İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “AXCP sədri Əli Kərimli, Milli Şura kimi təşkilatlar göstərişləri xaricdən alır”

 


Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə deputat Razi Nurullayev çıxışında bildirib ki, layihəni müdafiə edib, bu dəyişikliklər siyasi partiyaların fəaliyyətində hüquqi boşluqların doldurulmasına kömək edəcək.

R.Nurullayev əlavə etdi ki, bu gün siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün hüquqi baza var:

“Bununla bərabər, siyasi partiyaların daha da güclənməsi də lazımdır ki, bütün siyasi müzakirələr və məsələlər siyasi partiyalar müstəvisində olsun. Vətəndaşlar da bilsin ki, onlar üçün siyasi fəaliyyət və müzakirə siyasi partiya müstəvisində olan zaman fayda verir. Onlar da gedib şübhəli hərəkatlara, qurumlara və birliklərə qoşulmasın. Siyasi partiyalar demokratiyanın tərkib hissəsidir. Siyasi partiyalar yoxdursa, demokratiyanın ölçüsü də yoxdur. Bu baxımdan onların ölçü göstərə biləcək səviyyədə inkişafı vacibdir. Bu həm də onun üçün lazımdır ki, onlar beynəlxalq birliklərdə öz maddi-texniki bazaları ilə sərbəst şəkildə iştirak edə, Azərbaycan adına işlər görə və ölkəmizi layiqincə təmsil edə bilsinlər.

Siyasi partiyaların maddi-texniki bazası elə olmalıdır ki, onlar həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda xalqa və dövlətə xidmət etməkdə sıxıntı ilə üzləşməsin. Bunu ona görə deyirəm ki, xeyli boşluqlar və təhlükələr görür, əsassız ittihamlar eşidirəm. Məni və rəhbərlik etdiyim Milli Cəbhə Partiyasını hakimiyyətə qulluq etməkdə günahlandırırlar. Böyük yanlışlıq. Biz Azərbaycan xalqına xidmət edirik. Sosial-demokratiya ideologiyası əsasında fəaliyyət göstərərək bütün anti-konstitusion fəaliyyətlərə qarşı çıxırıq. Heç bir xarici qüvvəyə bağlı deyilik, xarici təşkilatın və ya iqtidar nümayəndələrinin göstərişləri ilə siyasət qurmuruq”.

 R.Nurullayev daha sonra çıxışını konkretləşdirdi:

“Bizləri günahlandıran AXCP sədri Əli Kərimli, Milli Şura kimi təşkilatlar isə göstərişləri xaricdən alır. Biz sizlərin dediyi kimi daxildən göstəriş alsaq belə bu ölkəmiz və xalqımız üçün təhlükəli deyil. Təəssüflə deməliyəm ki, sizlər isə Azərbaycan dövlətinin birmənalı maraqları olan yerdə belə ikibaşlı bəyanatlar və ikibaşlı açıqlamalar verirsiniz. Özünüzü fədakar kimi göstərirsiniz. Amma siyasəti və diplomatiyanı bilənlər gözəl başa düşür ki, sizin xeyli açıqlamalarınız ancaq və ancaq xarici aləm üçün deyilir. Yəni hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinmək olmaz və ən ağır şərtlərə də razıyıq. Əgər xaricdən vəd olunanlar bu qədər gözəl, cəzbedici idisə, niyə Moldovada Avropaya inteqrasiya əleyhdarları az qala referendumu udmuşdurlar? Bu düşünmək üçün ciddi məsələdir. Moldovanlar Avropaya vizasız gedir, işləyir, güclü vəsait alır. Onlar Avropanın direktivası altında olmağa yox deyir, suveren, müstəqil siyasət yürütmək istəyir. Bunu bir Əli Kərimli də düşünsün. 26 oktyabrda Gürcüstanda parlament seçkiləri olacaq. Gürcüstan demək olar ki, Avropaya yox deyib. Axı gürcülər də vizasız gedib-gəlir, orada işləyir, hər cür dəstək alır, amma boyunduruq altına düşmək istəmir? Ukraynaya baxın. O dağılıb, məhv olub və məhv olmaqda davam edir. Əli Kərimli və Milli Şura deyir ki, azadlıq, müstəqillik qurban tələb edir. Minlərlə qurban olmasa, azadlıq və müstəqillik, suverenlik olmaz. Əli Kərimliyə məsləhət görürəm ki, gözünü açıb bir daha diqqətlə baxsın. Biz 30 min qurban vermişik, 20 faiz torpağımız dağıdılıb, 30 il bir milyon qaçqın-köçkün ən ağır şərtlər altında yaşayır. Daha bundan da ağır qurban vermək olar? Bundan sonra bir nəfər də qurban vermək olmaz. İndi ən ümdə məqsəd abad Azərbaycan qurmaq və insanlara layiqli həyat bəxş etmək üçün çalışmaqdır”.

 E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR