İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus generalının avtomobilinin altına bomba qoyan 23 yaşlı qız "FSB" tərəfindən yaxalandı - ANBAAN VİDEO  

Musavat.com xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilən əməliyyat zamanı 23 yaşlı qadın avtomobilin altına bomba yerləşdirərkən yaxalanıb. Məlumata görə, saxlanılan şəxs Rusiya Müdafiə Sənayesi müəssisəsində çalışan yüksək rütbəli zabitin (general rütbəli) maşınını partlatmağa hazırlaşırmış.

"FSB" açıqlayıb ki, bu qadın Ukrayna kəşfiyyatı ilə birbaşa əlaqəyə keçib və daha öncə də onların tapşırıqlarını yerinə yetirib. Bildirilir ki, o, 2024-cü ilin iyununda özü könüllü şəkildə Ukrayna tərəfi ilə əlaqə saxlayıb, məqsədi isə Rusiyadan çıxaraq Avropa İttifaqında vətəndaşlıq almaq üçün diversiya və terror əməlləri törətmək olub.

Hadisənin görüntüləri anbaan qeydə alınıb – xüsusi xidmət əməkdaşları terrorçunu yerə yıxaraq qandallayır, o isə üzü aşağı, əli qandallı vəziyyətdə hərəkətsiz qalıb. Kadrlarda əməliyyatın soyuqqanlılıqla, ancaq olduqca sərt şəkildə aparıldığı açıq görünür.

"FSB" rəsmi bəyanatında vurğulayıb ki, bu əməliyyatla növbəti böyük faciənin qarşısı alınıb. Terrorçu qız barəsində Rusiya Cinayət Məcəlləsinin terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, son aylarda Rusiyada Müdafiə Nazirliyi generallarına, yüksək rütbəli komandirlərə qarşı da analoji hücumlar törədilib, onların avtomobilləri minalanaraq partladılıb. Hər dəfə də bu işlərin arxasında Ukrayna kəşfiyyatının izi aşkarlanıb. Kreml bu hücumları xüsusi vurğulamağa çalışaraq ölkə daxilində sərt təhlükəsizlik ab-havası formalaşdırır.
Video- görüntünü təqdim edirik.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR