İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Bir kağız parçasına görə vətəndaşları incitmək yolverilməzdir”

“Operativ qərargahın şərtlərinə görə AZAL ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. İndi isə bu tələb aradan qaldırılmalıdır. Əsəb, gərginlik, stres, öz vətəninə qayıda bilməmə qorxusu, xərcə düşmə riski və sair”.

Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisin plenar iclasında söylədi. Deputat ardınca konkret fakta istinad etdi: “Mən iki dəfə ürəyimi ağrıdan hadisəyə şahidlik etmişəm. Bir dəfə İstanbulda, bir dəfə də İtaliyadan uçanda. Gözü yaşlı ana və körpə uşağ da qucağında. Ana, doğulduğu ölkəsinə, evinə-eşiyinə, balalarının yanına qayıtmaq istəyirdi. PCR testin yoxdur, istəyirsən yıxıl öl, icazə verməyəcəklər. Mən bu yanaşmanın tam əleyhinəyəm və bunu ədalətsiz qərar sayıram. İstanbul hava limanından Bakıda, hava limanında xeyli insana zəng etdim, o qadına kömək edə bilmədim. O isə məni pənah bilmişdi ki, bəlkə deputatın sözünü eşidərlər. Olsun, etirazım yoxdur, qanun qanundur. Amma, gerçəklik tələb edir ki, bu qərar dəyişsin. Hər kəs üç dəfə peyvənd olunub, pasportu var, qızdırması, asqırması və öskürməsi də yoxdur. Bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir. Biri gecikir, PCR ala bilmir, biri ucuz yer gəzir, o biri təcili uçur və ya gəlir. Dəyərmi buna? O qədər qanunlarımız, o qədər ənənələrimiz, o qədər öhdəliklərimiz var ki, bir qəpik qiymət qoyulmur. O qədər vəzifəli şəxslər var ki, vətəndaşları incidə-incidə, dövlət büdcəsini talayıb, manatı qiymətdən salıb, bank sistemini yerlə-yeksan edib, xalqın verdiyi vergidən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb, hələ də davam edir. Onlara qarşı sərt olaq”. R.Nurullayev təklif verdi: “PCR test tələbi ləğv edilsin, antigen və ya birdəfəlik test üsulu lazımdırsa tətbiq edilsin, quru sərhədləri açılsın və gözü yollarda qalan hotellər də işlək vəziyyətə gəlib 5-10 nəfər kasıba çörək qazandırsın. Bu mənim dəyişməz mövqeyimdir.

Növbəti demək istədiyim pandemiya dövründə vətəndaşlara tətbiq olunan cərimələrin ləğv edilməsidir. Bizdən də kasıb olan ölkələr, qonşu Gürcüstan da belə bir addım atıb. Onun üçün də Parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və plenar iclasa çıxarmasını xahiş edirəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR