İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “5-ci kolon”ları yenidən dirçəldir - Azərbaycana təhlükə

Ekspertə görə, yaxın dövrdə Moskvanın Cənubi Qafqazda açıq və təxribatçı fəaliyyəti özünü hiss etdirəcək, Bakı da önləyici tədbirlərinə indidən başlamalıdır...

Rusiya Prezidentinin Administrasiyası Ermənistanda parlament seçkilərinədək rusiyapərəst siyasətçiləri (“beşinci kolon”) və informasiya siyasətini gücləndirmək qərarına gəlib. Bu sahə ilə məşğul olmaq Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və ona tabe olan idarələrin əməkdaşlarına həvalə edilib. Bu barədə “Vedomosti” məlumatlı mənbələrə istinadən məlumat yayıb. 

Nəşrin digər mənbəsi qeyd edir ki, Kiriyenkonun Ermənistandakı vəzifəsi Rusiyanın maraqlarını təmin etmək üçün “yumşaq güc”dən istifadə etməkdir. Onun sözlərinə görə, artıq informasiya işlərinə başlanılıb və seçkilərə yaxın  “qarşıya yeni vəzifələr qoyulacaq”. Həmsöhbət qeyd edib ki, hazırda Ermənistanda əvvəlkilərdən - Serj Sərkisyan və Robert Köçəryandan başqa rusiyayönlü siyasətçi yoxdur. “İndi məsələ seçkilərlə bağlı deyil, Rusiyanın orada olmasıdır”-mənbə deyib.

“Vedomosti” mənbələrinin məlumatına görə, Kiriyenkonun rəhbərliyi altında Prezident Administrasiyası Ermənistanın daxili siyasət idarəsi (rəhbəri Andrey Yarin), sosial proseslərin monitorinqi və təhlili şöbəsi (Aleksandr Xariçev) və ictimai layihələr şöbəsi (Sergey Novikov) üçün cavabdeh olacaq.

Bəs bu kimi hazırlıqlar, "beşinci kolon"ları yenidən dirçəltmək və gücləndirmək qərarları Azərbaycanda da mümkündürmü? Sirr deyil ki, bəzi rusiyapərəstlər, xüsusilə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev  hakimiyyətdən uzaqlaşdırılandan sonra Rusiyanın “beşinci kolon”u xeyli zəifləyib.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Rusiya Cənubi Qafqazın hər üç ölkəsində  “5-ci kolon” yaratmağa maraq göstərib: “Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən sonra çoxları düşünürdü ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyəcək. Bu, gerçəkdən baş versə də bütövlükdə Rusiyanın bu regionda mövqelərinin əsaslı şəkildə zəiflədiyini demək mümkün deyil. Rusiya dünyanın ondan üz çevirdiyi indiki dönəmdə Cənubi Qafqaz ölkələrində öz mövqelərini möhkəmləndirməyə çalışır. Rusiyanın bu çabalarına baxmayaraq, Cənubi Qafqaz respublikalarında hadisələr heç də onun istədiyi kimi cərəyan etmir. Paşinyan hakimiyyətinin qərbyönlü siyasətini həzm edə bilməyən Rusiya artıq neçə ildir ki, onu devirmək üçün çaba göstərir, lakin istədiyi nəticəni ala bilmir. Çünki erməni toplumunun böyük əksəriyyəti Rusiyanın paslanmış "erməni sevgisinin" arxasında nələrin dayandığını fərq edərək Paşinyan hakimiyyətini dəstəkləyir. İndi Rusiyanın Ermənistandakı “5-ci kolon”unun başında Ermənistanı bir dövlət kimi korrupsiya və rüşvət yuvasına çevirərək məhvə sürükləmiş sərkisyan və köçəryanlar dayanır. Bu simasını itirmişləri isə erməni toplumunun böyük əksəriyyəti oğru kimi tanıyır. Odur ki, Rusiyanın Ermənistanda bu oğrular vasitəsilə nəsə edə biləcəyi ağılabatan deyil.

Gürcüstanda da vəziyyət formaca başqa cür olsa da məzmunca Ermənistanda olduğu kimidir. Bu gün rusiyayönümlü qüvvələr burada hakimiyyət başında olsalar da son hadisələr onların mövqelərinin nə qədər kövrək olduğunu ortaya qoydu.

Azərbaycana gəldikdə isə Azərbaycan hökumətinin ağıllı gedişləri nəticəsində rus qoşunlarının Qarabağdan rədd olub getməsindən sonra buradakı “5-ci kolon” da yetərincə zəiflədi. Lakin bu bizi qətiyyən arxayın etməməlidir. Rusiyanın ölkəmizdəki bağları zəif deyil. Biz ayıq olmalı, baş verən prosesləri yaxından izləməli və düşünülmüş gedişlər etməklə “5-ci kolon”un fəaliyyətini tam nəzarətdə saxlamalıyıq".

 

ORUCOV SON.jpeg (33 KB)

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, Kreml üçün vazkeçilməz və xüsusi önəm daşıyan regionlardan biri də Cənubi Qafqazdır: "İki əsrdən çox bu region Rusiyanın şəriksiz nəzarətində olub və özünün mülki kimi yanaşır. Son 3-4 il ərzində müharibəyə və daxili problemlərə başı qarışdığından Cənubi Qafqazda mövqeləri bir qədər zəifləsə, əsas oyunçulardan biri kimi qalır.

Köçəryanın və Sərkisyanın simasında Rusiyaya işləyən siyasilərin yenidən meydan sulamasına imkan yaradılıb. Qeyri-rəsmi məlumatlara əsasən, qatil Köcəryan Moskvada Putinlə görüşərək növbəti ev tapşırıqlarını alıb. Ermənistanda Rusiyanın “5-ci  kolonu”nun zəifləməsini düşünmürəm. Əksinə, hesab edirəm ki, Moskvanın ən güclü təsiri Cənubi Qafqaz respublikalarından məhz Ermənistan üzərindədir. Fikrimcə, Ermənistanın guya Qərbə inteqrasiya ilə bağlı yürütdüyü ikibaşlı siyasəti Rusiya ilə hiyləgərcəsinə birgə işlənmiş və müəyyən qədər də uğur qazanmış siyasətdir. Çünki Rusiyanın beynəlxalq sanksiyalardan yayınması üçün Ermənistan əvəzsiz rol oynamaqdadır. Əgər Rusiya Paşinyan iqtidarını revanşistlərlə beynəlxalq siyasi proseslərin gedişinə uyğun olaraq əvəz edərsə, bu, regionda ciddi təhlükələrə və yeni silahlı toqquşmalara gətirib çıxara bilər. Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil siyasət yürüdür və böyük güclərin mübarizəsində alət qismində iştirak etmir, hamı ilə normal,  ikitərəfli əməkdaşlığa üstünlük verir".

Ekspert dedi ki, Rusiya  Azərbaycanı da öz təsiri altına salmağa və iradəsini diktə etdirməyə çalışır: “Rusiya sevdalılarının çoxdankı xiffətidir ki, Azərbaycan Moskvanın  əyaləti olsun. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə Rusiyanın "5-ci kolonu"nun at oynatdığı dövrlər olub və onlar Azərbaycan dövlətçiliyinə bacardıqları qədər ziyan vurmağa çalışıblar. Vəzifəsindən sui-istifadə edərək o, bütün dövlət və hakimiyyət orqanlarına öz adamlarını yerləşdirmişdi və koordinasiyalı iş görə bilirdilər. Lakin onun vəzifəsindən uzaqlaşdırılmasından sonra “beşinci kolon” zəiflədilsə də zərərsizləşdirilməsi mümkün olmadı. Bu gün də müxtəlif sahələrdə, dövlət və qeyri-dövlət strukturlarında Ramiz Mehdiyev-Əli Həsənov tandeminin adamları, kadrları və trolları maskalanaraq əvvəlki qaydada “xidmətlərini” göstərməkdədir. İş başında və görəvlərində özlərini çox komfortda hiss edirlər. Təəccüblüsü odur ki, Rusiyanın “beşinci kolonu”nun fəal və tanınmış simaları hələ də Azərbaycanda hörmət və izzətə sahibdirlər. Bu heç də xoş olmayan və təhlükəli president yaradır. Odur ki, həmin şəxslər təcili surətdə görəvlərindən uzaqlaşdırılmalı, nəzarətə götürülməlidir ki, fürsət yarandığı təqdirdə çirkli niyyət və məqsədlərini həyata keçirə bilməsin. Göründüyü kimi, Kreml artıq düyməni basıb və buna rəhbərlik də ən yüksək səviyyədə həyata keçirilir.  Yaxın dövrdə “beşinci kolon”un Cənubi Qafqazda açıq və təxribatçı fəaliyyəti özünü hiss etdirəcək. Azərbaycan önləyici tədbirlərinə indidən başlamalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR