Onlayn ictimai-siyasi qəzet
Rusiya Türkiyənin “Bayraktar TB2" pilotsuz uçuş aparatlarından (PUA) ibarət Ukrayna donanmasını məhv edib. "Yeni Müsavat" xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb. Analitik Samuel Bendettin iddiasına görə, belə pilotsuz təyyarələr düşmənin hava hücumundan müdafiə sistemi və elektron müharibə (EW) avadanlığının olmadığı şəraitdə yaxşı işləyir, lakin Rusiya tez bir zamanda elektron döyüş sistemlərindən istifadə etməyə başlayıb və bir çox Ukrayna pilotsuz təyyarələrini vurub.
“Bayraktar TR2" nisbətən yavaş və alçaqdan uçan PUA kimi, bir sıra yaxşı təşkil olunmuş hava hücumundan müdafiə sistemlərinin hədəfinə çevrilə bilər”, - Bendett bildirib. Onun fikrincə, hazırda Ukrayna Silahlı Qüvvələri mühüm strateji zərbə silahını itirib. Ukrayna qoşunlarında qalan “Bayraktar”lar daha döyüşlərdə istifadə edilmir, müşahidə və kəşfiyyat üçün istifadə olunur.
Məlumdur ki, Azərbaycan Ordusunun arsenalında da xeyli PUA-lar, o sırada “Bayraktar TB2"lər var.
Bəs nəşrin iddiası nə dərəcədə doğrudur? "Bayraktar TB2"lər gerçəkdənmi döyüş meydanında üstünlüyü əldən verir?
Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov hesab edir ki, Ukraynaya heç yüz "Bayraktar" belə satılmayıb: “Bu ağ yalanıdır. Ukraynada heç yüz "Bayraktar" yoxdur. Boş-boşuna nağıllar danışırlar. İstifadə olunan cəmi 42 PUA-lar verilib, yəni Ukraynaya satılıb. Onlar hansı faktlarla yüzdən çox PUA-nın məhv edilməsi barədə məlumatlar yayırlar? Guya bunların hərbi hava hücumlarından müdafiə sistemləri güclüdür. "Bayraktlar"ı biz Qarabağ müharibəsində yaxşı görmüşük. Bir məsələni də deyim. “Bayraktar”ların birini vuranda digərinin dərhal kodunu dəyişirlər. Yəni onları vurmaq asan deyil. Elektron sistemlərlə həmin kodu tapmaq xeyli vaxt aparır. PUA uçmalıdır ki, onun 3-4 gün ərzində kodunu axtarıb tapa bilsinlər. Bu məlumatları yaymaqla Türkiyənin “Bayraktar”ını gözdən salmaq istəyirlər.
Son günlər Ukraynanın əks-hücum ərəfəsində həm Rusiya, həm də Ukrayna siyasi rəhbərliyi informasiya müharibəsi aparır. Çoxlu sayda doğruluğu göstərməyən saxta məlumatlar yayılır. Bu da ondan xəbər verir ki, yaxın günlərdə Ukrayna mətbuatının da, hərbi ekspertlərinin də bildirdiyi kimi, əks-hücum əməliyyatı gözlənilir. Analitik Samuel Bendettin bildirdiyinə görə, “Bayraktar”lardan daha çox, sadəcə, müşahidə aparmaq üçün istifadə edilir. Hücum zamanı “Bayraktar”lar çox aktiv olurlar. Amma əminəm ki, bu savaşda da geniş şəkildə “Bayraktar”lardan istifadənin şahidi olacağıq. Deyə bilmərik ki, onlar aşkar edilə bilmir. Sadəcə, təsəvvür edin ki, biri aşkar olundu, dərhal növbətilərin kodları dəyişdirilir, dediyim kimi, o kodları da aşkarlamaq asan deyil. İndi bu cür çətinliklər varsa, necə yüzdən çox “Bayraktar” vurula bilər? Əgər Rusiya hərbi rəhbərliyi bu cür saxta məlumat yayırsa, o zaman Suriyada niyə “Bayraktar”ları vura bilmədiklərini da söyləsin. Bilirsiniz ki, Rusiyanın orada hava hücumundan müdafiə sistemləri, "S-400"ləri məhv edildi. “Baytaktar”lar qarşısında Rusiya hava hücumundan müdafiə sistemləri aciz qalmışdı. Ermənilərdə rus sistemləridir, bilirsiniz ki, Qarabağda bu sistemlər “Bayraktar”larla bacarmadı.
Son zamanlar Türkiyənin hərbi sənaye sistemi durmadan inkişaf edir, ən müasir silahlar istifadə olunur. Rusiya tərəfi, sadəcə, bu cür açıqlamalarla bu silahları gözdən salmağa çalışır. Buna da nail ola bilməyəcəklər. Çünki biz Qarabağ müharibəsində “Bayraktar”ların effektivliyini yaxşı duyduq. Ruslar Ukrayna müharibəsinə başlayanda bu silahların gücünü yaxşı gördülər. O zaman niyə bunun qarşısını ala bilmirdilər? Çünki çarəsiz idilər. Gündən-günə “Bayraktar”ların sifarişi artmaqdadır. Yəni azalmır, əksinə, artır. Bu da belə açıqlamaların gerçək olmadığını sübut edir. Gələcəkdə Ukraynanın əks-hücumu zamanı bu silahların effektivliyinə bütün dünya şahidlik edəcək. Ola bilər ki, bir neçə “Bayraktar” vurulsun. Bu da normaldır, çünki qızğın savaş gedir. Bunu heç kim inkar edə bilməz. Sadəcə, o sayda məhv edilməsi kökündən yanlışdır".
AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli hər iki tərəfdən belə dezoların yayıldığını bildirdi:
“Belə məlumatları müharibə dönəmində biz hər iki tərəfdən də eşidirik. Bundan öncə oxşar xəbər Rusiya ordusunun qırıcıları və raketləri haqda yayılmışdı. Ancaq həmin xəbərdən uzun zaman keçməyinə baxmayaraq, Rusiya hələ də Kiyevə raket zərbələri endirməkdədir. Analoji xəbərin "Bayraktar"larla bağlı yayılmasını da bu kateqoriyadan sayıram. Ukrayna ordusunun silahlarında hansısa çatışmazlıq olduğunu düşünmürəm. ABŞ və Qərb bütün dəstəyi ilə hazırda əks-hücum ərəfəsində Ukraynaya güclü silah tədarükü gerçəkləşdirir. Hətta “Bayraktar”larla bağlı hansısa qüsurlar olsa belə, bu, qısa zamanda bərpa olunacaq səviyyədədir. Çox güman ki, artıq Türkiyədən və Avropadan yeni “Bayraktar”ların və yaxud onun analoqlarının sifarişi verilib. Həmçinin Business Insider nəşrinin məqaləsini tam oxuduqda “Bayraktar”ların döyüş xüsusiyyətlərini çox şişirdilmiş, ruslar əslində bu dronların qabaqcıl ordulara qarşı faydasız olduğunu sübut etdilər" kimi ifadələrə rast gəlmək olar. Bu ifadələr həmin məqalənin məqsədli şəkildə “Bayraktar”ları gözdən salmaqdan ötrü yazıldığının göstəricisidir. Bu səbəbdən həmin nəşrin qərəzli yazısını ciddi və doğru hesab etmirəm".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ