Onlayn ictimai-siyasi qəzet
Hollivudda kinoçəkənlər tətil elan etmişlər. Deyirlər maaşımızı artırın. Yanılmıramsa, öncə ssenaristlər başlamışdı, sonra prosesə aktyorlar qoşuldular. Artıq bəzi film və serialların çəkilişi dayanmışdır.
Açığı, sevindirici haldır. Hollivud nə qədər çox dayansa, dünya kino sənətinə o dərəcə xeyri dəyər. Yoxsa baxırsan hər il cürbəcür axmaq kinolarla ekranları doldururlar. Ağac danışır, su pərisi şıllaq atır, nə bilim, dəmir adam belə getdi, su adamı elədən gəldi... Üstəlik, bütün bu cəfəngiyyatlar milyardlarla dollar gətir gətirirmiş. Dünya dəli olubdur. Ayaz Salayevin Rasim Balayevi yastıqla qucaqlaşdırdığı kinoya heç on adam baxmır, lakin Hollivudda kompüterlə planetləri toqquşdururlar, milyonlar tamaşasına durur. Ədalətsizlikdir. Açıq-aşkar. Dünya birliyi isə buna susur.
Ümidverici haldır ki, Azərbaycan kino idarəsinin müdiriyyəti Hollivudun tətilə çıxmasından maksimum yararlanmaq qərarına gəlmişdir və bugünlərdə iclas qayırmışlar. Deyir dövlətimiz 5 milyon manat pul ayırmışdır, bunun 2 milyonuna bədii film, qalanına da sənədli kino-zad çəkiləcəkdir.
Pul azdırmı? Azdır. Bu yaxında şəmkirli göyərti baronu Əbru Gündəşi uşağının sünnət toyuna az qala elə bu qədər vəsait xərcləyərək gətirmişdi. (Dəli şeytan deyir həmin toyun kasetini Kann festivalına göndərib mükafat qazanaq. Şübhə edirsiniz? Niyə də yox. Artıq çoxdandır dünya incəsənətində məzmunun, süjet-filanın önəmi qalmayıbdır, əsas peyini konfet kağızına yaxşı bükmək, necə deyərlər, təqdimatdır. Sənin “Sədərək” bazarından 100 manata aldığın unitazı “Fontan” adı qoyub incəsənət hərracında milyon dollara sata bilərlər).
Ancaq bazar iqtisadiyyatımız, özəl şirkətlər də yoxdur ki, kinoya yatırım qoysunlar. Prodüser şirkətlərimiz ölü vəziyyətindədir. Yalnız Qərbdən projelərə qoşulub kinomuzu dirçəltmək olardı, o işə də milli mentalitetin ayıq keşikçisi - hökumət imkan vermir. Yaradıcı azadlıq olmayanda belə pat vəziyyəti yaranır. Lakin ümidsiz olmayaq. Bəlkə Hollivudun dayanması "Azərbaycanfilm"ə düşdü.
Sözgəlişi, milli kinomuzu inkişaf etdirmək üçün Yasamalda qayaların üstündə “Azərbaycanfilm” yazmaq olar. İri, uzaqdan görünən hərflərlə. Belə reklamın əhəmiyyəti çoxdur. Məsələn, bu dəqiqə Yasamalda bir küçə var, qoyunları kəsib kabab satırlar, uzaqdan tüstüsü ərşə bülənd olur. Nəticədə süfrəni tapmaq asanlaşır. Tüstü, reklam vacibdir. Keçmişdə kababın iyinə gedirdilər, görürdülər eşşək dağlanır.
Bu arada Hollivudla yanaşı siyasi partiyalarımızın dayanması aktivləşir, Ədliyyə Nazirliyinin məlumatına görə, artıq 31 partiya (rəqəm bir az pis səslənir, eybi yoxdur) özünü buraxmışdır, ləğv edilmişdir. REAL Partiyasının sənədlərində isə nazirlik çoxlu səhv tapıb. Sədr İlqar müəllim açıqlayıb, deyir 5000 nəfər üzvün siyahısını nazirliyə verdik, əlimizdə yalnız 460 nəfər qaldı. Yerdə qalan 4500 nəfəri Ədliyyə Nazirliyi saxta elan edibdir. Görünür, hökumət partiyanın üsyankar üzvü Erkin müəllimin “hamımızı parlamentə saxta seçiblər” çıxışını unuda bilmir. Ara yerdə partiya bada getdi. Tətil olmasa deyərdim Erkin müəllim təzədən çıxış eləsin.
REAL Partiyasının realda 5000 üzvü ola bilməzmi? Doğrusu, siyasətə qarışmıram, o üzdən dəqiq nəsə yazmaqda çətinlik çəkirəm. Bəlkə də yoxdur. Bəlkə də var. Şair demişkən: “O dünya bundan yaxşımı, Bəlkə də hə, bəlkə də yox”. YAP-ın 1 milyon üzvü varsa, konstruktiv müxalifətin hərəsinə 5-5 minliklər ayırıb vermək yaxşı olar. Elə radikal müxalifətə də. Balaca ölkəyik, niyə dalaşırıq? Hamımıza hasilatın pay bölgüsü çatar. Onsuz partiyaların hamısı bir bezin qırağıdır. Çernomırdin demişkən, hansı partiya qursaq, axırda Kommunist Partiyası alınır.
Digər tərəfdən, 460 partiya üzvünün tanınması haradasa islahat, irəliyə doğru addım sayılmalıdır. Vaxt var idi hökumət nəinki bu qədər adamı qeydə alırdı, hətta İlqar Məmmədovun özünün İlqar Məmmədov olmasını isbat etmək üçün 5-6 il həbsdə qalması vacib olmuşdu. 460 böyük rəqəmdir.
Hətta son anda dəqiqləşdirdim, nazirliyin imzasını etibarlı saydığı partiya üzvlərinin sayı 463 imiş. 3 nəfər də buradan qabaqsınız. Ta nə istəyirsiniz, başa düşmürəm.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ