İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Məmmədovun şərikləri məsuliyyətdən necə yayınıb - vəkildən açıqlama

Müdafiəçiləri prokurorun 15 il iş istədiyi zavod direktoruna bəraət istəyiblər

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun məhkəməsi vəkillərin çıxışları ilə davam edib. Vəkil Pərviz Məmmədov çıxışında qeyd edib ki, şikayət verənlərin heç bir əmlak və şəxsi mənafelərinə toxunulmayıb, onlar zərərçəkmiş kimi tanınmayıblar. Nə ibtidai istintaq, nə də məhkəmə bir çox məqamlara aydınlıq gətirməyib. Şikayətçilərin eyni gündə birbaşa DTX-ya müraciət etmələri çoxlu suallar doğursa da, vəkillərin vəsatətlərinə baxmayaraq məhkəmə bu şübhəli məqamı araşdırmayıb.

Vəkil çıxışına davam edərək bildirib ki, əsas əməliyyat məlumatlarında Rasim Məmmədovun şərikləri və törədilən cinayətlərin iştirakçıları kimi qeyd edilən Çingiz Həsənov, Yusif Hənifəzadə qeyri-müəyyən şəkildə cinayət məsuliyyətindən yayınıblar. Sonradan işin gedişatında Rasim Məmmədovun əleyhinə qərəzli ifadələr veriblər. Vəkilin çıxışından: “Yusif Hənifəzadə heç bir rəsmi status və vəzifəsi olmadığı, heç bir uçot məlumat bazasına girişi olmadığı halda işin bütün epizodları barədə ifadələr verib. Çingiz Həsənov ilk dövrlər həbs olunsa da, həbs müddəti uzadılmayıb, sonrakı ifadələrində Rasim Məmmədova qarşı qərəzli mövqe tutub. Rasim Məmmədovun özünün şübhəli və təqsirləndirilən şəxs kimi ifadələri alındıqdan sonra istintaqın sonuna kimi bir daha Çingiz Həsənovun ifadəsi alınmayıb”.

Vəkil “Baku Steel Company”nin satın alınması ilə bağlı hissədə bildirib ki, “Politon” MMC və Əli Kərimlinin pul ödəməsi sübuta yetirilməyib. “Poloton” MMC-nin günlərin bir günü qəfildən Əşrəf Kamilovun nəzarətindən İman Quliyevin nəzarətinə keçməsi, şirkətin neçəyə alınıb satılması, bu alqı-satqının real olması məqamları, Rasim Məmmədovun həmin şəxslərlə münasibəti və əlaqələri araşdırılmayıb. Zavodun Rasim Məmmədov tərəfindən alınması və bunun üçün pul vəaitlərinin cəlb edilməsi barədə Çingiz Həsənov, Yusif Hənifəzadə və Mübariz Səmədovun ifadələri də həmin hissələrdə diqqətə alınmayıb. Müdafiə tərəfi bütün bunlara dair çoxsaylı sübutlar təqdim etsə də, məhkəmə debutları qəbul etməyib.

Vəkil daha sonra çıxışında bildirib: “Bu günə kimi müəyyən edilməyib ki, 2011-ci il yanvarın 1-də nə baş verib və Rasim Məmmədova bu ittiham niyə məhz həmin tarixdə verilib. Həmin tarixə nə kassa qalığı, nə bank hesabının qalığı, nə hazır məhsul anbarındakı mal qalığı, nə metal qırıntılarının qalığı müəyyən edilməyib. Bir sözlə, heç bir şey araşdırılmayıb. Nə Rasim Məmmədov, nə də qardaşı, "Baku Steel Company"nin direktoru Süleyman Məmmədov həmin vaxt zavodda vəzifə tutmayıb. Rasim Məmmədov şirkətin Müşahidə Şurasının sədri vəzifəsinə həmin ilin avqustunda seçilib".

Vəkil bildirib ki, məhkəmə metalın qəbulu, istehsal və enerji sərfiyyatı, yerli satış, xarici satış, MMC-nin idarə edilməsi və sair məsələlərlə bağlı heç bir araşdırma aparmayıb: “Hazırlıq iclasında müdafiə tərəfin təqdim etdiyi bütün vəsatətlər baxılmamış saxlanılıb”, - vəkil çıxışında deyib.

İttiham olunan şəxsin vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova müdafiə çıxışı edərkən Rasim Məmmədova bəraət istəyiblər.

Məhkəmə son söz üçün Rasim Məmmədova dekabrın 9-na kimi vaxt verib.

Bir neçə gün əvvəl prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəmişdi.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

O, 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR