İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın 20 faizini işğal edib - taktiki, yoxsa strateji üstünlük? - Fərqli proqnozlar

Rus ordusunun paytaxt Kiyev başda olmaqla, Ukraynanı qısa müddətə fəth edəcəyini zənn edənlərin proqnozları 48 saatdan sonra iflasa uğradığı kimi, Rusiyanın Ukraynada heç bir uğur əldə edə bilməyəcəyini, bataqlıqda ilişib qalacağını deyənlər də yanıldılar. Hər halda real mənzərə belə qənaətə gəlməyə əsas yaradır.

Fakt budur ki, Rusiya Ukrayna ərazisinin təxminən 20 %-ni işğal edib. Bu barədə “Forbes” yazıb  ki, işğal 23 fevral tarixində 43,300 kv. km və ya Ukrayna ərazisinin 7%-ni təşkil edirdi. İndi bu ərazi 2,9 dəfə böyüyüb. Hazırda işğal 125.000 kvadrat kilometrə bərabərdir. Qeyd olunur ki, 2014-cü ildən bəri Rusiya ordusu o qədər Ukrayna torpaqlarını ələ keçirib ki, onların ümumi sahəsi Macarıstan və Bolqarıstanın birgə ərazilərindən də çoxdur. İşğal olunmuş ərazilərlə bağlı rekord isə 2022-ci ildə yaşandı. Ukraynanın müvəqqəti nəzarət olunmayan ərazilərinə Krım, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaparojye vilayətlərinin bir hissəsi və Sevastopol şəhəri daxildir. Müharibənin gedişində Ukrayna Silahlı Qüvvələri Kiyev, Çerniqov, Sumı, Nikolayev və Jitomir vilayətlərini ruslardan tamamilə azad etməyi bacarıb. Ukraynanın ümumi ərazisi isə 603 548 kv. kilometrdir.

Ortada konkret rəqəmlər var, hətta rus ordusunun nəzarətində olan ərazilər bir sıra Qərbi Avropa ölkələrinin ərazisi ilə müqayisə edilməkdədir. Üstəlik, Rusiya işğal etdiyi ərazilərdə öz qanunlarını işə salıb, rublu dövriyyəyə buraxıb, yeni-yeni “respublika”lar qurmağı hədəfləyib. Bununla da yaxın perspektivdə nəinki Krım, Donbas, ya Luqansk, ola bilsin Xerson adlı oyuncaq “resbublika”dan bəhs etmək də bir o qədər aktual sayılmayacaq.

Belə yerdə suallar ortaya çıxır, nə baş verir, kollektiv Qərbin bu qədər dəstəyi, qahmarı hara getdi bəs? 100 gündən artıq davam edən savaşın bugünkü nəticəsinə baxdıqda məlum olur ki, hazırkı vəziyyətin qalibi Rusiyadır. Olmaya Qərbin istəyi də elə bu idi? Axı bu sanksiyalar, bu qədər hərbi, siyasi, iqtisadi dəstək ola-ola Rusiya necə 100 gündür hücumda, Ukrayna müdafiədədir? ABŞ Ukraynaya yeni raket kompleksləri verir, paraleldə Zelenskinin dilindən kağız alır ki, bu raketləri Rusiya ərazisinə atmayacaqsan. Deməli, rus ordusu irəlilədikcə, Ukraynanın yeni ərazilərini tutduqca, o raketləri Zelenski ölkəsinin işğal olunmuş ərazilərinə atacaq? Xüsusilə də son günlərdə anormal durum müşahidə olunur, Rusiyanın ABŞ-a zərbə endirəcəyi barədə təhdidindən sonra... ABŞ isə raket dəstəyi verir, amma o raket kompleksindən istifadə üçün Ukrayna hərbçilərinə 3 həftə ərzində təlimlər keçiriləcək. Deməli, Ukraynanı çətin günlər gözləyir.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Elçin Mirzəbəyli: “Ukraynaya verilən raketlər Rusiyanı daha da aqressivləşdirəcək”

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiya tarixində heç vaxt qısamüddətli müharibə aparmayıb və qələbəni də yalnız insan itkiləri, dağıntılar hesabına qazanıb: “Bu, rus hərb maşınının klassik obrazıdır. Qərb ötən əsrdə bir neçə dəfə üz-üzə gəldiyi, hətta müttəfiqlik münasibətlərində olduğu bu obrazı kifayət qədər yaxşı tanıyır. ABŞ və müttəfiqləri, hələ 2008-ci ildə, Gürcüstan ərazilərinin Rusiya tərəfindən ilhaqından sonra, hədəfdə Ukraynanın olduğunu bilirdilər və bu prosesin qarşısının alınması üçün ciddi heç bir addım atmırdılar. Çünki məqsəd Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin qorunması, təhlükəsizliyinin təmin edilməsi deyil, Rusiya ilə Ukraynanı qarşı-qarşıya gətirmək, bu ölkə ilə keçmiş sovet respublikalarının və sosialist düşərgəsinə daxil olan dövlətlərin münasibətlərini yaxın perspektivdə bərpa olunmayacaq qədər düşmənçilik səviyyəsinə çatdırmaq, Avropa İttifaqının və NATO-nun ”mərkəzdənqaçmaya" meyilli olan ölkələri üçün Rusiyanın timsalında dağıdıcı, təcavüzkar güc mərkəzi - “xoxan” obrazı yaratmaqdan ibarət idi. ABŞ buna nail oldu və Rusiya da Vaşinqtonun ssenarisinə uyğun davranaraq, Ukraynaya müdaxilə etməklə özünün növbəti tarixi səhvinə imza atdı". E.Mirzəbəyli qeyd etdi ki, Rusiya Ukrayna ərazisinin 40 faizini də işğal edə bilər: “Qərbin Ukraynaya verdiyi silahlarla bu prosesin qarşısının alınması mümkün deyil. Hazırda verilməsi nəzərdə tutulan raket komplekslərinin də heç bir faydası yoxdur. Raketlərini Rusiyanın hücumunun qarşısını ala biləcək mərhələ artıq geridə qalıb. Müharibənin taleyini təkcə silah-sursat deyil, həm də insan resursları həll edir. Ukraynanın resursları tükənir. Bu ölkə Rusiyadan fərqli olaraq, uzunmüddətli müharibəyə hazır deyil. Rusiya geri çəkilməyəcək. Bunu daha öncədən də demişdim. Hətta itkilərinin sayı yüzminlərlə olsa da, yenə savaşa davam edəcək. Moskva və Sankt-Peterburqda yaşayan əhalinin bir neçə milyonu istisna olmaqla, rus xalqı yaxşı həyata alışmayıb. Rusiya toplumunun ”yaxşı həyat" anlayışı ilə Qərb insanının real həyat tərzi arasında onillərlə keçilə bilməyəcək bir fərq var".

Analitik çox mühüm məqama toxundu: “Rusiya toplumunun düşüncə tərzi sadomazoxist düşüncə tərzidir. O özünün çox pis yaşaması ilə razıdır, təki başqaları pis yaşasın. O ətrafında yaxşı olan, estetik və gözəl görünən nə varsa dağıtmaq, uçurtmaq, viran qoymaq istəyir. Bu gün biz nədənsə Rusiya haqqında danışanda bəşər tarixinin ən absurd, ən xəstə ictimai-siyasi sisteminin, bolşevizmin, proletkultçuluğun, amansız repressiyaların məhz Rusiyanın toplumsal təfəkkürünün nəticəsi olduğunu unuduruq. Nədən bolşevik inqilabı solçu cərəyanların, o cümlədən radikal sosializmin doğulduğu Avropada deyil, Rusiyada baş tutdu? Çünki bunun üçün əlverişli toplumsal zəmin var idi. İndi bəzilərinin insanların yaxşı yaşamaq kimi təbii istəyinə, qismən azad düşüncəsinə görə kütləvi şəkildə məhv edildiyi bir ölkənin neoimperialist varisindən başqalarının daha yaxşı və azad yaşamaq istəyinə sayğıyla yanaşmasını gözləmək absurddur. Bütün pozitiv gözləntilərə rəğmən, müharibə yaxın zaman kəsiyində dayanmayacaq və Ukraynaya verilən raketlər də Rusiyanın daha aqressiv davranışlarına, hələ sovet dövründən qalma ballistik raketlərini Ukraynanın yaşayış məntəqələrinə atmasına zəmin yaradacaq. Əgər kimsə gözləyirsə ki, sanksiyalar və müharibənin gətirdiyi problemlər Rusiya daxilində yaxın bir neçə ay, hətta bir neçə il ərzində, ciddi sosial partlayışlara yol açacaq, yanılır”.

Ilyas Huseynov (@HuseynovIlyas) / Twitter

 İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov razılaşır ki, Rusiya-Ukrayna müharibəsində qeyri-müəyyən vəziyyət yaranır: “Müharibənin 100 gündən artıq davam edəcəyini əksəriyyət proqnozlaşdırmırdı. Lakin fakt öz faktlığında qalır. Bu gün Rusiya Ukraynanın 20 faiz ərazisini işğal edib. Postsovet məkanına 20% çox tanışdır. Buna baxmayaraq,  20 faiz minimal proqrama oxşayır. Qeyd edək ki, ”Azov"un şəxsi heyəti sıralarından təslimçiliyin olması ordu sıralarında demoralizə yaşadıb. Belə görünür ki, Ukrayna Qərbin istəklərini yerinə yetirsə də, silah təchizatı gecikir. Üstəlik, veriləcək yeni raketlərin Rusiya ərazisinə atılmayacağı ilə bağlı öhdəlik də qoyulur. Rusiya kimi böyük dövlətin, müxtəlif reytinqlərdə planetin ikinci ordusunun hücumlarını uğurla dəf edən Ukraynanın siyasi, iqtisadi və hərbi cəhətdən aciz qalması müşahidə olunur".

Ekspert hesab edir ki, vaxtında Ukraynaya bu gün sözügedən silahlar verilsəydi, hazırki mənzərə yaşanmazdı: “Ölkəyə milyardlarla ziyan dəyməsi bahasına geosiyasi planlar icra olunur. Vəziyyətdən Rusiya da, Qərb də məmnun görünür. Rusiyaya qarşı bir-birini əvəz edən sanksiya paketləri, Ukraynaya bu qədər hərbi, siyasi, iqtisadi dəstək ola-ola Ukrayna ordusu yeni alınan raketləri öz ərazisinə atmalıdır! Digər tərəfdən raketlərdən istifadə qaydalarını təlimatlandırmaq üçün zaman kəsiyinin 3 həftə qoyulması da diqqət çəkir. Mobil və peşəkar ordu 3 həftəyə inanılmaz işlər həyata keçirə bilər. Azərbaycan ordusu 6 həftəyə 30 illik problemi aradan qaldırdı. Ona görə də Ukraynanın zaman itirməsi torpaq itkisinə bərabər ola bilər”.

“Ukrayna müharibəsinin 100-cü günündə şəxsi düşüncəmə görə, vəziyyət gərgin və çətin olsa da, elə də faciəvi deyil. Rusiya kimi bir nankor və fitnəkar dövlətin bu cür barbarcasına müharibə aparması çox üzücüdür”.

Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov: “Ukrayna öz ərazi bütövlüyünü tam bərpa edənədək mübarizə aparacaq”

Polkovnik Üzeyir Cəfərov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, indi müxtəlif yanaşmalar olsa da, Rusiya heç bir halda Ukraynanın işğal olunmuş ərazilərinə nəzarəti öz təsiri altında saxlaya bilməyəcək: “Ukrayna üçün kritik dönəm arxada qalıb. Qərb artıq Ukraynanın yekun nəticə əldə etməsi üçün lazım olan qərarlarını da verib. Elə təkcə lend-liz qanunu nəyə desən, dəyər. Müxtəlif fikirlər mövcuddur ki, Qərb Ukraynaya lazım olan dəstəyi vermədi və ya ləngidir. Anlaşılan məqam da var, anlaşılmayan yanaşma da”.

Ü.Cəfərov əminliklə bildirdi ki, yaxın həftələrdə Ukrayna ordusu tam üstünlük əldə edə biləcək: “O cür müasir silah-sursatın qarşılığında Rusiya Silahlı Qüvvələri köhnə, effektiv olmayan silah-sursatla, texnika ilə heç bir uğura nail ola bilməyəcək. Ukrayna separatçı qurumların qondarma ordularını da məhv edəcək. Ukrayna ordusu öz ərazi bütövlüyünü tam bərpa edənədək mübarizə aparacaq. Rusiyanın bugünkü üstünlüyü də müvəqqətidir və Putin ordusunun itkilərinin sayı bundan sonra daha da çoxalacaq”.

Polkovnik qeyd etdi ki, Qərbin verdiyi silahları necə işlədib-işlətməyəcəyi ilə bağlı əvvəlki tələbləri də bir gün öncə geri götürüldü: “ABŞ-ın Ukraynadakı səfiri qeyd etdi ki, verilən silah-sursatdan necə və hara istifadə etmək səlahiyyəti də Ukraynaya məxsusdur və məhz qərarı da onlar verəcək”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə fərqli fikirdədir: “Rusiyanın Ukraynaya qarşı müharibəsində Qərb lazımi dəstəyi Kiyevə vermir. Əgər uzaq mənzilli silahlar vaxtında verilsəydi, Rusiya bu qədər əraziləri işğal edə bilməzdi. Almaniya və Fransanın da Rusiya ilə əməkdaşlığı bu prosesdə Rusiyanın mövqeyini gücləndirir. ABŞ və Böyük Britaniya Ukraynada Rusiyanın resurslarının tükənməsinə çalışır. Eyni zamanda müharibənin davam etməsində maraqlı görünür. Amma, Ukrayna dağılır və əraziləri işğal olunur. Düşünürəm ki, Qərb lazımı səviyyədə Ukraynaya dəstək verməsə, Rusiya Denpr cayına cıxıb, Şərqi Ukraynanı işğal edə bilər”.

M.Əsədullazadə qeyd etdi ki, ABŞ yeni silahlar verir və Ukrayna iki ay ərzində yeni əks hücuma keçəcək: “Buna kimi Ukraynada hərbçilər ölür, yaralanır, ordunun psixolojı durumu zəifləyir. Bunlar hamısı faktdır. Ona görə də proses uzanır. Rusiya Ukraynada ”kvazi dövlət"lər yaradıb, bu olkəni ləğv etməyə çalışır. Rusiyanın artıq planı budur ki, Şərqi Avropanı tam nəzarətə alsın. Əgər Ukraynaya tam dəstək olarsa, legionerlər əks-hücuma keçərsə, müasir uzaqvuran silahları işə salmaqla Rusiyanı məğlub etmək mümkün olacaq. Rusiyanın uzunmüddətli müharibə aparmaq resursları yoxdur".

Göründüyü kimi, ekspertlərimizin də fikirləri fərqlidir. Kimin haqlı olduğunu isə zaman göstərəcək...

Elşad Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR