Onlayn ictimai-siyasi qəzet
Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə Azərbaycan siyasi səhnəsində sakit, lakin dərin bir dəyişiklik başladı. Onun sistemdən getməsi ilə illərlə “siyasi təzyiq”, “hakimiyyətin sərt xətti” deyə fəryad edən bəzi qüvvələrin səsi birdən-birə kəsildi. AXCP və Müsavat kimi partiyalar birdən-birə aksiyaları, mitinqləri dayandırdılar, küçələr susdu. Amma bu sükut, əslində, yeni mərhələnin başlanğıcı idi - səssiz koordinasiyanın, gizli səfərbərliyin və dövlətə qarşı planlı psixoloji müharibənin başlanğıcı.
Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş, siyasi sistemin ideoloji dayaqlarından biri sayılmışdı.
Bu günə qədər yazılanlardan Mehdiyev klanı ilə bağlı məlumatlar az-çox hər kəs məlumatlıdır. Ancaq hələ görünməyən, diqqət göstərilməyən tərəflər də var.
Mehdiyev nə qədər paradoksal olsa da, müxalifəti də idarə edirdi. Adını müxalifət qoyan və cəmiyyətdə “radikal” ad çıxaran, guya hakimiyyətin heç bir dialoqlarına qoşulmayan, qoşulanları da satqın elan edən partiyalar sən demə elə Ramiz Mehdiyevin komandası altındaymış.
Konkretləşdirsək, AXCP-Müsavat partiyaları öz oyun qaydalarını Mehdiyevin sözü ilə qururmuş. Bu gün vətənə xəyanətdə ittiham olunan Mehdiyevin gedişi ilə bu partiyaların da fəaliyyəti dəyişdi: meydanı tərk etdilər, amma sosial şəbəkə üzərindən fəallaşdılar.
Mitinq və yürüş əvəzinə sosial platformalarda, media əlaqələrində, beynəlxalq təşkilatlarda “reputasiya savaşı” başladıldı. Məqsəd bir idi - Azərbaycan daxilində narazılıq toxumu səpmək, qələbədən sonra belə cəmiyyəti bölmək.
Vətən müharibəsinə qədər illərlə eyni çevrələrdən səslənən bir fikir vardı: “Azərbaycan ordusu Qarabağı azad etməyə qadir deyil”.
Həmin fikrin müəllifləri 2020-ci ilin 44 günlük zəfərindən sonra susmaq əvəzinə yeni bir ritorika tapdılar - bu dəfə “bu, qələbə deyil” dedilər.

Qazanılmış tarixi zəfərə rişxəndlə yanaşmaq, “Rusiya olmasaydı, Azərbaycan qalib gələ bilməzdi” kimi bəyanatlar vermək, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq cəhdləri başladı. Bu, artıq sadəcə siyasi mövqe deyildi; bu, xalqın qüruruna, dövlətin legitimliyinə yönəlmiş ideoloji hücum idi.
O vaxt sosial mediada AXCP və Müsavat təmsilçilərinin bəzi paylaşımları, çıxışları diqqət çəkirdi: “Qarabağ tam azad olunmayıb”, “sülhməramlılar gəldi, indi Qarabağ getdi” kimi mesajlarla ictimai fikirdə şübhə yaratmaq cəhdləri görülürdü. Halbuki həmin sülhməramlıların yerləşdirilməsi o dövrdə müharibənin diplomatik mərhələsində məcburi, müvəqqəti, təhlükəsizliyi qoruyan addım idi. Amma müxalifət bunu “məğlubiyyətin göstəricisi” kimi təqdim etməyə çalışdı.
Məqsəd aydındır: qələbəni etibarsızlaşdırmaq, xalqı öz dövlətinə qarşı şübhəyə salmaq. Onlar tək idi? Maraqlısı budur ki, Ramiz Mehdiyev də qələbəmizə ögey yanaşırdı. Həmin zamanlarda - uşaqdan böyüyə hər kəsin Qələbə sevinci hayqırdığı, yağış, külək, gecə-gündüz, koronavirus demədən bayrağa bürünüb, küçələrə çıxıb, Qələbə yürüşü etdiyi bir vaxtda Mehdiyev susmuşdu. Jurnalistin qələbə ilə bağlı sualına cavab verməmişdi. Sanki düşmənə yas saxlayırdılar...
Ona görə müxalifətdə də ritorikalar təsadüfi deyildi. AXCP-Müsavat tandeminin fəaliyyəti uzun illərdir ki, “rəngli inqilab” ssenarilərinin bir parçası kimi şərh olunur.
Ukraynadan Gürcüstana, Ermənistandan Orta Asiyaya qədər oxşar ssenarilərin arxasında duran mərkəzlər məlumdur - Obama, Bayden, Blinken, Samanta Pauers və NED (National Endowment for Democracy) kimi strukturların maliyyələşdirdiyi layihələr nə alovlar çıxarıb, demokratiya adı altında nə quruluşlar dağıdıb, insan həyatı ilə oynayıblar.
Eyni taktika: dövlətə etimadı sarsıtmaq, daxili qarşıdurma yaratmaq, seçkilər ərəfəsində xaos planları qurmaq. Azərbaycan da bu laboratoriyanın növbəti hədəfi idi. Bu dövlət bir günə qurulmayıb ki, bir günə də dağıla. 44 günə Qarabağı alan, düşmənin 30 ildən çox müddətdə qurduğu sədləri aşan övladların vətənini hansısa qüvvələr bir ssenari ilə dağıda, dövlətini qarışdıra bilməzdi və bilmədi də.
Ramiz Mehdiyevin dövründə guya bu qüvvələrin fəaliyyətinə qarşı “sərt nəzarət” var idi. Yəni biz belə bilirdik.
Amma onun sistemdən çıxarılması ilə həmin “beşinci kolon” bir anda aktivləşdi. Mehdiyev sakitləşdirici rolunu təhvil verdi, xaos yaratmağa, yoxluğunu hiss etdirməyə, arxadan zərbə vurmağa keçdi - xarici donor layihələri, guya “demokratiya təşviqi” adı altında fəaliyyət göstərən QHT-lər, mediada koordinasiyalı informasiya hücumları - bunlar hamısı bir məqsədə xidmət edirdi: Qarabağın azad olunmasına mane olmaq, ya da bu qələbəni dəyərsizləşdirmək.

Əslində, bu xəyanət təkcə siyasi xətlə məhdudlaşmırdı. Burada informasiya müharibəsi, ideoloji təxribat, psixoloji təsir və iqtisadi asılılıq alətləri də vardı. “5-ci kolon”un əsas vəzifəsi ölkənin daxili sabitliyini pozmaq, xalqla dövlət arasında etimadı zədələmək idi. Onlar istəmirdilər ki, Azərbaycan öz milli gücünə inanıb ayaqda dursun.
İndi Mehdiyev ifşa oldu, cəzasını alacaq. Bəs yerdə qalan qüvvələr necə? Mehdiyevin rolunu başqa birisi üstlənib onun “şəyirdlərini” idarə edə bilməz?
Bu reallıq fonunda bir həqiqət ortaya çıxır: bu qüvvələr dövlətin sabitliyi üçün strateji təhdiddir və onlar tam neytrallaşdırılmalıdır. Amma bu “neytrallaşdırma” siyasi repressiya kimi yox, hüquqi və milli təhlükəsizlik çərçivəsində həyata keçirilməlidir. Xaricdən maliyyələşən və ölkə daxilində ideoloji təxribatla məşğul olan strukturların maliyyə axınları tam şəffaflaşdırılmalı, ictimai nəzarət gücləndirilməlidir.
Dövlət bu istiqamətdə mühüm addımlar atıb - QHT-lərin fəaliyyətinin şəffaf monitorinqi, mediada dezinformasiyaya qarşı tədbirlər, siyasi maliyyələşmənin mənbələrinin yoxlanması bu sistemin bir hissəsidir. Bu addımlar cəmiyyətin öz təhlükəsizliyi üçün atılan zəruri tədbirlərdir.
Bu gün artıq bəllidir ki, 44 günlük müharibədə Azərbaycan təkcə işğalçını deyil, həm də daxilindəki “şübhə imperiyasını” məğlub etdi. Ancaq həmin imperiyanın kökləri hələ də qırılmayıb. O qüvvələr susur, gözləyir, fürsət axtarır. Buna görə də dövlətin və cəmiyyətin vəzifəsi birdir: milli birliyi qorumaq, təxribatlara uymamaq və xəyanəti ideoloji, siyasi, iqtisadi müstəvilərdə ifşa etmək.
Ramiz Mehdiyev məsələsi bir şəxsin məsuliyyətindən daha çox şey deməkdir. Bu, illərlə formalaşmış gizli münasibətlər sisteminin, “beşinci kolon”un və xarici təsirin iç siyasətdəki rolunun açıq görünməsidir. AXCP və Müsavat kimi qüvvələrin bu ssenarilərdə oynadığı rollar isə artıq gizli deyil. Onlar mitinqi dayandırıb, “informasiya meydanını” seçiblər.
Azərbaycan üçün bu, yeni mübarizə mərhələsidir - bu dəfə cəbhə xətləri torpaqda deyil, informasiya məkanında çəkilir. Qələbənin, suverenliyin və milli kimliyin qorunması yalnız tanklarla deyil, həm də sözlə, ideya ilə, mövqe ilə mümkündür.
Əli Rais,
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ