Onlayn ictimai-siyasi qəzet
Bolqarıstan Moldovaya qaz təchizatında kömək etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bunu ölkənin texniki hökumətinin energetika naziri Vladimir Malinov Bolqarıstan Milli Radiosunda deyib.
O, bildirib ki, Moldovanın energetika naziri ilə daim əlaqə saxlayırlar: “Ona görə də onlar bizə ümid bəsləyirlər, kömək istədikləri anda həm mayeləşdirilmiş təbii qaza çıxış verməyə, həm də “Bulgargaz” şirkəti vasitəsilə onlara dəstək olmağa hazırıq”.
Nazir xatırladıb ki, ölkələr arasında böhranlı vəziyyətdə birgə hərəkətlərə dair saziş imzalanıb.
Qeyd edək ki, Moldovada özünə yaxın qüvvələri hakimiyyətə gətirə bilməyən Rusiya 2025-ci il yanvarın 1-dən ölkəyə qaz nəqlini dayandırdığını elan edib. “Qazprom” bu addımı Moldovanın qazın pulunu ödəməməsi ilə əsaslandırsa da, məqsədin ölkədə daxili narazılıq yaratmaq olduğu aydındır. Belə ki, Moldova Rusiya qazını bir müddət əvvəl Avropa İttifaqından tədarüklə əvəz edib, Rusiyanın verdiyi qaz separatçı Dnestryanı bölgəsinə gedir, orada Moldovanın ən böyük İES-ində elektrik enerjisi istehsal olunaraq ölkənin bütün ərazisinə paylanırdı. Yanvardan etibarən Moldova elektrik enerjisini Rumıniyadan almalı olacaq. Ölkənin qaz təchizatına isə Avropadakı dost ölkələr dəstək verir.
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ