İnsanlara hürriyət, millətlərə istiqlal!

ReAL sədri müxalifətdən kimləri, nədə ittiham edir - reaksiyalar   

İlqar Məmmədov: “Deyirlər ki, sən niyə hökumətlə dialoqa gedirsən, sən niyə onlarla danışırsan...?”

“Biz ölkəmizdə siyasi dəyişikliyin demokratik, dinc yollarla baş verməsini istəyirik”. Bunu ReAL Partiyasının sədri İlqar Məmmədov hökumətlə aparılan dialoq barədə danışarkən bildirib. "Biz ölkəmizdə siyasi dəyişikliyin demokratik, dinc yollarla baş verməsini istəyirik. Qanunauyğunluğa baxın. Adamlar deyirdi ki, biz meydanlardan hakimiyyətə gələcəyik. Dörd il əvvəl  mən həbsdən çıxanda hər kəsə təklif verdim ki, gəlin seçkiyə hazırlaşaq. Seçkiyə iki il qalır. Dairələri bölüşdürək, proqramı ümumiləşdirək, namizədləri müyyənləşdirək ki, seçkilərdə mübarizəmiz, səslərin qorunması daha rahat olsun. O adamlar o vaxt nə deyirdilər? “Bəy, biz iki il gözləyə bilmərik. Sən bizi ləngitmək istəyirsən. Biz bu gün-sabah hakimiyyətə gələcəyik”. Təxminən bu intonasiya ilə mənə cavab verilirdi". Onun kimi nəzərdə tutması ilə bağlı suala İlqar Məmmədov belə cavab verib: “Hər kəsə məlumdur. İntonasiyasından tanıyırsınız bu cür adamları”. Aparıcı söhbətin AXCP sədri Əli Kərimlidən gedib-getmədiyini dəqiqləşdirmək istəyəndə isə ReAL Partiyasının sədri “o cümlədən” cavabını verib. (“Qafqazinfo”)

“Meydanlardan guya dörd il qabaq hakimiyyətə gələcəkdilər və iki il bunların seçkiyə itiriləsi vaxtı yox idi, eyni adamlar indi deyirlər ki, sən niyə hökumətlə dialoqa gedirsən? Sən niyə onlarla danışırsan? Mən siyasətçi olaraq nə etməli idim? Dörd il, dörd il də yox ha, 30 il olmayan proses haqda söhbət etməli idim? Siyasətçi funksiyası tamamilə başqadır. Məqsədləri var, funksiyası var, prinsipləri var. Bu prinsiplər çərçivəsində o ideyaların gerçəkləşməsi üçün yollar aranmalıdır. Avantürist yollar - hansılar ki 30 ildir bax belə, biz bu gün sabah - ayını, tarixini qoyurlar ki, biz hakimiyyətə gələcəyik. Hər ilin sentyabrında hakimiyyətə gəlirlər bunlar. Bu cür avantüralarda biz iştirak etmirik”, - deyə İlqar Məmmədov əlavə edib. 

Hakimiyyətlə dialoq mövzusu niyə prosesdən kənarda qalan müxalifəti bu qədər narahat edir? İ.Məmmədovun müxalifətə seçkilərdə birgə iştirakla bağlı təklifləri nə qədər realdır? Müxalifətin seçkilərdə birgə iştirakı bir neçə dəfə baş tutub, amma uğursuz alınıbsa, bunu yenidən sınamağın xeyri varmı?

Qulamhüseyn Əlibəyli — Vikipediya

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məsələyə bu cür münasibət sərgilədi: “Hakimiyyətlə təkcə dialoq mövzusu deyil, hər hansı normal əlaqələrin olması həqiqətən də bəzi müxalifət partiyalarını ciddi narahat edir. Bunun da bir neçə səbəbini göstərmək olar. Birincisi, müxalifətçilik missiyasına son dərəcə radikal yanaşmadır. Bu yanaşmaya görə, müxalifətdə olmaq hakimiyyətlə hər hansı normal münasibətləri inkar etmək olmalıdır. O cümlədən hakimiyyətlə hər hansı müzakirə, dialoq istisna edilməli, hakimiyyətin bütün siyasəti və addımları sərt şəkildə tənqid edilməlidir. Bunu həmin düşərgənin istədiyi kimi etməyənlər müxalifət hesab olunmur, ən yaxşı halda isə əsl müxalifət sayılmır.

İkincisi, müxalifətçilik missiyasını inhisara almaq cəhdidir. Bu cəhdə görə yalnız məlum düşərgədən başqa, heç kim müxalifətçilik fəaliyyəti ilə məşğul olmur. Yalnız məlum düşərgə müxalifətçilik missiyasını yerinə yetirə bilər, digərləri isə bu missiyaya ya ümumiyyətlə yaramırlar, ya da saxta müxalifətçilik edirlər. Ona görə də onları guya “ifşa” etmək lazımdır.

Üçüncüsü, hakimiyyətlə hər hansı münasibətlərin qurulmasına, o cümlədən dialoq məsələsinə maksimalist yanaşmadır. Bu yanaşmaya görə, hakimiyyətlə hər hansı normal əlaqə və dialoq ola bilməz. Məlum düşərgədən fərqlənən siyasi partiyaların hakimiyyətlə normal əlaqə  və dialoq məsələsinin gündəmə gəlməsi özü müxalifət missiyasına xəyanət kimi qiymətləndirilir. Yalnız məlum düşərgə özünün qabaqcadan müəyyən etdiyi şərtlər hakimiyyətlər və prosedurlar daxilində hakimiyyətlə münasibətlər qura bilər və dialoq apara bilər. Özü də bu münasibətlər və dialoq hakimiyyət tərəfindən həmin düşərgənin tələblərinin hamısının və ya əksəriyyətinin yerinə yetirilməsi ilə nəticələnməlidir.

Müxalifətin seçkilərdə birgə iştirakının gündəmə gəlməsi yeni məsələ deyil. Bu məsələ son təxminən 30 ildə dəfələrlə gündəmə gəlib, müxtəlif siyasi və seçki blokları  yaradılıb. Müxalifətin müəyyən hissəsinin seçkilərdə birgə iştirakı baş tutsa da ciddi nəticələr əldə olunmayıb, bütün müxalifətin isə seçkilərdə vahid bir qüvvə kimi birgə iştirakı heç vaxt mümkün olmayıb. Ona görə də bütün müxalifətin isə seçkilərdə vahid bir qüvvə kimi birgə iştirakı yaxşı təklif olsa da real görünmür. Yalnız bir neçə müxalifət partiyasını birləşdirən bir neçə seçki blokunun yaradılması mümkün ola bilər. Bunu isə yenidən bir daha sınamaq xeyir gətirməsə də, zərərli sayıla bilməz".

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli dolayısı ilə İ.Məmmədovun fikirlərinə haqq qazandırdı: “İqtidar-müxalifət dialoqu arxa qapılarda, qeyri-rəsmi şəraitdə getsəydi-necə ki əvvəllər belə idi-narahat olmağa dəyərdi. İndiki şərtlər altında, şəraitdə, hər kəsə açıq, rəsmi şəkildə gedən iqtidar-müxalifət dialoqundan narahat olmaq əvəzinə belə bir dialoqdan maraqlı olmaq lazımdır. Çünki iqtidar-müxalifət dialoqu istənilən nəticələri alsa, bundan hamı faydalanacaq, o cümlədən indi bu dialoqdan kənarda qalanlar. Azərbaycanda yeni siyasi mənzərə qurulur. Son 30 ildə bu cür vəziyyət iki dəfə olmuşdu, bir 1992-ci ildə, bir də 2005-ci ildə. 2020-ci ilin parlament seçkilərindən sonra müasir Azərbaycan siyasi arenası 1992, 2005-ci illərdən sonra üçüncü keçid dövrünü yaşayır. 30 ildir, az qalıb gəlirik ritorikasından hələ də əl çəkməyən siyasi qüvvələr müasir dövrün tələblərinə cavab vermədikləri üçün aqoniya vəziyyətindədirlər. Sədrləri blogerlərə, partiyaları da dərnəyə çevirənlər anlayırlar ki, yeni siyasi konfiqurasiyada yer almayacaqlar. O ki qaldı seçkilərdə birgə iştiraka, bu, prinsipcə mümkündür. Seçkilərdə birgə iştirak vahid siyahı, siyasi bloklar və yaxud əməkdaşlıq və tərəfdaşlıq şəklində də ola bilər. Bunlar hamısı həmin dönəmə bağlı məsələlərdir”.

Natiq Cəfərli: “Hökumət manatın məzənnəsinə dəyişiklik etmək  məcburiyyətində qalacaq” - BBC News Azərbaycanca

Natiq Cəfərli

ReAl Siyasi Komitəsinin üzvü Natiq Cəfərli sədrinin müdafiəsinə qalxdı: “Əslində dialoq mövzusunun, hökumətlə aparılan açıq və şəffaf dialoq mövzusunun kodları, çətinlikləri, üstünlükləri haqqında ictimaiyyətə dəfələrlə məlumat vermişik. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda iqtidar-müxalifət təmasları hər zaman gizli olub. Çox zaman da hüquq-mühafizə orqanları tərəfindən aparılıb. İlk dəfə hökumətdən gələn təklifə ReAL-ın israrlı təkidləri ilə sivil və siyasi qanadla bir dialoq prosesi başladılıb. Siyasətçilərin əsas apardığı iş danışmaqdır. Danışıqlardan qaçan siyasətçi, siyasətçi deyil. İlk dəfədir ki, Prezident Administrasiyasının təşəbbüsü ilə başlayan və REAL tərəfindən də dəstəklənən bu dialoq sivil platforma və qanad vasitəsilə aparılır, yəni siyasi qanad vasitəsilə. Proses şəffaf gedir. Əvvəldə də dediyim kimi, hər görüş barədə dərhal məlumat verilir. Hər halda, biz tərəfdən bu edilir. İndi görünür ki, bu şəffaflıq kimlərinsə xoşuna gəlmir. Bu şəffaf təmaslar nəticəsində başqalarının əllərindən müəyyən fürsətlər çıxır. Buna qarşı çıxan siyasətçilər varsa bu o demək deyil ki, onlar dialoqdan kənardadırlar. Sadəcə, onlar başqa dialoq formasında və çərçivəsindədirlər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR