Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev barəsində Gürcüstanın baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfəri zamanı səsləndirdiyi fikirlər cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Xüsusilə, son illərdə qonşu ölkə ilə ara-sıra yaşanan gərginliyin fonunda belə fikirlərin hökumət başçısının dilindən səslənməsi Azərbaycanın növbəti uğuru kimi təqdim olunur.
Görünən odur ki, Azərbaycan liderinin siyasi təcrübəsi, öz dövləti və milləti naminə yürütdüyü siyasət, atdığı addımlar hər kəs tərəfindən qəbul olunur, rəğbətlə qarşılanır.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Musavat.com-a açıqlamasında Kobaxidzenin etirafına toxunub:
“Gürcüstanın baş naziri İrakli Kobaxidzenin cənab Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər ölkə rəhbərimizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir. O vurğuladı ki, siz regionda fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz. Bununla qonşu ölkənin baş naziri Cənubi Qafqaz regionunun liderinin dövlət başçımız olduğunu etiraf etdi.
Eyni zamanda, Gürcüstandakı parlament seçkilərindən bir ay sonraya bu səfərin təsadüf etməsi Azərbaycanın gücünün təsdiqidir. Azərbaycan və Gürcüstan ortaq mədəni tarixi əlaqələrə sahib qardaş və dost dövlətlərdir. İkitərəfli münasibətlərin inkişaf tendensiyası Cənubi Qafqaz regionunun siyasi və iqtisadi konfiqurasiyasında vacib rola malikdir. Xüsusi olaraq qeyd etməliyəm ki, keçən dövr ərzində rəsmi Bakı müxtəlif sahələrdə Tiflisin iqtisadiyyatına 3,6 milyard dollar investisiya qoyub. Bu, qonşu ölkənin inkişafını stimullaşdıran əsas faktorlar sırasında qərarlaşır.
Bundan əlavə, siyasi liderlərin müntəzəm olaraq görüşlər keçirməsi həm də əlaqələrin daha da dərinləşməsi deməkdir. Bizim birgə həyata keçirdiyimiz layihələr, xüsusilə energetika sahəsindəki əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. TANAP (Trans-Adriatik qaz kəməri), BTC Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis- Qars dəmir yolu xətti regionun geosiyasi və geoiqtisadi mənzərəsinin aydın göstəricisidir.
Bütün görülən işlər dövlət rəhbərimizin siyasi iradəsi və uzaqgörən liderliyinin təcəssümüdür. Çünki həmin infrastruktur və enerji layihələri Azərbaycanın dövlət maraqlarına xidmət etməklə yanaşı, dost gürcü xalqının iqtisadi aktivliyini təmin edir”.
Cavanşir ABBASLI
Musavat.com
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ