İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya qüvvələrini cəmləyib yenidən hücuma keçəcək” – Ekspertlər Kremlin “B planı” haqda

 

“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların mahiyyətində o dayanırdı ki, Ukraynaya hücum dayanar, Rusiya zəifləyər, müharibə aparmaq imkanları tükənər və s. Artıq 40 günə yaxındır ki, Rusiya hücumdadır, Ukrayna müdafiə olunur. Putin sanksiyalardan dolayı təslim olmur, geri çəkilmir. Yeni sanksiyalar tətbiq edilir, amma bu, müharibənin taleyində dönüşə səbəb olmur. 

Bu arada NATO Baş katibi Yens Stoltenberq Brüsseldə 2021-ci il üzrə hesabatını təqdim edərkən deyib ki, Rusiya hərbi bölmələri Kiyev ətrafından və Ukraynanın şimalından geri çəkilmir. Rusiya yenidən cəmlənməyə, yenidən tədarükə və Donbas regionuna hücumunu gücləndirməyə çalışır. Eyni zamanda, Rusiya Kiyevə və digər şəhərlərə təzyiqi saxlayır. Biz daha çox əzab-əziyyətə səbəb ola biləcək əlavə hücumları gözləyə bilərik”, - Stoltenberq bildirib. 

Yeri gəlmişkən, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başlayıb. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. Görəsən, bu görüşlərin, danışıqların hər hansı nəticəsi olacaqmı? Yoxsa NATO Baş katibinin dediyi kimi, müharibə daha təhlükəli məcraya keçəcək?  

tia_234ec2bb98ff8d6dd51ce9e22d498a43_iqxeafp683gr41yocbsk.jpg (50 KB)

Politoloq Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a belə şərh verdi: “Rusiyanın Kiyev ətrafından   qoşunlarının geri çəkməsi İstanbul danışıqları ərəfəsində ortaya çıxdı. Daha doğrusu, danışıqların getdiyi vaxt, Rusiya Müdafiə naziri Şoyqu bildirdi ki, müharibənin birinci mərhələsi başa çatıb. Onun iddiasına görə, birinci mərhələdə əsas hədəf Ukrayna ordusunun hərbi texnikasının sıradan çıxarmaq idi. İkinci mərhələdə isə Donbasın ələ keçirilməsidir. Ardınca danışıqlarda Rusiya tərəf bununla bir növ danışıqlarda razılaşmaya sadiqlik kimi göstərməyə çalışdılar. Amma bu daha çox müharibənin başlamasından sonrakı dövrdəki proseslərin nəticəsidir deyə düşünürəm. Çünki müharibənin gedişində belə görünürdü ki, Rusiyanın “A” planı, yəni əsas planı Kiyevi ələ keçirməkdir. Təbii ki, Ukraynanı tam ələ keçirmək mümkün olmayacaqdı, bunu ruslar da anlayırdılar. Burada hədəf bir növ Zelenski hakimiyyətini dəyişmək idi. Yəni hakimiyyətə hansısa tələbləri irəli sürüb Donbasın, Krımın tanınması və hazırda müzakirə olunan status məsələsi idi. 

Rusiya hesab edirdi ki, Ukrayna xalqının da böyük əksəriyyəti bunu dəstəkləyəcək. Amma bu, müharibənin ilk həftəsində artıq məlum oldu ki, baş tutmadı. Təbii ki, bu cür hücum planı hazırlayan istənilən ölkənin “B planı” da olur. Belə görünür ki, Rusiya “B planı”nı dövriyyəyə salıb. Burada əsas hədəf Zelenski hakimiyyətini devirə bilməyəcəyini anladılar. Onunla danışıqlar masasına oturdular. Amma əsas prinsiplər var idi ki, bu, Ukrayna neytral statusunun qəbul edilməsi, Donbasın tanınması və Krımın Rusiya tərəfindən ilhaqının tanınması idi. İndi Zelenski  hakimiyyəti neytral status məsələsinə razıdır. Amma Krım və Donbas məsələsi ilə bağlı təklifləri var, Krımın 15 il müddətində müzakirə mövzusu olmasını, o cümlədən Donbas məsələsinin Putin və Zelenski görüşündə müzakirə edilməsini təklif edir”.

Politoloq əlavə edib ki, Rusiya tərəfinin İstanbul görüşündən sonrakı açıqlaması göstərdi ki, Moskva Donbas və Krım tələblərindən imtina etməyib: “Digər məsələlərdə razılıq var. Krımı artıq Rusiya özünün torpağı hesab edir. Hətta konstitusiyada etdiyi dəyişikliyə görə Rusiya hər hansı ölkə ilə ərazi məsələsini müzakirə etməyəcək. Bunu Krıma da aid ediblər. Peskovun açıqlaması da bunu göstərdi. İndi əsas məsələ Donbasla bağlıdır. Şoyqunun açıqlaması və Kiyev ətrafından qüvvələri geri çəkilməsi onu göstərir ki, yekun hücum Donbasda ola bilər. Putinin İtaliya prezidenti ilə danışığında da atəşkəs vaxtının hələ yetişmədiyni deyib. Fikrimcə, burada hədəf, yekun döyüşlər Donbasda olacaq. Amma bu görünən tərəfdir. Başqa bir məqam var ki, Rusiya Kiyev ətrafından qoşunlarını çəkdiyini desə də, Britaniya kəşfiyyatı, o cümlədən Qərb kəşfiyyat məlumatları göstərir ki, Rusiya qüvvələrini cəmləyib yenidən hücuma keçəcək. İndiki situasiyada bu ehtimal daha zəif görünür. Donbasa hücum daha güclü görünür. Rusiya əsas hədəfi Kiyevdəki qüvvələrini bir qədər geri çəkib, yenidən toplayaraq NATO baş katibinin dediyi kimi təzyiqi Kiyevdə artırmaqda məqsədi Ukrayna ordusu arasındakı koordinasiyanı qırmaq, qüvvələri parçalamaq ola bilər. Ukraynanın əsas qüvvələrinin böyük hissəsinin məhz Donbas istiqamətində cəmləndiyini bilirik, hansı ki əvvəldən var idi. Müharibə meydanındakı xəritəyə baxdıqda Rusiyanın əsas hədəfinin məhz Şərq cəbhəsindəki Ukrayna ordusunun böyük hissəsidir. Bəzən inforamsiyalar yayıldı ki, onu mühasirəyə alıb, bəzən təkzib edildi. Amma faktiki olaraq döyüş gedir, biz bunu bilirik. Mümkündür ki, Rusiyanın Kiyev üzərindəki təzyiqləri yenə bombardman səviyyəsində olacaq. Tam mühasirədən çıxarmadan Kiyevlə Şərq cinahındakı ordunun koordinasiyasını qırmaq və əsas müharibəni Donbasa köçürmək və məqsəd Donbasın tam olaraq işğalıdır”.   

indir (4).jpg (89 KB)

Mövzu ilə bağlı siyasi ekspert Elman Vəliyev də “Yeni Müsavat”a danışdı: “Müharibənin başlamasından 1 ay ötür. Bir çox dövlətlər Rusiyaya güclü sanksiyalar tətbiq elədi. Ancaq bunlara baxmayaraq Rusiya geri addım atmadı. Rusiya sanksiyalar sahəsində təcrübəli dövlətdir. 2014-cü ildə Krımı işğal etdikdə indiki kimi olmasa da, bir xeyli sanksiyalara məruz qaldı. Rusiya tərəfi bilirdi ki, bu sanksiyalar yenə tətbiq olunacaq. 8 il zaman kəsiyində Rusiya boşluqları doldurdu, ağır sanksiyalara qarşı adekvat cavabların verilməsi yollarını axtardı. Müharibəyə qədər ölkəyə xeyli dollar gətirildi. Hal-hazırda Rusiya mərkəzi bankının rezervləri 700 milyard dollara yaxındır. Bir xeyli miqdarda qızıl və xarici pullar varr. Digər bir yandan qərb sanksiya tətbiq etsə də, Çin, Pakistan, Türkiyə, İran, Mərkəzi Asiya dövlətləri, Qafqaz ölkələri, Latın Amerika ölkələri, Ərəb ölkələri, Orta şərq ölkələri ilə münasibətlər nizamlıdır. Qərb sanksiya tətbiq etsə də, Şərq kimi bir enerji qaynağı mövcuddur. Avropa ehtiyatını əldən verməyərək Rusiyanı SWIFT-dən tam çıxarda bilmir. Bu sistem Amerika və Avropa ikiliyi tərəfindən qurulub. Yəni təkcə Amerikanın istəməyi ilə Rusiyanı çıxartmaq olmur. Avropa bilir ki, enerji ehtiyacının əksəriyyətini Rusiya ödəyir. Ehtiyat edirlər ki, Amerika öz üzərinə götürüb sonra yarı yolda qoya bilər.

Bu vəziyyət həm Qərb üçün, həm də Rusiya üçün neqativdir. Qərbdə də enerji böhranı yaşanma riski var. Bu işdə faydalı çıxan Amerikadır. Qərbdə qısa müddət ərzində qazın qiyməti xeyli qalxdı. Rusiya bu qədər sanksiyalar qarşısında öz rezervləriylə 5-10 il özünü rahat idarə edə bilər. Ancaq sonra Şərqdə də problem yaşasa, vəziyyət lap çətin olacaq. Qərb özü də bilməzdi ki, Rusiya bu qədər tab gətirəcək. Lakin Stoltenberqin dediyi kimi, sanksiyalar Rusiyanı geri çəkə bilmədi. Ancaq müharibənin aktivliyi zəifləyib artıq. Yaxın zamanda iki tərəf arasında güzəşt əldə edilə bilər. Putin və Zelenskinin görüşü planlaşdırılır. Bu görüş baş tutsa, həmin masada güzəştə nail olunacaq. Ukrayna demək olar ki, Rusiyanın şərtlərinin əksəriyyətini qəbul etməkdədir. Uzlaşa bilmədikləri məqam, Krım, Donbas, Donetsk və Luqanskdır. Amma zənn edirəm ki, Ukrayna bu şərtdə də güzəştə gedəcək. Rusiyanın bu qədər itkidən sonra bu əraziləri təhvil verməsi absurd olar”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR