Onlayn ictimai-siyasi qəzet
İlk yayınlanma zamanı 30 yanvar saat 20:40
Yanvar 31-də görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Bu münasibətlə Bakıda konfrans keçirilir.
Musavat.com xəbər verir ki, konfrans "Rəsulzadə Ev Muzeyi" İctimai Qrupu, Milli Azərbaycan Tarixi Muzeyi, "Xəzər" Universiteti, Varşava Universiteti, Ankara Universiteti və “VMF Holding”in təşkilatçılığı ilə reallaşır.
“II Beynəlxalq Rəsulzadə qiraətləri” adlı konfransın ikinci günündə dövlət rəsmiləri, tarixçi alimlər, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, ziyalılar, Rəsulzadənin ailəsi adından onun nəvəsi Rais Rəsulzadə iştirak ediblər.
Konfrans Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, "Rəsulzadə ev muzeyi" İctimai Qrupunun və Rəsulzadə-140 yubiley Təşkilat Komitəsinin üzvü Fərhad Cabbarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamını oxuyub.
Daha sonra xalq artisti Alim Qasımov ansammlı ilə birgə çıxış edib.
Tarixçi-alim,professor Solmaz Rüstəmova-Tohidi "Rəsulzadə Ev Muzeyi" İctimai Qrupu adından konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə yeni kitab nəşr edilib: "Kitaba 17 ölkədən 62 müəllifin məqalələri daxil edilib. Nəşr ictimaiyyətə təqdim olunacaq”.
Akademik, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə çoxşaxəli fəaliyyəti ilə böyük irs qoyub və bu irsi araşdırmaq lazımdır: "Bu gün yeni dünyada, Rəsulzadənin arzuladığı dünyada yaşayırıq. Suverenliyimizin tam olduğu Azərbaycanda yaşayırıq. Bu Məhəmməd Əmin Rəsulzadənin arzularının gerçəkləşməsi deməkdir".
"Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı isə qeyd edib ki, universitet hər zaman cümhuriyyət qurucularına həsr olunan tədbirlərin keçirilməsinə dəstək olmağa çalışır.
Varşava Universiteti rəsmisi Yan Maliski də Rəsulzadə irsinin öyrənilməsinin önəmindən danışıb.
Ankara Universitetinin rektoru Necdet Ünüvar isə konfrans iştirakçılarına video-müraciət ünvanlayıb.
"VMF Holding" nin rəhbəri Vahid Mustafayev isə uzun müddətdir gözlənilən müjdəni verdi. Nəhayət ki, Rəsulzadənin ev muzeyi virtual formada ictimaiyyətə təqdim olundu.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə silsilə tədbirlər davamlı olacaq.
Nigar HƏSƏNLİ,
Rafət Şahbazov
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ