənilərə qahmar çıxılması deməyə əsas verir ki, rusların yerini fransızlara vermək fikri yoxdur.

Azad MƏSİYEV

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, dünyada yaranmış yeni geosiyasi mənzərə nəticəsində Rusiyanın Qərblə əlaqələri kəsilib. Ekspertin fikrincə, bu baxımdan Rusiyanın Cənubi Qafqaza marağı getdikcə daha da artacaq. A.Məsiyev hesab edir ki, ona görə də Kreml regionda siyasi rıçaqlarını zəiflətmək istəməyəcək: “Digər tərəfdən, Fransanın regiona öz sülhməramlı qüvvələrini göndərməsi o demək olacaq ki, Rusiya Cənubi Qafqazı əldən verib. Bu da inandırıcı deyil və mən səslənən versiyaları ağlabatan nəzəriyyə saymıram. Rusiya imkan verməz ki, Fransa bölgədə möhkəmlənsin. Eyni zamanda, məsələnin başqa bir aspekti ondan ibarətdir ki, fransızların sülhməramlı missiyası Azərbaycanın da maraqlarına uyğun deyil. Çünki 44 günlük müharibədə Fransa neytrallığını qoruya bilmədi, əksinə, Azərbaycana təzyiqlərlə yadda qaldı, qərəzli açıqlamalar verdi. Xatırladım ki, Makron Azərbaycanı Ermənistanın suveren ərazilərinə ”təcavüzdə" ittiham etmişdi. Ümumiyyətlə, Paris heç zaman balanslı siyasət yürütməyib. Bu mənada deyilənlərin perspektivi olmadığını düşünürəm".

Siyasi şərhçi Ramiyə Məmmədova da bu variantı istisna edir. Onun zənnincə, Rusiya o qədər sadəlövh deyil ki, Fransanı regiona buraxsın: “Hesab etmirəm ki, Parisin də gündəliyində belə bir plan var. Fransa kənardan prosesə qarışır. Hazırda Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel özü fransızdır, üçtərəfli danışıqların moderatorudur, yəni Qərb bu şəkildə iştirak edir. Ancaq gələcəkdə fransız əsgərlərini Qarabağa yollaması real görünmür”.

Ekspertin sözlərinə görə, Rusiya Cənubi Qafqazı itirmək niyyətində deyil: “Bölgədə Moskva ilə Ankara koordinasiyalı hərəkət edirlər, bəzən də mövqeləri üst-üstə düşmür, amma bütün hallarda Qarabağda fransız sülhməramlısını görmək xülya ola bilər. Əksinə, Azərbaycanın qarşısında hədəf bölgədən həm terrorçu erməni silahı dəstələrini, həm sülhməramlı kontingentin getməsinə nail olmaqdır. Biz sözügedən ərazilərdə də suverenliyi bərpa etməliyik. Bunun üçün Fransa yox, Rusiya ilə danışmaq lazımdır. Çünki Xankəndi mövzusu artıq hərbi deyil, siyasi problemdir. Əgər ordunun ixtiyarına verilsə, Hadrutdakı ”Komandos" briqadaları bir sutka içində separatçıları təmizləyər, Xankəndidən Vitali Balasanyanın meyiti çıxarılar. Ancaq burada qırmızı xətt Rusiyadır və bölgə ilə bağlı məsələ onunla dil taparaq həll olunmalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR