Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Milli Təhsil Nazirliyinin dərsliklərdə “Mərkəzi Asiya” ifadəsinin “Türküstan”la əvəz olunması qərar Rusiya mediasında təşvişə səbəb olub
Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Təhsil Nazirliyi tarix kurikulumunda əsaslı dəyişikliklərin edildiyini açıqlayıb. Belə ki, dərsliklərdə “Mərkəzi Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq.
Mütəxəssislər hesab edirlər ki, bu qərar gələcək nəsillərdə milli özünüdərk və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlib.
“Qarşıdan gələn dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq, “Türkiyə əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıracağıq”, - deyə qeyd olunub.
Professor Ahmet Taşağıl “Türküstan” ifadəsinin tarixi əhəmiyyətini açıqlayıb. “Türklərin vətəni mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir. 19-cu əsrin ikinci yarısında Rusiyanın işğalı nəticəsində Türküstan adı əvəzinə Orta Asiya anlayışı ortaya atılıb və yayılıb", - deyə alim vurğulayıb.
Türkiyənin bu qərarı, ümumiyyətlə son zamanlar Mərkəzi Asiyada nəzərəçarpacaq dərəcədə fəallaşması xüsusilə Rusiya mediasında ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Rusiyanın “İzvestiya” nəşri də bu barədə geniş məqalə dərc edib.
“Türkiyə Təhsil Nazirliyi dərsliklərində dəyişiklik etmək qərarına gəlib. Dərsliklərdən “Mərkəzi Asiya” ifadəsi çıxarılacaq, əvəzində Rusiya ilə sərhəddə yerləşən bölgə Türküstan adlandırılacaq. Yeniliyin bu tədris ilində tətbiq ediləcəyi vurğulanır. Bu qərar Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib. “Maraqlıdır ki, Orta Asiya ölkələr rəsmilərdən heç biri Türkiyənin yeniliyinə münasibət bildirməsə də, sosial şəbəkələrdə bu, qızğın müzakirə olunmağa başlayıb. Bəziləri türk birliyi ideyasını dəstəkləyib, bəziləri buna qarşı çıxıb. Sovet İttifaqının dağılmasından əvvəl Türkiyə dünyada türklərin üstünlük təşkil etdiyi yeganə dövlət idi. 1991-ci ildən sonra belə ölkələrin sayı altı oldu - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan. Ankara yeni cümhuriyyətlərin müstəqilliyini ilk tanıyanlardan biri oldu və dərhal aktiv fəaliyyət göstərdi.
Məlumdur ki, hələ 90-cı illərin əvvəllərində türk elitaları ya hansısa vahid dövlət yaratmaq, ya da Türkiyənin himayəsi altında ölkələri birləşdirmək arzusunda idilər. Bu son illər nəzərəçarpacaq dərəcədə intensivləşdi və 2021-ci ildə İstanbulda keçirilən sammit taleyüklü oldu. Tədbir zamanı tərəflər Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması barədə razılığa gəldilər, həmçinin ümumi “2040-cı ilə qədər İnkişaf Konsepsiyası” qəbul ediblər. Bu sənəd, digər məsələlərlə yanaşı, malların, xidmətlərin, kapitalın sərbəst hərəkətini təmin etmək istəyindən, eləcə də təhsil və mədəniyyət siyasətinin unifikasiyasından bəhs edir” deyə, yazıda bildirilir.
Politoloq, Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski nəşrə deyib ki, Türkiyə Rusiyanın Mərkəzi Asiyadakı maraqlarını təhdid edir: “Rusiya rəhbərliyi ənənəvi olaraq iqtisadi əməkdaşlığa və iri infrastruktur layihələrinin həyata keçirilməsinə arxalanır. Hesab edilir ki, bu, qonşu ölkələrin və regionların dostluq şəraitində qalmasını təmin etmək üçün kifayətdir. Türkiyə fərqli davranır, insanların özünü qavrayışını yenidən formatlayır”.
Ekspert iddia edir ki, Ankara getdikcə daha çox “türk dünyası” ideyalarını təbliğ edəcək, “sonra dilin birləşməsi başlayacaq və nə vaxtsa geosiyasi oriyentasiya məsələsi ortaya çıxacaq”. Ekspert əlavə edir ki, Türkiyə təkcə Orta Asiya ölkələrində deyil, Rusiyanın türkdilli regionlarında da bu istiqamətdə fəal işləyəcək.
Şərqşünas, Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Aleksandr Knyazev isə əksinə hesab edir ki, Türkiyə Rusiyanın maraqları üçün təhlükə yaratmır: “İki vacib məqamı qeyd edirəm. Birincisi, Rusiya hələ də Mərkəzi Asiya iqtisadiyyatında daha mühüm rol oynayır və böyük layihələr həyata keçirməyə hazırdır, Türkiyə isə yalnız kiçik və orta biznesə sərmayə qoyur. İkincisi, Moskva regionda təhlükəsizliyin əsas təminatçısı olaraq qalır, bu, 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar zamanı bir daha təsdiqləndi. Türkiyə isə heç bir reaksiya vermədi. Ümumiyyətlə, mənə elə gəlir ki, Rusiya Türk Dövlətləri Təşkilatının işinə qoşulmaq barədə düşünməlidir, bu, ona birləşmə siyasətinə təsir göstərməyə imkan verər ”.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ