İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın şərqində daha bir kəndi tutduğunu bildirir

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın cənub-şərqində kiçik bir kəndi tutduğunu bəyan edib. Bu, Rusiya qüvvələrinin Ukrayna ordusuna qarşı çətinliklə, mərhələli şəkildə irəlilədiyini göstərir.

Ukrayna rəsmiləri Rusiyanın iyulun 14-də səsləndirdiyi bu iddianı dərhal şərh etməyiblər. Urojaynoye Donetsk vilayətinin qərbində Mokrıye Yalı çayı boyunca yerləşən məntəqələrdən biridir.

Hazırda Ukrayna qüvvələri təxminən 1200 km-lik cəbhə xətti boyunca Rusiya hərbçilərinə müqavimət göstərir.

Çasov Yarda ağır döyüşlər gedir
Hazırda Donetskdən şimalda yerləşən Toretsk keçmiş kömürçü şəhərində və şimaldakı Çasov Yarda ağır döyüşlərin getdiyi bildirilir.

Rusiyanın davamlı həmlələri qarşısında Ukrayna qüvvələri Donetsk vilayətindəki Çasov Yarın şərqindən çıxmalı olublar.

Rusiya mayın əvvəlində Xarkov vilayətinə hücuma başlayanda Ukrayna müdafiə xəttini sabitləşdirmək üçün bir çox təcrübəli birliklərini yenidən qruplaşdırmalı oldu. Bu isə bölüklərin tərkibini zəiflətdi, Rusiyanın yarmaq istədiyi cəbhə xəttində bəzi boşluqlara yol açdı.

Bu arada qızmar yay hər iki tərəfin qüvvələrinə təsirini göstərir. Ukraynanın bir çox şəhərlərində isə elektrik təchizatında mütəmadi fasilələr həyatı daha da çətinləşdirir.

Rusiya raketləri elektrik şəbəkəsinə böyük ziyan vurub, qışadək şəbəkənin tamam çökə biləcəyi sarıdan narahatlıq var.

Bu arada Kreml ABŞ-nin 2026-cı ildən Almaniyaya "Tomahawk" qanadlı raketləri daxil olmaqla uzaq mənzilli silahlar yerləşdirmək planlarına qəzəbli reaksiya verib. Bu, 20 ildən sonra ABŞ qanadlı raketlərinin Almaniyaya qayıdışı deməkdir.

Ağ ev bu qərarını ötən həftə Vaşinqtonda NATO sammitində açıqlayıb.

"Bizim bu raketlərin qarşısını almaq qabiliyyətimiz var, amma potensial qurbanlar bu ölkələrin paytaxtları olacaq", -- Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət televiziyasına deyib.

Rusiya və ABŞ-nin müdafiə nazirləri iyulun 12-də telefonla danışıblar, onlar mümkün eskalasiya riskini azaltmağa səy göstərdiklərini deyiblər.

Ukrayna prezidenti Volodimir Zelenski isə iyulun 14-də deyib ki, Vaşinqtonda NATO sammitində dünya liderləri ilə görüşlərdən sonra ölkəyə əlavə hərbi yardım göndərilir.

"Birləşmiş Ştatlara səfərimdən sonra yeni "Patriot" sistemləri və onlarla digər havadan müdafiə sistemlərini təmin etdik. Ukrayna "Patriot"larının gücü və sayını artırmaqdan ötrü yorulmadan çalışırıq", -- o, X platformasında yazıb.//AzadlıqRadiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR