İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunun iki hərbi rəhbərinə həbs verildi - onları nə gözləyir...

Haaqa tribunalı Rusiya Hava Kosmik Qüvvələrinin uzaqmənzilli aviasiya komandiri Sergey Kobılaş və Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həbsinə orderlər verib, Kreml isə qərarı tanımır; hərbi ekspert və hüquq müdafiəçisi deyirlər ki...

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyət kontekstində Rusiya Hava Kosmik Qüvvələrinin uzaqmənzilli aviasiya komandiri Sergey Kobılaş və Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həbsinə orderlər verib. Məhkəmə onları hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edir. İnstansiya iddia edir ki, Kobılaş və Sokolovun ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynanın elektrik enerjisi infrastrukturuna həyata keçirdiyi raket hücumlarına görə məsuliyyət daşıdıqlarına dair ağlabatan əsaslar var.

“Moskva Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) Rusiya hərbi rəhbərlərinin həbsinə order verən qərarını tanımır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Biz statutun (Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu-red) tərəfləri deyilik. Biz bunu tanımırıq. Bu, ilk qərar deyil. Bilirik ki, orada gizli saxlanılan müxtəlif qapalı proseslər də gedir. Biz bu cür qərarlara müvafiq şəkildə yanaşırıq”, - deyə Peskov vurğulayıb.

Haaqa məhkəməsi Kreml lideri Putinin həbsinə də order verib. Amma Rusiya Duması Roma statutunu ratifikasiya etməyib və bu prosesə qoşulmayıb. Bununla belə, Rusiya prezidenti Avropaya səfər edəcəyi halda, qərar icra oluna bilər. Sadəcə, indiki halda nonsens görünür. İndisə rus hərbçilərə həbs verilir və müharibə cinayətlərində ittiham olunurlar. Beynəlxalq Haaqa Məhkəməsi 1946-cı ildə BMT-nin mühakimə üçün əsas hüquqi orqanı kimi fəaliyyətə başlayıb. Məhkəmə fiziki şəxslərin deyil, yalnız ölkələrin iddialarına baxır. Əgər hər hansı ölkə işi məhkəməyə göndərmək qərarına gələrsə, o, onun qərarı ilə bağlıdır. Bundan başqa, Prezident Vladimir Putin və uşaq hüquqları üzrə komissar Mariya Lvova-Belova ukraynalı uşaqların oğurlanması ilə bağlı hərbi cinayətlərdə ittiham olunub. Kreml bu iddianı rədd edib. Kreml məhkəmənin orderinə Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsini tanımadığını bildirərək reaksiya verib.

Ukraynanın bildirdiyinə görə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğaldan bəri Kreml 10 minlərlə müharibə cinayəti törədib. Müharibə ilə bağlı qaydalar bir çox beynəlxalq hüquq və razılaşmaların da tövsif olunduğu Cenevrə Konvensiyası çərçivəsindəki müqavilələrə əsaslanır. Hərbi qüvvələr mülki insanlara və onların yaşayışında vacib rol oynayan infrastrukturlara qəsdən hücum edə bilməzlər. Yaratdıqları dağıntılar və vurduğu zərərlərə görə insan əleyhinə minaların, kimyəvi və bioloji, eləcə də bu kimi digər silahların istifadəsi qadağandır. Müharibə əsiri kimi hüquqlara malik olan yaralı əsgərlər də daxil olmaqla, xəstə və ya yaralı şəxslərə yardım edilməlidir. Zorlama, öldürmə və ya hər hansı qrupa qarşı kütləvi işgəncə “insanlıq əleyhinə cinayət” və ya bəzi hallarda “soyqırım” kimi tanınır.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ və Qərb düşərgəsi Rusiyaya, onun Şərqdə olan müttəfiqlərinə qarşı “səlib yürüşü” başlayıb.

1598437062540325292_1200x630.jpg (77 KB)

Hərbi analitikin sözlərinə görə, Vaşinqtonun missiyasını London və Paris yerinə yetirir, digər ölkələr də “sehirli çubuğa” uyğun addımlar atırlar.

R.Məmmədlinin fikrincə, Haaqa tribunalı Böyük Britaniya xüsusi xidmət orqanlarının və ABŞ tərəfindən idarə olunan bir məhkəmə sistemidir: “Rusiya da bunu bilir. Təbiidir ki, Rusiyanın dövlət maraqlarını qoruyan şəxslər barəsində belə qərarlar çıxarıla bilər. Bu da bir təzyiq vasitəsidir. Hazırda müharibə gedir və savaşın ortasında hər şey baş verə bilər. Azərbaycan da Qərbin bu cür təzyiqlərindən sığortalanmayıb. Hesab edirəm ki, Rusiya da eyni şəkildə məhkəmə qərarları qəbul edə bilər. Ona görə də Haaqadan olan təzyiq vasitəsi böyük ölçüdə təsir etməyəcək”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə qərarın nəzəri olaraq icrasını mümkün sayır, praktiki olaraq gerçəklikdən uzaq sayır.

tia_385c2616921eee8603fa43c292db.jpg (24 KB)

X.Teyyublunun sözlərinə görə, onların fiziki həbsi üçün ya əməliyyat keçirilməlidir, ya da hər iki komandan ölkə ərazisini tərk etməlidirlər: “Sözsüz ki, bu cür qərarlar onların hərəkət azadlığını məhdudlaşdırır. Yəni verilmiş order siyasi olaraq həmin şəxslərə təsir edir. Onlar istər-istəməz düşünürlər ki, Rusiyadan kənara çıxmaq həbs təhlükəsi deməkdir. Ancaq onların mühakiməsi üçün müharibə başa çatmalı, Rusiyada hakimiyyət dəyişməli, yeni gələn iqtidar bu şəxslərin tribunala çıxarılmasına şərait yaratmalıdır. Bütün bunlar isə mümkünsüz görünməkdədir”. Hüquq müdafiəçisi beynəlxalq tribunalın nasistləri mühakimə etməsi ilə indiki rus hərbi rəhbərliyini fərqləndirir: “Çünki Rusiya Haaqa tribunalının qərarını tanımır. Almaniyada isə Nürnberq məhkəməsini nasistlər üçün özləri qurdular və cəzalandırdılar. Bu baxımdan Rusiya dövləti hərbi cinayətlərdə ittiham olunan şəxslər barədə oxşar qərar qəbul etməyəcək. Sadəcə, beynəlxalq səviyyədə Rusiyanın siyasi və hərbi rəhbərliyi izolyasiya edilməkdədir. Bununla kollektiv Qərb demək istəyir ki, Rusiyanın hazırkı siyasi-hərbi rəhbərliyi ilə danışıqlar olmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR