Onlayn ictimai-siyasi qəzet
Siyasi şərhçi: ""Qarşılıqlı qazanc" prinsipinə söykənməyən sülh danışıqları maksimalist yanaşma sərgiləyən tərəfin də böyük məğlubiyyəti ilə sonuclanır"
Trampın Amerikanın növbəti dəfə prezidenti seçilməsindən sonra Rusiya-Ukrayna müharibəsinin bitə biləcəyinə dair proqnozlar verilir. Buna dair nikbin rəylərlə yanaşı, savaşın uzana biləcəyinə dair informasiyalar da dövriyyədədir. Bu arada Kreml belə bir mövqe sərgiləyib ki, Kiyev Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə hazır deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. O deyib ki, Rusiya danışıqlara hazırdır: “Ukraynanın danışıqlara hazır olması ilə bağlı heç bir irəliləyiş yoxdur. Moskva Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həllinə açıqdır, lakin Kiyev buna hazır deyil. Ukraynanın danışıqlara hazır olması ilə bağlı hələlik irəliləyiş olmadığı üçün əməliyyatımızı davam etdiririk. Biz dinamikanı görürük, dinamika öz sözünü deyir: biz irəliləyirik”.
“Ukraynadakı müharibə 2025-ci ildə ya sülh danışıqları, ya da tərəflərdən birinin məğlubiyyəti ilə yekunlaşacaq”. Bunu isə Macarıstan mediasına ölkənin baş naziri Viktor Orban deyib. O, Ukraynanın ərazisinin 20 faizini itirdiyini, milyonlarla qaçqının olduğunu qeyd edib. Macar hökumət başçısının sözlərinə görə, adıçəkilən ölkə postmüharibə dövründə nə iqtisadiyyatının bərpasını, nə də digər zəruri işləri müstəqil şəkildə həyata keçirmək iqtidarında deyil. Viktor Orban siyasi karyerasında 2020-2024-cü illərdən daha mürəkkəb dövrü xatırlamadığını söyləyib, bu amili bəzi Qərb liderlərinin təhlükəli fikirlərə ortaq olması ilə əlaqələndirib: “Qərb dünyasında hakimiyyətdə elə adamlar var ki, onlar öz ölkələrini müdafiə etməyə qadir olmayan təhlükəli ideyaları dəstəkləyir. 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisi Donald Trampı bu postdan məhrum etmək məqsədilə saxtalaşdırılmışdı. Başqa bir nümunə isə Almaniya və Fransa ilə bağlıdır. Almaniyanın ən sabit fikirli kansleri Angela Merkel vəzifədən getdi, Fransa isə özünün ən çirkin niyyətini göstərməyə başladı. Bundan sonra Avropa ilə Rusiya arasında münaqişə vəziyyəti yarandı. Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə ya Rusiyanın, ya da Ukraynanın məğlubiyyəti ilə başa çatacaq. Onu da əlavə edim ki, son 4 il siyasi karyeramın ən mürəkkəb dövrü oldu”.
“Ukraynada sülh üzrə danışıqlar 2025-ci ildə başlayacaq”.
Bunu isə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib. Bu iki fərqli proqnoz və məlumatdan çıxış edərək söyləyə bilərik ki, hazırda çox həssas bir nöqtədir. Mümkündür ki, müharibə uzansın və Ukrayna aylar sonra məğlubiyyətini elan etsin. Bundan sonra Rusiya təbii ki, danışıqlara əngəl olmadığını bildirəcək. Ancaq sülh danışıqları qalib elan edilmədən də mümkün ola bilər, bu halda da müharibə uzana bilər.
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, istənilən sülh danışıqları yalnız “qarşılıqlı qazanc” prinsipinə söykənərsə, uğurlu alına bilər: “Yəni hər iki tərəf bu sülh danışıqlarında mütləq nəsə qazanacağına ümid etməlidir. Əks halda, bir tərəfə zorla təlqin olunan sülh şərtləri mahiyyət etibarilə kapitulyasiya aktı kimi qəbul olunar, bu da qısa müddətdən sonra daha şiddətli müharibənin başlamasına yol aça bilər. Necə ki, bəşəriyyət bunu I Dünya müharibəsində gördük. Bilirsiniz ki, Müttəfiq qüvvələrlə Almanya arasında 28 iyun 1919-cu il tarixində bağlanan Versal müqaviləsinin ağır şərtləri alman xalqında ciddi əks-reaksiyalar doğurmuş və ölkəyə "xəyanət" kimi qiymətləndirilmişdi. 1920-ci illərdə Almaniyada baş verən iqtisadi və siyasi qeyri-sabitlik faşistlərin hakimiyyətə gəlməsi ilə nəticələnmişdi. Beləcə, Versal müqaviləsi İkinci Dünya müharibəsinin başlanmasının əsas səbəbi kimi tarixə keçmişdir".
Heydər Oğuzun fikrincə, Versal müqaviləsinin ağır şərtləri həm onun yerinə yetirilməsini çətinləşdirmiş, həm də II Dünya müharibəsinə yol açdığı üçün bir növ Almaniyanın yenidən güc toplaması üçün 20 illik atəşkəs sazişinə çevrilmişdi: “1919-cu ildən 1939-cu ilə qədər ara verən müharibə yenidən başlamış və itirən təkcə Almaniya olmamışdır. Bu müharibə nəticəsində bütün Avropa ölkələri böyük dağıntılara məruz qalmış, sənayesi tamamən çökmüş, 10 milyonlarla insanını itirmişdi. Nəticədə Avropa qitəsi dünya hegemoniyasındakı mövqeyini ABŞ və Rusiyaya ötürmək məcburiyyətində qalmışdır. Bu mənada "qarşılıqlı qazanc" prinsipinə söykənməyən sülh danışıqları nəinki heç bir tərəfə qələbə qazandırmır, əksinə, maksimalist yanaşma sərgiləyən tərəfin də böyük məğlubiyyəti ilə sonuclanır".
Siyasi şərhçi hesab edir ki, Ukrayna savaşında Rusiya da məhz “mütləq qazanc” mövqeyindən çıxış edir və bu maksimalist mövqe iki dövlət arasındakı tükəndirmə savaşının uzanmasını şərtləndirir: “Baxmayaraq ki, Rusiya rəsmiləri sülh danışıqlarına hazır olduqlarını açıqlayır və Ukraynanı bu təşəbbüsü yaxına buraxmamaqda günahlandırırlar. Bununla belə, onların Ukrayna qarşısında qoyduqları tələblər mahiyyət etibarilə I Dünya savaşında müttəfiqlərin Almaniyaya zorla qəbul etdirdikləri Versal şərtlərindən fərqlənmir. Rusiya rəsmiləri də eynilə Versal müqaviləsində olduğu kimi, Ukraynanın parçalanması, bir hissəsinin onlara verilməsi, ordusunun əhəmiyyətsiz qüvvəyə çevriləcək qədər kiçildilməsi, dolayısıyla hərbi sənayesini inkişaf etdirilməməsi, beynəlxalq hərbi blokda yer almaması və s. kimi tələblər irəli sürürlər. Bu da nəticə etibarilə Rusiyanın sülh anlayışının əslində düşmən tərəfin kapitulyasiyası kimi xarakterizə edilə bilər”. Moskvanın Ukrayna savaşına başlayanda da eyni tələbləri və bəhanələri dilə gətirdiyini xatırladan həmsöhbətimiz deyir ki, bu da Rusiyanın 3 illik müharibədən sonra belə, öz mövqeyindən geri çəkilmədiyini göstərir: “Halbuki sülh sazişlərinin əsas şərti qarşılıqlı güzəştlərə söykənən "ikitərəfli qazanc" prinsipi olmalıdır. Tarix sübut edir ki, qarşılıqlı güzəştlər olmadan qarşılıqlı qazanclar mümkün deyil. Elədirsə, Zelenski basqıları ilə təktərəfli güzəştə əsaslanan kapitulyasiya aktına niyə imza atmalıdır? Deyək ki, Zelenski məcburən bu şərtlərlə razılaşdı, bəs Ukrayna xalqı necə, onu qəbul edəcəkmi? Sanmıram".
Heydər Oğuz hesab edir ki, Rusiyanın arzuladığı “sülh sazişi”nin qarşısında xeyli keçilməz sədlər dayanır: “İlk sədd, qeyd etdiyim kimi, Kremlin irəli sürdüyü şərtlərin ədalətsizliyi və qarşılıqlı güzəşt anlayışından məhrum olmasıdır.
Digər sədd isə sülh sazişinin yalnız Zelenskidən asılı olmayışıdır. Adətən bütün sülh sazişlər onu imzalayan ölkələrin parlamentləri tərəfindən də radifikasiya edilir. Ukrayna Ali Radasının bu cür ağır şərtləri təsdiqləyəcəyi inandırıcı görünmür.
Üçüncü mühüm sədd Ukrayna Konstitusiyasıdır. Böyük ehtimalla Ukrayna Konstitusiyası da digər dövlətlər kimi, ərazilərinin dəyişdirilməsinin hətta referenduma çıxarılmasına belə izn vermir. Deməli, Zelenski sözügedən ağır şərtlərlə razılaşsa belə, əldə ediləcək “sülh sazişi”nin legitim əsası olmayacaq. Legitim əsası olmayan torpaq ilhaqı isə müharibənin bitirilməsinə zəmin yaratmır, sadəcə, münaqişənin yeni mərhələyə keçməsi və tərəflərə öz qüvvələrini yenidən bərpası üçün vaxt qazandırır. Eynilə I Dünya müharibəsinin II Dünya müharibəsi ilə əvəzləndiyi kimi".
Dördüncü mühüm sədd isə Ukraynanın strateji müttəfiqlərinin, daha konkret desək, Avropa nəhənglərinin mövqeyidir: “Sirr deyil ki, Avropa ölkələri Ukrayna savaşını təkcə Rusiyanın bu ölkəni işğal etməsi kimi yox, həm də Avropanı ələ keçirmək istiqamətində ilk addımı kimi alqılayırlar. Xüsusilə Şərqi Avropa ölkələri bunu özləri üçün də böyük təhdid kimi görür və işğalla razılaşmaq istəmirlər. Ukraynanın itirilməsi regionla bağlı imperialist maraqları olan Qərbi Avropanı da qorxudur. Məhz bu səbəbdən Fransa, Almaniya və Böyük Britaniya kimi dövlətlər Ukrayna savaşının Rusiyanın xeyrinə bitməsi ilə razılaşmazlar. Prinsipcə, ABŞ da Avropadakı hegemonik üstünlüyünün əldən çıxmasına laqeyd qala bilməz.
Beşincisi, Ukraynanın təbii sərvətləri və münbit torpaqları da ABŞ və Avropa üçün çox dəyərlidir. Öz taxıl istehsalı ilə Avropanın çörək zənbili kimi xarakterizə edilən Ukrayna yeraltı təbii sərvətləri ilə də getdikcə sənaye sahəsində Çinə uduzan Qərb ölkələri üçün əsas ümid qaynağıdır. Mütəxəssislərin fikrincə, Ukrayna otuz trilyon dollarlıq nadir torpaq elementlərinə sahibdir. Gələcəyin texnologiyasının enerji qaynaqları olan bu sərvətlərlə yanaşı, Ukraynanın olduqca böyük miqdarda digər strateji xammal ehtiyatları da var. Təbii ki, Qərb ölkələri bu qədər böyük təbii sərvətləri olan coğrafiyanın əldən çıxması ilə razılaşmazlar. ABŞ-ın məşhur senatorlarından biri Lindsi Qraham bir müddət öncə bunu açıq şəkildə etiraf edərək demişdi: “Ukrayna trilyonlarla dollarlıq böyük qızıl quyusunun üzərində oturub və oranı Rusiyaya verə bilmərik”. Qeyd edim ki, Qraham ABŞ-ın yeni prezidenti Donald Trampla eyni partiya mənsubudur və onun üzərində böyük təsiri var.
Ukrayna həm də Qərbin Şərqə açılan qapılarından biridir. Xüsusilə də dünyanın qəlbgahı sayılan Orta Asiyaya yol bu qapıdan keçir, həmin qapının açılması üçün isə Rusiyanın strateji məğlubiyyətə uğraması və parçalanması lazımdır. Ukrayna savaşı, faktiki olaraq, həm də buna xidmət edir".
Heydər Oğuz məhz bu məntiqə əsaslanaraq bildirir ki, Putin Ukrayna savaşını öz xeyrinə bitirməkdə Donald Trampa güvənməklə növbəti səhvini edir: “Tramp prezidentdən çox iş adamıdır və Ukraynanın qiymətini Putindən az bilmir. Üstəlik, ABŞ prezidenti olan şəxs belə məsələlərdə dərin dövlətin də mövqeyini mütləq nəzərə almalıdır. Məncə, onun Ukrayna savaşını bitirmək barədə bəyanatları ciddi deyil və münaqişəni növbəti mərhələyə hazırlamağa xidmət edir. Başqa təbirlə desək, ABŞ tərəflərin, o cümlədən Ukraynanın həm insan, həm də təchizat baxımından artıq tükənməkdə olduğunu görür və Trampın sülh təklifi ilə ona yeni nəfəs qazandırmaq istəyir. Yəqin ki, sülh danışıqları bəhanəsi ilə Ukraynadakı ekskalasiyanı bir qədər azaldıb ona və Avropa ölkələrinə daha çox silahlanmaq, yeni hərbi taktikalara keçmək, özünün toparlamaq fürsəti qazandırmağa çalışır. Aradakı vaxtdan istifadə edib Ukraynanın müasir savaş vasitələri və robot silahlarla təchizatına başlaya bilərlər. Bu istiqamətdə indidən müəyyən addımların atıldığı müşahidə edilir. Yeni planda Ukrayna ordusunun ən azı yarısının "robot əsgərlər"lə təchizatının nəzərdə tutulduğunu da gizlətmirlər. Zənnimcə, sözügedən planı həyata keçirə bilsələr, növbəti mərhələdə Ukraynanın canlı itkiləri də azalacaq və müharibəni Rusiyanın tam tükəndirilməsinə qədər davam etdirəcəklər. Mən həm də bu məntiqdən çıxış edərək, Putinin sülh təkliflərini Versal müqaviləsinə bənzədirəm. Putinlə Hitlerin yeganə fərqi ondadır ki, Almaniyanı II Dünya savaşına sürükləyən Versal müqaviləsini Berlinə zorla qəbul etdirən qarşı tərəf - müttəfiqlər olmuşdu. Hitler də ədalətsiz sülh müqaviləsinə qarşı çıxaraq dünyanı atəş çəmbərinin ortasına atdı və nəticədə ən böyük zərbəni Almaniyaya vurdu. Putin isə öz Versalını özü hazırlayır və yenə eyni müttəfiqlərlə kəllə-kəlləyə gəlib atəş çəmbərinin içinə atılır".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ